Əhməd bəy Ağaoğlu yaradıcılığında klassik ədəbiyyat problemi

10-10-2024, 09:08           
Əhməd bəy Ağaoğlu yaradıcılığında klassik ədəbiyyat problemi
Atakişiyeva Həcər
Əhməd bəy Ağaoğlu mədəniyyətşünas, sosioloq, ictimaiyyətçi, alim olmaqla yanaşı, həm də güclü tənqidçi, böyük ədib olmuşdur. Ədəbiyyat bir sənət sahəsi kimi Ə.Ağaoğlu yaradıcılığında öz layiqli qiymətini almışdır. Əhməd bəyin ədəbiyyatın nəzəri problemlərinə həsr olunmuş məqalələri, ədəbiyyat tarixinə həsr olunmuş iri həcmli əsərləri onlarladır. Əhməd bəy Ağaoğlu əksər əsərlərində ədəbiyyatın həyata təsirini ön plana çəkir, ədəbi əsərlərə də məhz bu mövqedən yanaşaraq təsirin doğru və tərbiyəli olmasını tələb edirdi. Ədəbiyyatın reallığı əks etdirmə probleminə Əhməd bəy Ağaoğlu Şərq ədəbiyyatını tənqid edərkən dəfələrlə müraciət etmişdir. Lakin Əhməd bəy Qərb ədəbiyyatından danışarkən tənqid mövqeyində olmur, əksinə Qərb ədəbiyyatını müsbət plandan tətbiq edir: “Əgər bütün Paris və Parisin tarixi yer üzündən qalxıb yalnız Viktor Hüqonun “Notre Dame de Paris”i ilə Zolyanın “Vente de Paris” adlı əsərləri qalmış olsaydı, biz yenə Parisin istər orta əsrlər və istər daha sonra gələn zamanlardakı həyatı haqqında tam bir fikir əldə edə bilərdik. Küçələrindən, memarisindən, geyiniş tərzindən, evlərin döşənməsindən başlayaraq kilsələrindəki ayinlərinə, kənd satıcılarına qədər xəyalımızda canlandıra bilərdik. Bu xüsusda rus və ingilis ədəbiyyatı o qədər irəli gəlmişdir ki, Rusiyada və İngiltərədə təsvir edilməmiş, canlandırılmamış tək bir çay, tək bir orman, tək bir step, tək bir insan və yaşayış tərzi buraxılmamışdır” [3,14]. Əhməd bəy Ağaoğlunun ədəbiyyat qavrayışında daha qabarıq cəhət onun şəxsiyyətinə və həyatına uyğun olaraq, ədəbiyyatda ictimailik problemidir. Əhməd bəy Tolstoyu misal gətirərək bildirir ki, əsl ədəbiyyat yüksək düşüncə və duyğuları ilə xalqın rəğbət və sevgisini qazanmağı bacarmalıdır. Əhməd bəyin sırf Azərbaycan ədəbiyyatına həsr olunmuş irihəcmli əsəri yoxdur. Müəllif bəzi məqalələrində bu mövzuya toxunmuşdur. Ədib klassik ədəbiyyatımızı təhlil edərkən belə qənaətə gəlir ki, ədəbiyyatımızın şəkli xüsusiyyətləri əsasən ərəb və farslardan götürülmüşdür. Qətran Təbrizidən XIX əsrin ortalarına qədər ədəbiyyatımızın qida mənbəyi əsasən islam kontekstində Şərq fikri, Şərq cərəyanları olmuşdur. Azərbaycan ədəbiyyatı öz korifeylərini məhz bu qida əsasında - məsələn təsəvvüf fəlsəfəsi əsasında formalaşdırmışdır. Şərq klassik ədəbiyyatına qida verən mənbələr tükənmişdi, artıq deyiləsi sözlər deyilmişdi və Füzulidən bu yana təkrarçılıq başlamışdı. Əhməd bəyin fikrincə, ədəbiyyatda tarixi şəxsiyyətlərin əsərlərinin formalaşması hələ tam formalaşmış ədəbiyyatın olması demək deyildi. Bu baxımdan Xaqani, Nizami, Xətai, Füzuli belə ədəbiyyatın nümayəndələridir. “Nizaminin “Leyli və Məcnun”u ilə Füzulinin “Leyli və Məcnun”u arasında nə fərq vardır?” [3,108] Əhməd bəy Ağaoğlu klassik ədəbiyyatı mövzu təkrarçılığında ittiham edirdi. O, bu dühalarla yanaşı Dəhləvi, Rumi, Yunis Əmrə, Sədi Şirazi, Nəvai, Hafiz və başqalarını da eyni halqanın zəncirləri hesab edirdi. Əhməd bəy onları ümumşərq poeziyasının çərçivəsindən çıxmamaqda günahlandırırdı. Əhməd bəy Ağaoğlunun Şərq ədəbiyyatına, tarixinə münasibəti birmənalı olaraq mənfidir. Əski ədəbiyyatımızda həyat yoxdur. Əhməd bəy Ağaoğlu yaşadığı dövrdə təhsilin bütövlükdə klassik ədəbiyyat üzərində qurulmasına qarşı çıxmaqda tamamilə haqlı idi. Lakin o, klassik ədəbiyyatın bütövlükdə lazımsız olduğunu deməklə məsələyə tamamilə subyektiv yanaşırdı. Məsələn o, Nizami Gəncəvini nəzərdə tutaraq “Gərçi ən əski fars ədiblərindən birinin “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “İsgəndərnamə” kimi bəzi əsərləri varsa da, bunların adlarının və məzmunlarının həyatdan çox uzaq olduqlarını qeyd edirdi” [3,108]. Ə.Ağaoğlu klassik ədibləri yaltaqlıq etməkdə və aşırı mədhiyyəçilikdə günahlandırırdı. Klassik ədəbiyyatda qəsidə, həcv, qəzəl şəkillərinin aparıcı olmasını tənqid edirdi. Ə.Ağaoğlunun ifrat Avropa meyilliliyi, bəzi hallarda onun klassik ədəbiyyatımızı sərt tənqid etməsinə səbəb olurdu. O, klassik ədəbiyyat nümayəndələri olan Şeyx Sədilərin, Molla Camilərin XX əsr ədəbiyyatına belə hakim olmaları ilə barışa bilmirdi. Ona görə də, onları kəskin tənqid etməkdən çəkinmirdi. Klassik ədəbiyyatın hakim mövqeyini irəliləyişin olmamasının başlıca səbəbi görürdü. Ə.Ağaoğlu Ezop, Lafonten və Krılovu misal göstərərək Şərq ədəbiyyatını təkrarçılığa yönəlik əsərlər yazmaqda günahlandırırdı. O, klassik Şərq ədəbiyyatının məhz Robespyer, Monteskyö, Russo kimi insanlar yetişdirə bilmədiyinə görə geri qaldığını söyləyirdi. Məktəblərin belə yeniliklərə açıq olmamasını, klassik ədəbiyyat nümunələri olan Hafizin, Sədinin, Füzulinin qəzəllərinin məcbur şəkildə əzbərlədilməsinin böyük bir geri qalmanın səbəbi olduğunu dönə-dönə qeyd edirdi. Ə.Ağaoğlunun elmi və publisistik əsərlərində Prudonun fikirlərini təsdiq etdiyini və onun davamçısı olduğunu görürük. Platon və Furyenin cəmiyyətlə fərd arasındakı əlaqə fikirlərinə rəğbət bəsləmişdi. Əhməd bəy öz “Üç mədəniyyət” əsərində yazır ki, “Mənə ilk əvvəl Qafqazı sevdirən, Qafqazın gözəlliklərini anladan Lermontovla Puşkinin təsvirləri olmuşdur” [3,111]. Ədəbiyyatın cəmiyyətin həyatına təsirini Əhməd bəyin yaradıcılığında açıq şəkildə görürük. Təsadüfi deyil ki, Ə.Ağaoğlunun nümunə göstərdiyi ədiblər tarixdə həm də cərəyan yaratmış, ictimai fikrə güclü təsir göstərmiş Volter, Russo, Monteskyo, Puşkin, Tolstoy kimi dühalar idilər. Tolstoyun çar, əyanlar, dini idarə tərəfindən təzyiqlərə məruz qalmasına rəğmən öz fikirlərindəki və fəaliyyətindəki güzəştsizliyini təqdir edərək yazırdı: “Hökmdarlar bircə şeydə səhv etmişdilər. Hər şey zor gücünə dəyişə bilsə də, xəyala və hissiyata güc gəlmək olmur” [6,50]. Gözümüzün önündən keçən əmsalsız rus fırtınasının qasırğalarını, heç şübhə yox ki, Tolstoylar, Qorkilər hazırlamışdılar. İslam klassik ədəbiyyatında buna bənzər bir şey aramaq boşunadır” [3,108]. Əhməd bəy klassik ədəbiyyat problemlərini məhz dühaların yaradıcılığında dəyərləndirmişdi. Lakin maraqlı olan faktlardan biri də odur ki, Əhməd bəy ədəbiyyatın problemlərinə dair çoxlu sayda məqalələr yazmasına baxmayaraq, bir dəfə də olsun rus ədəbiyyatının dahisi olan Dostoyevskinin yaradıcılığına nə mənfi, nə də ki, müsbət cəhətdən toxunmamışdı. Dostoyevskinin əsərlərinə dair Əhməd bəyin heç bir yerdə fikirlərinə rast gəlmirik. Lakin buna baxmayaraq, onun Puşkinin, Lermontovun, Qoqolun, Qorkinin, Andreyevin, Çexovun əsərlərini oxuyub öz tənqidi məqalələrində qiymətləndirdiyini görürük. Əhməd bəy Ağaoğlu əksər fikirlərində qərbliləri Şərqdən üstün tutsa da, hekayələrindən birində Qərb filosofu Nitsşe ilə Şərqin əxlaqçı filosofu Konfutsini qarşılaşdırıb, onların dialoqu ilə öz fikirlərini verə bilmişdir. Əhməd bəy burada əxlaqi dəyərləri üstün tutub, Nitsşenin “güclü haqlıdır” prinsipini tənqid edib. Əhməd bəy Nitsşeni mənfi qəhrəman kimi seçmişdir, sonralar Nitsşenin ideyalarını özünə rəhbər seçən Adolf Hitler yalnız fiziki cəhətdən sağlam insan xeyir verə bilər prinsipinə əsaslanaraq, milyonlarla insanın ölümünə bais olması Əhməd bəyin nə qədər haqlı olmasının sübutu idi. Ə.Ağaoğlunun elmi və publisistik əsərləri onun klassik ədəbiyyat problemləri ilə bağlı fikirlərini tamamilə əks etdirə bilmişdir.
ƏDƏBİYYAT:
1. Ağaoğlu Ə. “Rus ədəbiyyatının ümumi səciyyələri”. Kamal Talıbzadə. “Azərbaycan” jurnalı, 1989,№1
2. Ağaoğlu Ə. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2007, 392 səh.
3. Ağaoğlu Ə. Üç mədəniyyət. Bakı:Mütərcim, 2006, 154 səh.
4. Belinski V.Q. “Məqalələr”. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1961.168 səh.
5. Hacıyeva L. “Əhməd bəy Ağaoğlunun publisistikası”. Bakı, BDU, 2006.
6. Hüseynova Ü. Əhməd bəy Ağaoğlunun ədəbi-tənqidi görüşləri. Bakı: Nurlan, 2006, 156 səh.
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.