Döyməyi azdı, hələ bir ağlamağa da qoymur

12-02-2017, 23:19           
Döyməyi azdı, hələ bir ağlamağa da qoymur
Aydın Canıyev


və yaxud
böyük kişi və böyük sənətkar Canəli Əkbərova qarşı haqsızlığa bir baxış


1992-ci ildə indiki "Azərbaycan" qəzetinin redaksiyasına üç xalq artisti gəlmişdi: Arif Babayev, Əlibaba Məmmədov və... o birisinin adını yazmıram. Jurnalistlərə maraqlı olsa, bu iki xalq artistindən soruşsa, onlar da cavab versə, üçüncünün kimliyini etiraf eləsələr, onda Canəli Əkbərovun nə qədər haqlı olduğu bir daha təsdiqlənər.

Onda "Azəraycan" qəzetində informasiya və tərcümə şöbəsinin redaktoru kimi ölkədə baş verən hadisələrdən qəzetin yeddi səhifəsinin hərəsində iki sütun olmaqla ən operativ xəbərləri hazırlamağa, təşkil etməyə borclu idim və üstəlik də başımın üstündə indi əməkdar jurnalist olan informasiya dahisi Elman Gədikli, baş redaktor qəzetçiliyin dahilərindən olan Mehman Cavadoğlu kimi nəhəng idi. İncəliklərə varmanın səbəbi bu ki...

Arif Babayevlə Əlibaba Məmmədov çöldə üstlərinə benzin səpib, "Azərbaycan" qəzetində kibrit çəkməyə gəlmişdilər. Ya bu yazı getməlidi, ya da... muğam əldən gedir, zorlanır, ay haray, bu dəqiqə qətl edin... Alim Qasımovu!

Musiqi mədəniyyətimizin beşiyi Qarabağın sənətkarı Aif Babayevə, muğam xiridarı olan Bakı kəndlərinin təmsilçisi Əlibaba Məmmədova və o birisinə baxıb-baxıb, bəyanatlarını götürüb getdim... vurmağa: soruşanda deyim ki, içəndə itirmişəm!

Mehman bəy hərəkətimi necə qiymətləndirdi deyə bilmərəm, amma həmin gün o yazının getməməyinə görə məni danlamadı, heç nə də soruşmadı. Ancaq ondan sonra mən də informasiya şöbəsində redaktor qalmadım. Rəşad Məcidin xeyirxahlığı ilə idman və hərbi-vətənpərvərlik şöbəsinə redaktor keçirildim.
Yeri gəlmişkən, Canəli Əkbərovun müsahibəsinə ən obyektiv... jurnalist, media rəhbəri və kişi kimi rəyi də elə təkcə Rəşad Məcid fb statusunda yazdı.
1992-ci ildən Arif Babayev və Əlibaba Məmmədov adında mənim üçün muğam ustası, muğam müəllimi, muğam ifaçısı yoxdu! Çünki onlar redaksiyaya o həşrlə gələnə qədər mən 1991-ci ildə indiki "Xalq" qəzetində birgə işlədiyim Vahid Əzizovun Alim Qasımovun konserti və özü haqqında həm yazısını oxumuşdum, həm də söhbətlərinə qulaq asmışdım.

Sonralar mən Alim Qasımova xatir "Azərbaycan" qəzetindəki "təxribatımdan" qürur duydum!

Amma həm də sonralar mən Arif Babayev və Əlibaba Məmmədovun ümumiyyətlə "Azərbaycan musiqi sinfi"nin jurnalında sıravi şagirdlər olduğunu anladım.
Ən azından... zərdablı Mürşüd Abbasovun - 1975-ci ilin avqustunda Türkmənistana dəvət olunduğu konsertə gedərkən təyyarə qəzasına uğrayan bu istedadlı və özünəməxsus səsli gözəl sənətkarın ifasıyla Arif Babayevin özünü və onun ladında, tempində, üslubunda oxuyanların hamısını bir qovluğa cəmləyib arxivə atdım. Mürşüd Abbasovun oxuduğu mahnılardan ikicəsinin hərəsindən ikicə misraya qulaq asmalarını istəyərəm etiraz edənlərdən: "qadanı mən alım, gəl-gəl, başına dolanım, gəl-gəl" və bir də "fərəhindən coşar, sənə nəğmə qoşar, gül açar çəmən də, sən güləndə". Bundan sonra anlamaq çətin olmur ki, "Sənsiz, ey şux, mənim xoş güzəranım yoxdur" bir elə də cazibədar deyil!

Və mən bu gün Arif Babayevə o cür danışığına və davranışına haqq qazandıran zərdablı xanıma əvvəl-əvvəl Mürşüd Abbasova qulaq asmağı, sonra da özünü xəbərsiz kimi aparıb Arif Babayevdən və həm də Əlibaba Məmmədovdan onun haqqında rəy öyrənməyi xahiş edirəm.

İkisi də heç nə danışmaz!

Halbuki Mürşüd Abbasov 70-ci illərdə nəinki ölkədə hər yerə dəvət olunurdu, hətta Rusiyanın, digər SSRİ respublikalarının ən iri şəhərlərində arzulanırdı. Az.TV-də və radioda ən tez-tez ifaları səslənirdi, onda Arif Babayev özününkülərinin, Əlibaba Məmmədov da vur-öldür Bakı kəndlərinin toyuna dəvət olunurdu!
Mürşüd Abbasovun ölümündən 41 il keçir, ildə 41 müsahibə verən bu muğam və sənət təmsilçiləri bir dəfə də xatırlamayıblar Mürşüd Abbasovu - bunların hansı ustadlığından, ağsaqqallığından, sənətkarlığından, münsifliyindən söhbət gedə bilər, əgər ki... Mürşüd Abbasovdan Alim Qasımova qədər ən virtuoz ifaları görməzlikdən gəliblərsə, gəlirlərsə!

Əlibaba Məmmədovun nə oxuları, nə də bəstələri olmasa belə, Azərbycan musiqi ifaçılığı və bəstəçiliyndə boşluq yaranmaz, çünki bir Bəhram Mansurov adında nəhəng var: Əlibaba Məmmədovun bütün ifalarını və bəstələrini Bəhram Mansurovun istənilən bir nümunəsi ilə sıfırlamaq olar!
Meydan kimdədisə, haqlı o... deyil!

Bizim bu bərbad media durub Arif Babayevdən, Əlibaba Məmmədovdan Canəli Əkbərovun dediklərinin təsdiqini və ya inkarını əldə etməkdənsə, oxuculara çatdırmaqdansa, bir az da zəvzək-zəvzək danışıqlara meydan tanıyır. Axı Canəli Əkbərovun ifaçılığından və yaxud sənətkarlığından danışmayıblar adamlar, adamlar qəddarcasına Canəli Əkbərovun adamlığının üstündən xətt çəkiblər və bunu özlərinə sığışdırıblar!

Mən Canəli Əkbərovu böyük kişi sayıram: ən azından ona görə ki... əlli il qabaq ona badalaq vurmuş, ona xəyanət etmiş Arif Babayevlə nəinki münasibəti kəsmiş, nəinki bu xəyanəti faş etmiş, hətta daha da mərdlik nümayiş etdirərək onunla bir yerdə işləməkdə, ona dəstək olmaqda, onun hörmətini saxlamaqda davam etmişdir. Əlli il Arif Babayevin etdiyi xəyanəti yuyacağına şərait yaratmış bir adama qarşı Arif Babayev bir daha və yenidən, özü də bu dəfə şəxsiyyəti əleyhinə qılınc qaldırır və... adamlar istəyir ki, Canəli Əkbərov sussun!

Anlamaq bu qədərmi çətindir ki, Canəli Əkbərova qarşı etdiyiniz bütün haqsızlıqlara baxmayaraq, xalq artisti də oldu, müəllim kimi yetirmələri də var, səhnəmizin siz olduğunuz hər yerində də özünəməxsusluğunu sərgilədi, indi - səksəni haqladığı bir yaşda nə istəyirsiniz, əlacınız ona qalıb deyəsiniz ki...
Əlli il qabaq da arxasından iş çevirən adamın əlli il sonra da yenidən də arxadan zərbəsi təəccüblü deyil. Sadəcə bu dəfə bir az da qabaq gediblər və hətta.. mətbuatla bəyan ediblər ki, səni belə məhv edirik! Buna həya lazımdı və bir iyrəndiici məqam da odur ki, mətbuat dəstək verir!

Mən bir faktı nəzərinizə çatdırım: Canəli Əkbərovun doğulduğu kənddən bu ölkə mətbuatında elə möhtəşəm imza var ki, ictimai rəyi anında dəyişər, istənilən mətbu partizanlığı yapar!

Mətbuatda imzasına hörmət bəslədiyim bir xanım lap "gül" vurub: rəhmətlik Habil Əliyevin zarafatını paylaşıb. Amma xanım unudub ki, o tip sancmanın kralını Habil Əliyev Kiyevdə Arif Babayevə ünvanlayıb.

Əlibaba Məmmədov ölkəyə bəyan edəcək qədər cəsarətlidisə ki, Canəli Əkbərov ağsaqqallıq etməyə, münsif olmağa, bizimlə bir sırada olmağa layiq deyil, onda niyə sual verilmir: ay gözəl insan, bu adamı bəs onda hansı cəsarətlə evinə buraxmısan? Yoxsa, ailənin-ocağının içinə kim gəldi təşrif buyura bilər?
İndi Canəli Əkbərovu Mənsum İbrahimov da ittiham edir. Bircə fakt deyirəm: Canəli Əkbərovun xanımı evdə yeddi nəfərlik ailə üçün yemək hazırlayanda, bir pay da artıq bişirib. Ki... bu gün bizə Mənsum gələcək.

Mənə çox maraqlıdı: Mənsum İbrahimov hansı üzlə özünə belə mövqe nümayiş etdirməyi rəva görüb, bax, bu dəhşətdir, dəyərlərə tüpürməkdir! O qədərmi virtuoz sənətkarlığa yüksəlib Mənsum İbrahimov? Bir dəfə rəhmətlik Qədir Rüstəmovdan soruşdular ki, bu təzə oxuyanlara necə baxırsan, nə deyə bilərsən, qayıtdı ki, sağ olsunlar da, oxuyurlar, əziyyyət çəkirlər. Mənsum İbrahimova qulaq asmağa məcbur olanda rəhmətlik Qədir Rüstəmovun o sözləri yadıma düşür.
Deyəsən, Aşıq Ələsgərin "olmaz-olmaz" rədifli şeirinə bunlar təzədən həyat verirlər, halbuki biz unutmaq istəyirdik!

Və anlaya bilmirəm ki, Mənsum İbrahimov üçün o qədərmi çətin olacaqdı SADƏCƏ desin (eləməsin e, sadəcə desin!) ki, mən ustadın xeyrinə öz namizədliyimdən imtina edirəm - necə olur ki sənə ağsaqqallıq edən Canəli Əkbərov başqa gənclərə çatanda intriqant olur?
A balam, demirsiniz iştirakçılara problem yaradacaqdı, razılaşın, buraxın heyətə, tutun həmin haqsızlıq anında bitirin də! Onsuz da əlli ildi bu adamı hörmətdən salmağa çalışırsınız! Həqiqət elə deyil axı! Həqiqət odur ki, biri Arifin, biri Əlibabanın, biri Mənsumun, biri Səkinənin, biri ... o birisinin şişirtdiyidi!
Və biz hər il buna şahid oluruq!

Və Canəli müəllim KİŞİ KİMİ VƏ SƏNƏTKAR OLARAQ ədalət hissini itirməyib dilini dinc saxlamayacaq!

Mən bu məqamda bir sual vermək istəyirəm: hanı muğam müsabiqəsinin qalibləri? Ya tok-şoularda bozbaş bişirənlərə yoldaşlıq edirlər, ya da palatka toylarında qiymətləri qaldırmaqdan ayrı yerdə adları hallanmır!

Şirməmməd Hüseynovun Bəxtiyar Vahabzadəyə dediyi olmasın: sənin uğurlu yol yazdıqların ya taksi şoferi olur, ya da alverçi!

Və bu an elə ürəyimdən keçir ki, yazım: başına dönərəm bu layihənin təşəbbüskarı Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın, qətiyyətlə göstəriş verə ki, Canəli Əkbərovu münsiflər heyətinə üzv edin!

Cənab Prezident İham Əliyevdən məşəli alanda Arif Babayevin ağrıyan, işləməyən qoluna güc gəlibsə, hətta məşəli yuxarı qaldıra bilibsə, Mehriban xanımın bu göstərişindən sonra inanıram ki, Arif Babayevin vicdanı da oyanacaq, işləyəcək!
Görəsən, Mehriban xanımın elə bir qərarı olsa, etiraz edən kimsə olacaqmı?
Olmaz!

O ki qaldı Əlibaba Məmmədova... nə nümunə göstərib ki bu yaşacan, nə də gözləyək! Sadəcə, Canəli Əkbərov çox gec dilləndi. Adamı qınamaq olmur - neyləsin, inanıb da ki, bəlkə... düzələcəklər!

Mənsum İbrahimova isə əbədi olaraq damğa vurdular - bax, intriqantlığın aqibəti budur.

Məhz bu intriqantlığın nəticəsidi ki, Sabir Mirzəyevin məşhur "Çahargah"ı heç bir arxivdə yoxdu!

Bu gün ola bilər beş-üç nəfər Canəli Əkbərova qarşı bu haqsızlığa dəstək dursun, haqq qazandırsın. Amma tarix unutmur. Necə ki, mən Arif Babayevin, Əlibaba Məmmədovun Alim Qasımovun əleyhinə redaksiyalara düşüb bəyanat paylamağını unutmadım!

25 il qabaq olduğu kimi, yenə də Rəşad Məcid obyektiv oldu. Adamlar dəyişmir!

Məhəmməd peyğəmbər deyirdi ki, dağ yerini dəyişə bilər, insan xarakterini dəyişməz!
O cümlədən Canəli Əkbərov da - böyük bir xalqın sevimlisi olan, hər zaman xeyirxahlığı ilə seçilən, bacardığı qədər hər kəsə dəstək olan bu ləyaqətli insanın həyatından minlərlə misal gətirmək olar!

Kəmfürsətlik edənlərə isə demək istəyirəm: 80 illik ömrünə lupa ilə baxıb, ordan-burdan "fakt" axtarırsınızsa, əvvəl öz həyatınızdan silin irad tutduqlarınızı, sonra da dəstəklədiklərinizin. Ondan sonra danışarıq!

SON SÖZ ƏVƏZİ: Canəli Əkbərovu o mənada kişi adam sayıram ki, əlli il Arif Babayevə dözüb və indi də yalnız və yalnız özünə aid xəyanəti dilə gətirib! Mən olsaydım, Arif Babayevlə birləşib Canəli Əkbərovun əleyhinə danışanlardan birinin atasıyla necə tanış olmağını yazardım!

YAZIYA SÖZARDI: Mən siyasətçilərə, jurnalistlərə və müğənnilərə futbolçu kimi baxıram. Olur, görürsən ki, biri anında parladı. Amma ardını gətirməyə cürdəyi olmur. Onda həmən qıcıqlanıb Alim Qasımovun təbliğinə yazı yazmadım. Tam sərasər on ildən sonra bir yazı yazdım: "Musiqimizin trümolası". İddia edirəm: Alim Qasımovdan yüzlərlə yazı yazılıb, amma ən yaxşısı mənim yazdığımdı. Yazını bu yaxınlarda "miq.az"-da təkrar paylaşacam!
p.s. "Alim olmaq olar, adam olmaq çətindi" fikri həm də bərabərdi: münsif olmaq olar, amma ədalətli olmaq çətindi!
p.p.s. Futbolçular, müğənnilər və jurnalistlər müsahibə vermək üçün deyil! Biri oynamalıdı, biri oxumalıdı, bu biri də yazmalıdı!

Miq.Az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.