"Qızılbaşların Elit Döyüşçüləri: Varsaqlar

Bu gün, 11:04           
"Qızılbaşların Elit Döyüşçüləri: Varsaqlar
- Tarsusdan Qızılbaş dövlətinə köç
VARSAQ – qızılbaş tayfalarından biri. Anadolunun Tarsus bölgəsindəki türkman oymaqlarından olan Varsaq tayfası hələ Şeyx Cüneyd zamanında qızılbaşlıqla tanış olmuş və tayfanın xeyli üzvü şiəliyi qəbul etmişdi.
Varsaq tayfası Səfəvilər dövlətinin quruluş mərhələsindən etibarən hadisələrdə fəal iştirak etmişdir.
I Şah İsmayıl 1500-cü ildə qızılbaş oymaqları arasından özünə tərəfdar toplamaq üçün Anadoluya səfər etdiyi zaman ona qoşulanlar arasında Varsaq tayfasının nümayəndələri də var idi. Sultan Səlim Yavuz 1514-cü ildə Səfəvi torpaqlarını tərk edib qayıdan zaman sərhəd zolağında yerləşən və Anadolunun kilidi sayılan Kəmax qalasını çətinliklə də olsa tuta bildi.
Qalanı Varsaq tayfasından olan hakim Yusif bəyin qardaşı Məhəmməd bəy tabeliyindəki 300 nəfərlik qarnizonla qoruyurdu. Bütün qarnizon həlak olduqdan sonra qala osmanlıların əlinə keçdi. Varsaqların şücaəti ilə bağlı mübaliğəyə bənzər bir rəvayət də bəzi qızılbaş mənbələrinə yol tapmışdır. Guya Kəmax qalasının mühasirəsi zamanı Varsaq tayfasının kəşfiyyatçıları Sultan Səlimin çadırına girib onun şəxsi silahlarını götürmüş və I Şah İsmayıla göndərmişdilər. Şah da sultana məktub yazıb qətl və qarətdən əl götürməyi və öz ölkəsinə qayıtmağı məsləhət görmüşdü.
Varsaqlar hələ I Şah İsmayıl zamanında elit hərbi birləşmələr olan qorçu birliklərində xidmət edirdilər. I Şah Təhmasibin hakimiyyət dövründə Tarsus və Adana bölgələrindən xeyli Varsaq ailəsi Səfəvilər dövlətinin ərazisinə köçmüşdü.
Həmin dövrə aid mənbələrdə Varsaq tayfasından Qasim xəlifə, Mustafa bəy və onun Xorasanda mülk sahibi olan oğlu Şüca bəy, Qara Üveys, Həsən xəlifə, Musa bəy kimi şəxslərin adına rast gəlirik. Qasim xəlifə 1526-cı ildə Rumlu–Təkəlü ittifaqı ilə Ustaclu tayfası arasındakı döyüşün qarşısını almaq üçün tərəflər arasında barışıq yaratmağa çalışmış, amma səyləri nəticə verməmişdi.
Varsaq tayfası bütün türk oymaqları kimi, hətta onların hamısından daha artıq dərəcədə şeirə və musiqiyə bağlı idi. Qızılbaş tayfalarının dilində “varsaq” sözü el aşığı və ozan mənasında işlənirdi. Varsaqların ifa etdikləri şeir və havacata isə varsağı deyirdilər. Varsağı qısa müddət ərzində bütün qızılbaş tayfaları arasında geniş yayılmış və xalq aşıqlarının ən çox müraciət etdikləri şeir biçiminə çevrilmişdi.
İstinad: "Qızılbaş Ensiklopediyası"
Milli Kimlik
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.