PUL OTURDU...
Bu gün, 08:04
Pul oturdu... Amma məmnunluq gətirmədi bizə, həyatını ölkənin, dövlətin, xalqın ağır günündə minnətsiz, pulsuz-parasız Vətənə bəxş etmiş insanlara. Hörmətli, əziz, Azərbaycanın ən dəyərli insanları, durduğunuz Zirvəni bəhrəsiz səhralara əydirməyin.
Şərəf, ləyaqət statusunuz çox adamda qibtə, utanc əsməsi yaradır. Bu cılız əməllərindən ilham alanların yeğanə sevinci, kamı bizi pulla, maddiyatla əyməkdir. Nə hərbiçi təqaüdü, nə 80 manat dəyərində qan pulu, nə qeyri miqdarda pul
sizin dəyərinizə, qeyrətinizə əvəz ola bilməz. Səngərlərdə, güllə, mərmi yağışına qarşı sıçrayışda pul, medal, rütbəmi keçirdi ağlımızdan?
Məhz iki amal - Vətəni qorumaq və ailəmizin, uşağımızın başana qayıtmaq, ən böyük əsgəri və insani istək və arzularımız idi. Bizimlə bir cərgədə olanlardan itirdiklərimiz çoxdur. Bizim bu gün istədiklərimiz onlara nəsib olmadı. Ən kədərlisi - ailə, uşaq başına qayıda bilmədilər. Nə ayın 15, nə 20, nə 32-si haqqımızı yalvarışla, tələblə, hiddətlə istəyib quduzlaşdırmayaq şərəfdən, ləyaqətdən bixəbərləri. Çünki, biz elə həmin Əsgərik. Vətənə bəxş etdiyimiz Şərəfdən pay götürə bilməyənləri, haqqımızdan kəsdikləri pulla sevindirməyək. Qoy sevincləri bizdən oğurladıqları olsun. Talelərinə belə çörək yazılıb.
... Sübh tezdən küçəyə çıxdım. Kənd hələ oyanmamışdı. Ət dükanının qarşısında bir nəfər qəssabla söhbət edirdi. Bir parça kağaz verib getdi.
- Siz onu tanıyarsız - o da müharibədə olub, - işarə etdi gedənə qəssab.
- Ət üçün gəlmişdi, amma niyə almadı?
- O neçə aydır ət almır. Qəribə adamdır. Hər ayın axırı 80 manat pul verir mənə və siyahı.
- Niyə? - təəcübləndim.
- Müəllim, öz aramızda qalsın. Tapşırıb ki, heç kimə demə. Ay ərzində ət almayanları soruşur. Kasıb yaşlı adamlar indi ət almırlar. Verdiyi pulla hər ay 12 adama yarım kilo ət göndərirəm...
80 manat qan pulumuz. Bəlkə, bizdə onu nəzir edək haqqımıza girən dilənçilərə... Hərəsinə yarım kilo... qeyrət.
Zahid Teymurov
TEREF