102 il davam edən və insan itkisi qeydə alınmayan müharibə

Bu gün, 15:14           
102 il davam edən və insan itkisi qeydə alınmayan müharibə
Tarixdə onilliklər, bəzən isə yüzillər boyu davam edən müharibələr, hərbi konfliktlər mövcuddur. Bu münaqişələrin bəziləri, formal, kağız üzərində olur, tərəflər real döyüş meydanında bir dəfə olsun üz-üzə gəlmirlər.

TEREF lent.az-a istinadən tarixin ən uzun sürən və heç bir insan tələfatı ilə nəticələnməyən nadir müharibələrindən biri – 102 il sürən Monteneqro-Yaponiya münaqişəsi barədə yazını təqdim edir.

XX əsrin əvvəllərində Monteneqro indi olduğu kimi müstəqil dövlət idi. O zamanlar Monteneqro Knyazlığı qonşu Serbiya ilə Balkanlarda Rusiyanın əsas müttəfiqi adlandırılmaq hüququ uğrunda mübarizə aparırdı. Ölkə Rusiya İmperatoru II Nikolayın 1904-cü ildə Yaponiyaya müharibə elan etmək qərarını fəal şəkildə dəstəklədi . Üstəlik, Monteneqro cəmiyyətinin əhəmiyyətli hissəsinin fikrincə, müharibə Yaponiya ilə Rusiya arasında deyil, Yaponiya ilə Rusiya-Monteneqro hərbi bloku arasında başlamışdı. Hətta bir neçə monteneqrolu könüllü Uzaq Şərqə müharibəyə getmiş, Rusiya tərəfində cəsarətlə vuruşmuşdular.

Monteneqrolular rusların həmin müharibədə məğlubiyyətini açıq məyusluqla qəbul etdilər. Rusiya və Yaponiya münaqişəni sonlandıran sülh müqaviləsini imzalasalar da, Monteneqro ilə sülh sazişinin imzalanması unuduldu. Ardınca Monteneqronun siyasi gündəmini digər qayğılar aldı. Serbiya ilə münasibətlərdə növbəti böhran yaşandı, Bosniya və Herseqovinanın Avstriya-Macarıstan tərəfindən ilhaqı, 1912-1913-cü illərdə iki Balkan müharibəsi və sonra Birinci Dünya Müharibəsi Monteneqronu müstəqil dövlət kimi fəaliyyətini sonlandırdı və Yuqoslaviya dövlətinin tərkibinə daxil etdi. Yeni ölkənin diplomatları da uzaq Yaponiya ilə sülh bağlaya bilmədilər. Sonra İkinci Dünya Müharibəsi, kommunist Yuqoslaviyasının yaradılması və onun süqutu baş verdi. Bir sözlə, 2006-cı il iyunun 3-də Monteneqro müstəqillik elan edənə qədər iki ölkə formal olaraq müharibə vəziyyətində idi.

Yeni Monteneqro hakimiyyəti özünü Monteneqro Knyazlığının varisi olduğunu bəyan etdi və məlum oldu ki, 1904-cü ildə Yaponiyaya qarşı elan edilmiş müharibə bu günə qədər davam edir. Ona görə də yeni hökumətinin gördüyü ilk iş Yaponiya ilə sülh müqaviləsi bağlamaq oldu. Beləliklə, bütün XX əsr və hətta bir az daha uzun sürən müharibə beləcə başa çatdı.

Qeyd etmək lazımdır ki, Balkanlar üçün hər kəsin unutduğu belə müharibələr qeyri-adi deyil. İkinci Dünya Müharibəsinin əvvəlində Albaniyanın işğalından sonra onun marionet hökuməti İtaliyanın təzyiqi ilə Yunanıstana müharibə elan etdi. Döyüşlər başlamamış Yunanıstan İtaliya və Almaniya tərəfindən işğal olundu. Və hamının unutduğu müharibə vəziyyəti yalnız 90-cı illərdə, Albaniyada kommunist rejiminin süqutundan sonra rəsmi qaydada sülh imzalanmaqla dayandırıldı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.