Şah I Abbas Hörmuzü kimin əlindən almışdı?
Bu gün, 10:54

Yeni məlumatlar var...
Hörmüzü XVI əsrin əvvəllərində portuqaliyalılar işğal etsələr də, 1580-ci ildə onun siyasi mənsubiyyəti dəyişdi. Həmin ildə İspaniya Portuqaliyanı ilhaq etdi. Bununla da Portuqaliyaya məxsus bütün ərazilər avtomatik olaraq İspaniyanın hakimiyyəti altına keçdi.
Maraqlı faktdır ki, italiyalı tarixçi Gulyelmo Berketin XVI–XVII əsrlərdə Venesiya Respublikası ilə Səfəvi dövləti arasındakı diplomatik və ticari münasibətlərdən bəhs edən, "La Repubblica di Venezia e la Persia" adlı kitabında Hörmüz açıq şəkildə "İspaniya krallığı"na aid edilmişdir.
Bu da onu göstərir ki, Hörmüz artıq Lissabona deyil, birbaşa Madrida tabe idi. Deməli, I Şah Abbas 1622-ci ildə Hörmüzü azad edəndə, sadəcə portuqaliyalıları deyil, əslində İspaniya imperiyasını bölgədən çıxarmışdı.
İndi isə, 84№-li sənədin (səh.291) italyan dilindən tərcüməsinə nəzər salaq:
"Bu səltənətin sərhədləri — şimalda, türklərlə eyni dini qəbul edən tatarlarla həmsərhəddir. Qərbdə, cənuba daha yaxın hissədə, İspaniya kralı və onun tabeliyində olan Hörmüz krallığı yerləşir. Şərqdən və şimaldan isə Hindistan şahı — bizim Böyük Moğol adlandırdığımız hökmdar var."
Tarix, hər zaman göründüyündən daha mürəkkəbdir.
Hörmüz hadisələrindən bəhs edən, 17-18-ci əsrlərə aid qədim qravyurə baxaq. Burada əks olunan şəhər tikililərinin üzərindəki iri xaçlı bayraqlar birmənalı olaraq İspaniya imperiyasına məxsusdur.
Milli Kimlik Araşdırmalar qrupunun üzvü Rizvan Məmmədsoy
TEREF