İSLAM TARİXİNƏ DAİR YANLIŞ BİLGİLƏR - 9 HZ.İBRAHİM ARVADI HƏCƏRLƏ OĞLU İSMAYILI HANSI BÖLGƏYƏ APARIB?
Bu gün, 16:54

Ululəzim peyğəmbər birinci xanımı qısqanclıq böhranı keçirir deyə ikinci xanımını öz körpəsi ilə gətirib uzaq kimsəsiz bir çöldə təkbaşına buraxarmı? Bir Tanrı elçisi yaranmış münaqişədə suçlunu və səbəbkarı qoyub suçu olmayanı ağır sınaqla cəzalandırarmı? Adi insani düşüncə və məntiq əlbəttə ki yox deyir. Ancaq ərəb tarixçilərinin ehtimallarına və məzhəb üləmasının təlqinlərinə sadəlövhlüklə inansaq, edə bilər.
Ənənəvi İslam tarixşünaslığında belə qəbul olunub ki, Hz.İbrahim peyğəmbər ilk arvadı Sara ilə ikinci xanımı Həcər arasında münasibətlərin pisləşdiyini və Həcərin daha çox əziyyət çəkdiyini gördükdən sonra onunla azyaşlı oğlu İsmaili götürərək indiki Məkkə vadisinə gəlmiş, orada onları qoyaraq geri dönmüşdür. Muhamməd peyğəmbərdən təxminən 150 il sonra Abbasilərin diktəsi ilə yazılmağa başlayan İslam tarixi üzrə mənbələr də bu hadisəni aşağı-yuxarı bu cür təsvir edir. Lakin bu hadisə ilə bağlı yetərincə məlumatın olmaması öz-özlüyündə çoxlu sayda cavabsız sualların ortaya çıxmasına səbəb olur. İslamın tarixinə dair bir çox hadisə kimi, bu hadisə də təhrif olunaraq insan məntiqinə və ağlına sığmayacaq bir şəkildə mənbələrdə yer almış və müsəlman dünyasına “həzm etdirilmişdir”.
Bu hadisənin nəql olunan və yazıya alınan şəkildə baş verib-vermədiyinə aydınlıq gətirmək üçün ilk öncə Hz.İbrahimin öz xanımları ilə hansı bölgədə yaşadığını müəyyən etmək lazım gəlir. Yəhudi və xristian dini mətnlərində Hz.İbrahimin həmin dövrdə Fələstindəki Xalil (Hebron) adlı qəsəbənin yaxınlığında yaşadığını qeyd edir. Tövratın (Əhdi-Ətiq) Yaradılış (Təkvin) kitabı, 13:18-ci ayəsində Hz.İbrahimin Mamre düzənliyində (Hebron yaxınlığında) məskən saldığı və orada məbəd inşa etdiyi bildirilir. 23:2, 19-cu ayələrdə isə qeyd olunur ki, Hz. İbrahimin xanımı Sara Hebronda vəfat edib və İbrahim onu Mahpela mağarasında dəfn edib, sonra vəfat edərkən özü də orada dəfn olunub. Bu mağara bu gün də İbrahim Peyğəmbərin türbəsi kimi tanınır. Yəhudilərin Talmud adlı kitabında isə Hz.İbrahimin uzun müddət Hebronda yaşadığı, orada qoyunçuluq və təsərrüfatla məşğul olduğu qeyd olunur. Qurani-Kərimdə isə əl-Ənam surəsi, 71-ci ayədə “Biz onu və Lutu içində bərəkət verdiyimiz torpağa (Fələstinə) yolladıq” yazılır və Quran təfsirçiləri həmin torpağın Fələstin olduğunu bildirir (bunu Lut qövmünün də həmin torpaqlarda yaşaması barədə İslam tarixi üzrə qaynaqlar təsdiqləyir). Erkən İslam tarixçiləri Təbəri, İbn Kəsir və İbn Hişam Hz. İbrahimin əvvəlcə Fələstində yaşadığını, sonra Həcəri və İsmaili Məkkəyə apardığını bildirirlər. Beləliklə, Hz.İbrahimin arvadı Həcərlə azyaşlı İsmaili götürüb yola çıxmasından əvvəl onun Fələstində yerləşən Hebron adlı yaşayış məskənində məskunlaşdığını təxmin etmək olar. Bu gün də Hebron adlı şəhər eyni coğrafiyada mövcudluğunu qorumaqdadır.
MƏSAFƏ PROBLEMİ
Məsələnin sual doğuran məqamlarından biri, daha doğrusu, ən mühümü bundan ibarətdir ki, qədim dövrün yolları ilə Hebrondan indiki Məkkə şəhərində yerləşən Kəbə evinin həndəvərinə 1400-1500 km məsafə vardır. Rasional düşüncə ilə düşünərək razılaşaq ki, Hz.İbrahimin yaşadığı eradan əvvəl XXI əsrdə, uzaq məsafəyə səyahət üçün əlverişli şəraitin olmadığı bir dönəmdə bu qədər uzun bir məsafəni isti iqlim şərtləri daxilində xanımı və azyaşlı uşağı ilə qət etmək mümkünsüz görünür. Nəzərə almaq lazımdır ki, bir qayda olaraq zəruri məişət əşyaları və evə aid yük yüklənən dəvə və ya uzunqulaqla edilən bu cür səfərləri həyata keçirmək həftələrlə, bəzənsə aylarla vaxt aparırdı. Belə ki, yüklü bir dəvə gün boyunca maksimum 30-40 kilometr, uzunqulaq isə 30 kilometr məsafə qət edə bilir. Üstəlik, yol yorğunu olmamaq, gündə iki-üç dəfə qidalanmaq, yuyunmaq, təharət, istirahət və s. üçün insana sutka ərzində azı 10-12 saat vaxt lazım gəlirdi. Bu minvalla Hz.İbrahimin xanımı və oğlu ilə 1400-1500 kilometrlik bir məsafəni qət etməsinə bir neçə ay vaxt lazım idi.
Hadisəni təsvir edən qaynaqların məlumatlarında vurğulanır ki, Həcərlə azyaşlı oğlu İsmaili Məkkə bölgəsinə gətirdikdən sonra Hz.İbrahim onların aclıq sıxıntısı çəkməmələri üçün müəyyən qədər ərzaq, qida və su qoyaraq geri dönmüşdür. Deməli, bu uzun yolçuluqda üç insanın yol boyu ərzaq və qidalanma ehtiyaclarını, buna ayırmalı olduqları vaxtı təxmini hesablamaqla yanaşı, eyni zamanda, Həcərlə övladının kimsəsiz bir bölgədə qidalanması üçün Hz.İbrahimin onlara qoyduğu ərzaqı və su ehtiyatını, həmçinin, eyni məsafəni təkrar geri dönə bilmək üçün özü ilə yola götürdüyü ərzaq və yeyəcəkləri də nəzərə almaq lazımdır. Bu qədər qida və su ehtiyatını Hz.İbrahimin 1500 kilometr məsafədə necə daşıyıb gətirdiyi və özü ilə geri apardığı da qaneedici cavab tələb edən digər suallardan biridir.
MƏNƏVİ-PSİXOLOJİ ASPEKT
Eləcə də, bu hadisənin mənəvi-vicdani tərəfi ilə bağlı fərqli baxış bucağı mövcuddur, belə ki, İbrahim kimi ululəzim (məqamca böyük və seçilmiş) peyğəmbərin Sara və Həcər arasında yaranan mübahisəli durumda Həcərlə azyaşlı övladını heç bir günahları olmadıqları halda aparıb heç bir yaşam nişanələri olmayan uzaq kimsəsiz vadidə tək və yalqız buraxmaqla nə dərəcədə ədalətli qərar qəbul edib-etməməsi sual doğurur. Tənha qoyulanlar məzlum və müdafiəsiz gənc bir xanım və onun azyaşlı körpəsi. Onların yalqız buraxıldığı yer Hz.İbrahimin yaşadığı yerdən yüzlərlə kilometr aralıda yerləşən kimsəsiz və hər cür heyvanın ola biləcəyi susuz bir vadi. İnsani baxımdan nəinki bir peyğəmbər, hətta adi bir insan belə öz ailəsini – gənc xanımını və onun azyaşlı körpəsini belə bir sınaqla başbaşa buraxmaz. Bunun üçün hədsiz ciddi səbəb olmalıdır. Bu hadisənin səbəbi isə paradoksal da olsa, məhz Saranın qısqanclığıdır. Gətirildikləri yerdə sağ qalacaqları halda, bu gənc ana övladı böyüyüncə ona atasının kimliyi və atdığı addımla bağlı nə deyəcəkdi? Qadının oğluna “sənin atan peyğəmbərdir və səninlə məni neçə illər öncə suçumuz olmadığı halda uzun bir yolçuluqla, əziyyətlə gətirib düzənliyin ortasında tək-tənha və köməksiz halda qoyaraq tərk edib” deyəcəyi hər halda inandırıcı deyil. Əgər Həcərin bu məsələdə ciddi bir suçu-günahı olsaydı, ona bu qədər ağır bir cəza yaxud sınaq təyin etmək yerinə sadəcə boşanmaq və ayrılmaq daha məntiqli olmazdımı? Məntiqi düşüncə bunu söyləməyə əsas verir ki, insanlara haqq yolunu, ədalət duyğusunu təbliğ edən bir Tanrı elçisi sadəcə birinci xanımının hikkəsi aradan qalxsın və ürəyi yerinə gəlsin deyə digər xanımını körpəsi ilə yaşadığı yerdən didərgin edib yüzlərlə kilometr aralıda bir səhraya buraxmaz. Ehtimal etsək ki, hansısa deyilməyən ciddi bir səbəbdən bu addımı atıb, o zaman xanımı ilə uşağını ilk arvadından aralıda başqa bir məkanda yerləşdirə bilər, lakin bu elə bir məkan olmalı idi ki, əlçatan olsun və peyğəmbər vaxtaşırı onları ziyarət edib problemlərini həll edə bilsin. Bir halda ki, İslam qaynaqları sonrakı dövrlərdə Hz.İbrahimin gələrək həmin oğlu Hz.İsmaillə birlikdə Kəbə evini tikməsindən danışır, deməli, Həcərlə övladı qeyd olunduğu kimi ucqar bir səhrada, kimsəsiz yerdə taleyin ümidinə buraxılmamışdır və Hz.İbrahim həqiqətən də vaxtaşırı onların yanına gəlib-getmişdir. Bu baxımdan onun hər dəfə qət etdiyi məsafə Hebron-Məkkə məsafəsi qədər (1400-1500 km) ola bilməzdi.
MƏKKƏ COĞRAFİYASI
Bu yerdə indiki Məkkənin yerləşmə coğrafiyasını da qısaca xatırladaq. Ərəbistan yarımadası vulkanik torpaqla örtülü olduğu üçün ərazilərinin böyük hissəsi quraq olmuşdur. Bu səbəbdən də rütubətlənmənin daha çox olduğu təkəmseyrək vahələrdən və ya su mənbələrindən uzaq ərazilərdə kənd təsərrüfatının vəziyyəti oturaq həyat tərzi üçün demək olar ki, yararsızdır. Erkən dövr ərəb qəbilələrinin bədəvi köçəri olma səbəblərinin də başında məhz su qaynaqlarının axtarışı gəlirdi. İndiki Məkkə də daşlıq və əkinə demək olar ki yararsız bir bölgə olmaqla həmin dövrdə əsla arvad-uşağını gətirib yerləşdirmək istəyən bir peyğəmbərin seçə biləcəyi yer deyildi. Xatırladaq ki, ənənəvi yanaşmalara inansaq, Həcərlə övladı tərk edildikdən sonra Zəmzəm bulağı yaranmışdır. Bu məntiqlə, Həcərlə övladı oraya gələnə kimi ərazidə heç bir su qaynağı olmamışdır. Belə bir əraziyə isə nəinki peyğəmbər, heç ağlı üstündə olan adi bir insan belə öz həyat yoldaşını və övladını gətirib yerləşdirməz. İslam tarixçiləri ehtimal edir ki, Zəmzəm quyusu açıldıqdan və Həcərlə övladı susuzluqdan qurtulub həmin məkanda yaşamağa davam etdikdən sonra onların yaşadığı yerə bədəvi Cürhumi tayfası köçüb məskunlaşmışdır, hətta Hz.İsmail ərəbcəni iki yaş yarımlığında ikən məhz onlardan öyrənmişdir. Cürhumilərin Yəmən mənşəli olmaqla cənubi Ərəbistanın qədim tayfalarından biri olduğu güman edilir. İndiki Məkkə vadisindənsə Cürhumilərin vaxtilə yaşadığı Yəmən bölgəsinə təxminən 850-900 kilometr məsafə var. Və Zəmzəm quyusunun peyda olduğunu hardansa eşidərək həmin tayfanın bu qədər məsafəni qət edib quyunun ətrafında köç salması yumşaq desək, inandırıcı deyil və nağıla bənzəyir. Qısası, indiki Məkkənin yerləşmə coğrafiyası bu səfərin həmin bölgəyə edilməsi ehtimalını şübhə ilə qarşılamağa əsas verir. Ayrıca, Zəmzəm körpə İsmayılın ayağını yerə sürtərək gözünü açdığı bir BULAQDIR yoxsa QUYU? Əgər torpağın səthinə çıxan bir bulaqdan söhbət gedirsə, və bol sulu olduğuna görə Cürhumilər gəlib bu bulağın ətrafında məskən salmışdılarsa, bu gün Zəmzəm adı ilə mövcud olan, diametri 1,08-2,66 metr, dərinliyi isə 30 metr olan quyuya nə ehtiyac vardı və bu quyunu texnikanın olmadığı bir qədim dövrdə o qədər dərinlikdə kim qazıb? Göründüyü kimi, cavabsız suallar yetərincə çoxdur.
Göründüyü kimi, İslam tarixi üzrə qaynaqların bu səfərlə bağlı məlumatları hadisənin mühüm detallarını açıqlamaması və natamam olması səbəbindən akademik tarix elmində ciddiyə alınmır. Məzhəblərin ənənəvi yanaşmalarında ortaya çıxan bu kimi sualların cavabını bir qayda olaraq Allahla əlaqələndirməklə onun möcüzəsi kimi yozmaq, eləcə də, İslam tarixinin demək olar ki, bütün hadisələrini Ərəbistan coğrafiyası və indiki Məkkə ilə əlaqələndirmək tendensiyası vardır, bu da həm hadisənin baş verməsinə haqlı şübhələr oyadır, həm də obyektiv araşdırmadan yayınma kimi görülərək tarixçilər tərəfindən qaneedici cavab hesab edilmir. Bu gün hər bir sualın cavabının ortaya qoyulması tələb olunan hüdudsuz informasiya mübadiləsi dövründəyik və kimsəni obyektiv araşdırma aparmaq istədiyinə görə “kafirlikdə”, “dinə şəkk etməkdə” və s. ittiham etmək olmaz. Məsələ həm də son peyğəmbər Hz.Muhammədin bioloji əcdadı və Quranda gerçək İslamın ilk təbliğçisi (Nəhl surəsi, 123-cü ayə) olan Hz.İbrahimin İkiçayarası (indiki İraq) bölgəsini tərk etdikdən sonrakı fəaliyyəti, yaşamı və mübarizəsi ilə birbaşa əlaqəlidir. Bəşəri bir din olan İslamın tarixini etnik ərəb tarixinə çevirməklə təqdim etmək onu təhrif etmək deməkdir.
Qeyd olunanlardan sual yaranır ki, elə isə qədim dövrə aid dini mətnlərdə və İslami qaynaqlarda təsvir olunan bu hadisə ümumiyyətlə olubmu? Olubsa, hansı istiqamətdə və hansı şərtlərdə baş verib? İslam tarixi üzrə qaynaqlardan bəlli olur ki, Hz.İbrahimin Həcərlə övladını bir vadidə qoyaraq geri dönməsi hadisəsi tarixdə BAŞ VERMİŞDİR. İbn Kəsir (Qisəs əl-Ənbiya), Təbəri (Tərix ər-Rüsul və-l-Müluk), İbn İshaq (Sirətü-Rəsulallah), Əl-Məsudi (Müruc-üz-Zəhəb), Qurtubi (Əl-Cami li-Əhkam əl-Quran), Əbu İshaq əs-Səalibi (Ərəis əl-Məcalis fi Qisəs əl-Ənbiya), Fəxrəddin Razi (Məfatih əl-Qeyb) və digərləri bu hadisəni qeyd etmişlər. Lakin bu hadisə nəql edildiyi kimi olmayıb. Yəni Hz.İbrahim Həcərlə körpəsini indiki Məkkə vadisinə gətirərək burada tək qoyub geri qayıtmayıb. Daha güclü ehtimal bundan ibarətdir ki, Həcərlə oğlu İsmailin yerləşdirildiyi məkan Hz.İbrahimlə xanımı Saranın və oğlu İshaqın yaşadığı Hebrondan o qədər də aralıda olmayan bir yer olub. Həmin yerin yaxınlığında da yeni məskunlaşanlara isti yanaşan yaxud Hz.İbrahimi tanıyıb ehtiram göstərən tayfalar və insanlar yaşamışdır. Həmin dövrdə Hebrona yaxın məsafədə yerləşən aşağıdakı şəhər və qəsəbələr mövcud idi: 1. Salem (sonrakı Yerusalem və ya Qüds) – Hebrondan 30-35 km aralı idi; 2. Beerşeva – Hebrondan 40 km cənubda yerləşirdi; 3. Lakis və ya Lakiş – Hebrondan 40-45 km cənubda yerləşirdi; 4. Gerar – Hebrondan 35-40 km məsafədə idi; 5. Şekem (sonrakı Nablus) – Hebrondan təxminən 70-80 km şimalda yerləşirdi. 6. Petra – Hebrondan cənubda təxminən 170-200 km məsafədə yerləşirdi.
Araşdırma nəticəsində gəldiyim qənaət bundan ibarətdir ki, İbrahim peyğəmbər özünə yaxın olsunlar və onları vaxtaşırı ziyarət edə bilsin deyə Həcərlə övladı İsmayılı öz yaşadığı Hebrona uzaq olmayan, əminamanlıqda qalacaqlarına əmin olduğu məkanlardan birində məskunlaşdırıb. Şekem və Petra şəhərləri Hebrondan daha uzaqda yerləşdiyi üçün Həcərlə övladının həmin məkanlara aparılması ehtimalı daha azdır. Ehtimal var ki, İbrahim peyğəmbər öz ailəsini məhz Qüds (Salem) və ya Beerşeva şəhərlərinin həndəvərində yerləşdirmiş olmalıdır. Bunu söyləməyə əsas verən daha bir amil həmin şəhərlərdə su qaynaqlarının olmasıdır. Maraqlı olan daha bir fakt ondan ibarətdir ki, Beerşeva (indiki Beerşeba) şəhərinin adı ibranicə “and quyusu” və ya “yeddi quyu” deməkdir (beer – quyu, şeva – and və ya yeddi mənalarında). Tövratın Yaradılış (Genesis) kitabında Hz.İbrahimin Abimelek tayfası ilə sülh müqaviləsi bağladıqdan sonra bir quyu qazdığı və həmin yerdə qarşılıqlı şəkildə əhd edərək sülhə sadiq qalacaqları barədə and içildiyi qeyd olunur.
Ceyhun Bayramli
Şəkildə: Süni zəka proqramı Hz.İbrahimin Həcər və oğlu İsmayılla səfərini bu cür təsvir edir.
TEREF