Aşıq Ələsgərin heykəli bizim bugünümüzün heykəlidi - Səfər Alışarlı
1-10-2024, 18:25
Bir Xocalı abidəsi vardı, "Ana harayı" deyirdilər ona. Xətai metrosunun qabağında qadın ölü uşağını başının üzərinə qaldırıb qışqırırdı. Ancaq sənət estetikasından uzaq olduğu üçün onun səsini heç kim eşitmirdi. Müəllifinin kimliyini araşdırmasam da, onun həmmüəlliflərinin kimliyini bilirəm. Müasir sənətdən başı çıxmayan adamlardı. İllər sonra ağıllı adamlar tapıldı, o uşağı göydən endirib ananın qucağına qoydular, qaçan qadını da dayandırdılar.
Ələsgərin heykəli bizim bugünümüzün heykəlidi.
Ələsgər öncə şair, sufi, filosof, əhli-hal olan müdrik bir türkdür. Mənim fikrimcə, saz bir musiqi aləti olaraq Ələsgər şəxsiyyətinin 4-cü, 5-ci elementidir. Heç görmüsünüzmü, kimsə desin ki, Ələsgər "Ruhani"ni və ya "Ağır Şərili"ni belə çalardı. Onda söz birincidir.
Hamı deyir:
Çərşənbə günündə, çeşmə başında...
Heykəldə isə saz hər şeydən önə çəkilib. İfadəsiz qol əsərin bütün ekspressiyasını qapayıb. Halbuki, 5-ci yerdə duran saz əsərdə heç tam açıqlığı ilə görünməyə də bilərdi. Saz şair Aşıq Ələsgərin, bugünkü dillə desək, jurnalistikası idi. Onunla o, həm ailəsinin çörəyini qazanırd, həm də insanları maarifləndirirdi. Heykəl dünyanın puçluğunu Güləndama pıçıldayan, insan əzablarının anatomiyasına bələd olan, sözün zəhrini arındırıb şərbətini insanlara verən şair Ələsgərə qoyulmalı idi, saz çalan Ələsgərə yox. Müəlliflərin naturalizmi bundan irəli gəlir.
Safar Alisharli
TEREF