Zor yalana söykənib, yalan zora…

5-07-2015, 19:31           

“Qafqazinfo” tənqidçi İradə Musayevanın yeni yazısını təqdim edir:


Yaddaşsız cəmiyyətlərin ədəbi düşüncəsində “yeni doğulan” köhnə yalanlar haqqında…

“...zorakılıq tez qocalır, o, özünə uzun müddət güvənə bilmir, özünü yaşatmaqdan, yaxşı görünməkdən, gözə kül üfürməkdən ötrü əlüstü yalanı köməyə çağırır. Çünki zorakılıq yalandan başqa heç nəyin arxasında gizlənə bilmir, yalansa yalnız zorun hesabına yaşayır”.

(A.Soljenitsin)

Dünyanın yaddaşı get-gedə zəifləyir, bəzi cəmiyyətlərdə isə tamam itmək üzrədir. Hətta Qarabağ hadisələrinin qanlı günlərində tez-tez “biz unutqan xalqıq, biz unutqan xalqıq” – ifadəsini təkrarlayırdıq ki, qəzəb və intiqam hissimiz ölməsin…

Görünür, bizim yaddaşsızlığımızı vaxtaşırı bizim yadımıza salmaq lazımdır. Bunu kimə həvalə edək? Bir yaddaşı olan intellektli təbəqə, zümrə varmı ki, onun başbilən və vicdanlı nümayəndələri bu müqəddəs xidməti xalqına göstərsin? Hamının düşüncəsindən – “ziyalılarımız!” – deyə bir cavab keçdi, yəqin…

Fəqət, mən də onlara güvənirəm, daha doğrusu, güvənərəm, lakin onların böyük əksəriyyəti , əksinə, xalqın bu yaddaşsızlığından işgüzarcasına yararlanıb bir az da yaddaş çaşqınlığı yaradan metod və üsullardan istifadə etməsə, məlum köhnələri yeni tərz, yeni ahəng və yeni başlıqlarla üzümüzə üfürməsə...

Yaddaşsız cəmiyyət formalaşdırmağın öz elmi, öz fəlsəfəsi var. Bu çox qədim və kədərli təcrübədir. Ancaq bu laboratoriyadan bütün xalqlar eyni aqibətlə çıxmayıb. Müqavimət göstərən, mübarizə aparan, qalib gələnlər də çox olub, rahatlıqla təslim olub, ağır yük hesab etdiyi yaddaşını xoşluqla təhvil verənlər də…

Doğrudan da yaddaş əslində bir az adamı incidən zehni fəaliyyətdir. Onun dairəsini genişləndirib ora təkcə öz şəxsi həyat hadisələrimizi və kiçicik ömür tarixçəmizi deyil, mənsub olduğumuz xalqın, məkanın, cəmiyyətin də tarixini və problemlərini əlavə etsək, məsuliyyətimiz artar, nəticədə həm beynimizdə, həm də çiynimizdə ağırlıq hiss edərik… lakin Ç.Aytmatovun məşhur “manqurt”izm fəlsəfəsini də unutmamışıqsa, bunun daha ağır cəza olduğunu - yəni, yaddaşdan qurtulmanın,yaddaşsızlığa düçar olmanın əslində yüngüllük yox, rəzalət və miskinlik olduğunu dərk etməliyik. Dini ədəbiyyatda “şeytanın hiyləsi” kimi səciyyələndirilən unutqanlıqla bağlı müxtəlif ədəbiyyatlarda (tibbi, fəlsəfi,

psixoloji) müxtəlif fikirlər var. Hətta deyirlər ki, beyin yeni şeylər öyrənərkən kompyuterin yaddaşı kimi çox istifadə olunmayan bəzi məlumatları silir. Necə ki kompyuterin yaddaşı dolanda bəzi istifadəsiz məlumatları silib boş yer açmaq lazım gəlir. Beyinin öyrənməsi də keçmiş məlumatların silinib yenilərinin yazılması ilə mümkün olur.

Fransız yazıçısı və filosofu Deni Didro isə deyirdi ki, zamanın yeganə meyarı yaddaşdır. Bu nöqteyi-nəzərdən yanaşsaq, deməli, bu günün –XX əsrin ikinci onilliyinin yazı-pozu adamları və onların kitabları zamanımızın yeganə meyarı olan YADDAŞIDIR. Kitabları vərəqləyin… YADDAŞIMIZDA nə qədər saxtakarlıqlar və yalanlar var…

Bəli, biz Deni Didronun bu sözündən yapışaq və çox uzağa getmədən özümüz, zamanımız və yaddaşsız cəmiyyətimiz üçbucağı fonunda ədəbi-bədii düşüncəmiz, əqli inkişafımız və əməli fəaliyyətimiz ilə bağlı prosesə diqqət yetirək.

Əlbəttə, söhbət “bədii yalan”dan, bədii, poetik, obrazlı və emosional sözdən getmir, söhbət elmi yalanlardan gedir.

“Nə şiş yansın, nə kabab” meyarı ilə yazmaq və ya bu ölçüyə köklənib danışmaq ənənəsi artıq insanı bezdirir. Birmənalı cəsarət və həqiqət haqqında düşünəndə isə yadımıza ilk olaraq, sərhədsiz düşüncələrindən asılan Sokrat, əqidəsindən soyulan İ.Nəsimi, 9 ağça təqaüdlə sındırılan M.Füzuli və mədə dolusu yeməklə susdurulan insanlar düşür… İlham adlı ilahi gücün hesabına yazılan bədii söz yalanı sevmir. Bəlkə də siyasi sözün mahiyyətində bu yalana yer var. Amma ədəbi-bədii tribunada bu ağ yalanlar yalnız və yalnız üzqaralığı kimi əks-səda verir.

Rejim, zərərli kitablar yandırılacaq deyə, əmr edəndə

və öküz arabalarına doldurulan kitablar yanğın yerinə aparılanda

bir şair dəhşətə gəldi yandırılan kitabların istisinə baxıb

orada öz adını görməyincə.

Masa arxasına keçdi qəzəblə

və bir məktub yazdı iqtidardakılara:

“Məni gözdən sala bilməzsiniz,

məgər mən hər zaman gerçəkləri yazmadımmı?

İndi mən necə zərərsiz ola bilərəm

Nə olar mənim də kitablarımı yandırın!”

(B.Brext)

Dünya ədəbi-fəlsəfi düşüncəsi tarixində hər zaman məlum olub ki, hücum və zor asılan vücudların, susdurulan ideyaların , sındırılan iradələrin mahiyyətindəki həqiqətə, gerçəkliyə və cəsarətə ünvanlanıb. Zor yalana söykənib, yalan zora…

Sonra yenidən tarix yazmağa başlamışıq, yenidən guya həqiqət carçısı və mücahidi olmuşuq. İsti otaqlarımızın, rahat kabinetlərimizin bir guşəsində oturub çay içə-içə sürgünlərdə, əsirliklərdə, mühacirətlərdə və həbsxanalarda dərisi sümüyünə yapışan, sözünün və haqqının, həqiqətinin işığına sığınan insanlar haqqında məqalələr, kitablar yazmışıq, ən pisi, həmin insanları səciyyələndirdiyimiz ifadə və fikirləri “uf” demədən günümüzün qrafamonlarına da şamil etməkdən çəkinməmişik…

Soljinitsin yazırdı ki, adamlar yalandan iyrənib üz döndərəndə o, sadəcə olaraq, aradan çıxır. Yalan mikrob kimi ancaq adamlarda yaşaya bilir. Ortaya çıxan həqiqəti car çəkməyə, düşündüyümüzü ucadan deməyə yetişməmişik - lazım deyil, qorxuludur. Heç olmasa düşünmədiyimizi danışmaqdan əl çəkək! İçimizdə qat bağlamış mütiliyin fonunda yolumuz budur - ən rahat yol; Qandisayağı vətəndaş itaətsizliyinə (dilə gətirmək belə xatalıdır) baxanda ən asan yol.

Düşünüb-daşınmaq, yalana qətiyyən qahmar çıxmamaq! Yalanın sərhədini (onu hərə bir cür görür) anlayıb o iltihab xəttindən geri çəkilmək gərəkdir! Yalana don geyindirməsək, onda onun necə tez və əngəlsiz yıxıldığına heyrətlənəcəyik; çılpaq yalanı çılpaq şəkildə də görəcəyik. Və nəhayət, itaətkarlığımızdan çıxış yolunu qoy hər kəs özü seçsin: ya bilə-bilə yalana nökərçilik eləsin (ah, şübhəsiz, öz kefindən ötrü yox, ailəsini dolandırmaqdan, balalarını yalana uyğunlaşdırmaqdan ötrü!), ya da müasirlərə, gələcək nəslə layiq adam olsun.

Bəli, yalan nəinki mikrob kimi bizim danışığımızda, həttə fikirlərimizdə kök atıb. Yəni, biz artıq təkcə ictimai mühitdə zor və təzyiq altında yalan danışmaq yox, həm də təklikdə, öz-özlüyümüzdə və heç kəsin əl uzada bilmədiyi içimizdə, beynimizdə belə yalana yuva qurmuşuq. Yalandan sevinmək, yalandan kədərlənmək, yalandan heyrətlənmək, yalandan qorxuya düşmək, yalandan cəsarətli olmaq, yalandan tərifləmək və s. bu kimi çeşidlərin içərisində isə ən geniş yayılanı və ədəbi mühitdə ən çox işlək olanı aydın məsələdir ki, yalandan tərifləməkdir… Rəsmi-işgüzar sənədlər –protokollar, aktlar, hesabatlar, izahatlar yalanla dolur, boşalır…

Biz elə bir qorxu xəstəliyinə tutulmuşuq ki, hər an elə bilirik ki, bizim həqiqətimiz izlənir. Doğrumuz nəzarət altındadır. Yalanın yolları isə maneəsiz kimi görünür bizə…

Qorxu haçan başlanıb, əsrin hansı ilində?

Deməyə söz də tapmıram, hərdən ana dilində… (V.Səmədoğlu)

Əlbəttə, bu nəzarət tarix boyu dünya ədəbi-bədii, siyasi-fəlsəfi düşüncəsini müşayət edib, nəzərdə tutulan düşüncə tərzi, dərk və şüur forması, əqidə maketi hazırlamaq işini planlaşdırmaq üçün daima ayıq-sayıq dayanıb. Yaddaşsız və həqiqətə laqeyid cəmiyyətlərdə ayıq başlar, açıq gözlər, oyaq yaddaşlar müsbətə yox, mənfiyə doğru gedişatın göstəricisi kimi qiymətləndirilib. Ən yaxşı halda azadlığa, azad sözə böyük bir dairə çəkilib və “içində nə qədər atılıb-düşürsən, düş” sərbəstliyi verilib. Düşüncəyə nəzarət və nəzarət altında düşünmək çox acıdır. Şüuru ilə öyünən, heyvani instikt səviyyəsini aşa bilən insanlar üçün bu hal , həqiqətən, əzabdır. Orta əsr inkivizasiyasının xarakteri bunun bariz nümunəsidir.

“Bu irticanın ən mühüm təzahürlərindən biri inkvizisiya (latıncadır, axtarış, istintaq deməkdir) ali məhkəməsinin yaranması idi. İnkvizisiya sonralar III Pavel adı ilə papa olan kardinal Karaffanın təşəbbüsü ilə 1542-ci ildə Romada təşkil edilmişdir. 1559-cu ildə konqerqasiya adı ilə Roma papasının müəyyən məsələlərə baxan xüsusi bir idarəsi yaranır. Ağıllar, şüurlar üzərində nəzarəti həyata keçirmək və qadağan olunmuş kitabların siyahısını – indeksini tərtib etmək bu idarəyə həvalə olunur.

Bu siyahıya, gözlənildiyi kimi, xristian dininin ruhuna və hər cür formal xüsusiyyətinə zidd olan çap kitabları daxil edilirdi. Bu siyahıya ayrı-ayrı əsərlərin daxil edilməsi işi indi də davam etdirilir. Həmin "indeks"də Volter, Didro, Hüqo kimi ən məşhur sənətkarların adlarına rast gəlmək olar. Trident şəhərində çağırılan ümumdünya kilsə məclisi papanın günahsız olduğunu etiraf etməklə ona qeyri-məhdud hakimiyyət verdi. İspan rahibi İqnat Loyola tərəfindən Yezuit Ordenini 1540-cı ildə papa III Pavel rəsmi şəkildə təsdiq etdi. Yezuitlər təşkilatı XVII-XVIII əsrlərin Avropa həyatında dərin izlər buraxdılar. Tərbiyə işinə nəzarəti ələ alıb xüsusi məktəblər açdılar. XVII və XVIII əsrlərin bir çox böyük sənətkarları yezuit kollecində oxumuşdur.

Yezuitlər belə hesab edirdilər ki, özünü allaha həsr etmək istəyən hər bir kəs iradəsindən əlavə ağlını da ona verməlidir. Feodal katolik irticası öz tədbir və hücumları ilə İntibah dövrünün əsas nailiyyətlərini məhv edə bilməsə də, tarixi inkişaf sürətini xeyli ləngitdi, qabaqcıl ideallar uğrunda mübarizə aparan ziyalılar arasında narahatlıq saldı, feodalizmin qəti tarmar edilməsi vaxtını uzatdı, güclü hücum qarşısında qalan feodal zadəgan sinfinə bir müddət nəfəs almaq, özünə gəlmək imkanı verdi. İrtica qüvvələri öz hərəkətləri, təqibləri, inkvizisiya tonqalları ilə insanların şüurunda fəci bir ikitirəlik, parçalanma, ideya

düşkünlüyü əmələ gətirdi. Bəşəriyyətin yetişdirdiyi bir çox ağıl, kamal dahilərini cismən məhv etdiyi kimi, bir çox iradəcə zəif olanları da doğru yoldan uzaqlaşdırdı”. (A.Y.İshaqlı.XII əsr Qərbi Avropa ədəbiyyatı.B,2012. s.12.)

Corc Oruel “1984” əsərində yazırdı ki, pəncərədən mənzillərə nəzarət edən patrullar vardı. Amma bu patrullar elə də qorxulu deyildilər. Fikir Polisindən özünü qorumaq lazım idi.

Yaddaş elə bir əqli keyfiyyətdir ki, o tarix və mədəniyyət, mənəviyyat sahəsinin bütün sferalarında fəal iştirak edir. Və bütün bu sahələrin inkişafı, cəmiyyətin tərəqqisi üçün yaddaş fəaliyyətini həmin o “Fikir Polisi”nin nəzarətindən yayındırmaq lazımdır. Lakin çox zaman əksinə olur. “Fikir Polisi”ni insanlar sanki meyar və təhlükəsizlik tədbirinin qarantı kimi özü axtarıb tapır, onun kölgəsinə sığınıb yazmağa və danışmağa başlayır. Çox zaman isə heç o Polisə ehtiyac olmur. Insanlar bir-birinin əlini, dilini güdmək, izləmək, yozmaq və iftira atmaqla bu işi öz aralarında tənzimləyirlər. Məsələn, ədəbiyyat sahəsində on illərlə davamlı olaraq tənqidçilər yazıçıları, yazıçılar özləri belə bir-birlərini nəzarətdə saxlayıb.

Y.Səmədoğlunun “Qətl günü” romanında deyildiyi kimi - ənam əvəzinə “şairi şairinin başını istəyən məmləkət” məsələsi…

Hər dəfə söhbət bu məcraya gələndə, nədənsə yadıma S. Əhmədli düşür… Tənqidçilərin sağdan-soldan qamçıladığı yazıçı… 80-ci illərdə ədəbiyyatşünaslardan biri onun əsərini təhlil edərkən təxminən belə bir irad tutmuşdu: Sovet kəndinə, sovet adamına şər atır. Şər də ondan ibarət idi ki, həmin o sovet adamı öz şəxsi həyətini, şəxsi təsərrüfatını tərifləyirdi. “Fikir Polisi” funksiyasının icraçısı olan tənqidçi isə deyirdi ki, “şəxsi” sözündə təhlükə var. İctimai, ümumi olandan , məsələn, ancaq kolxozdan, sovxozdan yazmaq lazımdır…

Hətta onlarla faktlar var ki, şairin, yazıçının yaxasını öz həmkarının əlindən məhz şahlar, sultanlar, başçılar qurtarıb…

Sonra sovet hökuməti süqut etdi. Azad düşüncə, müstəqil fikir üçün meydan açıldı. ədəbiyyat bu fürsətdən yararlanmaq naminə bütün imkanlarını səfərbərliyə almalı idi. Cəmiyyətin yaddaşını oyatmaq, onun üzünü özünə çevirmək və düşündürmək… Mütərəqqi, intellektli, savadlı və dünyayla ayaqlaşa bilən bir cəmiyyət formalaşdırmaq qəhrəmanlığında ən böyük hünər məhz ədəbiyyatın üzərinə düşüb bütün zamanlarda. “Öz ruhunu qorumağa təpəri çatmayan adam qoy qabaqcıl baxışları ilə öyünməsin, akademik və ya xalq artisti, əməkdar xadim

və ya general olması ilə lovğalanmasın, qoy öz-özünə beləcə də desin: mən qoyunam və qorxağam, təki qarnım tox, başım salamat olsun”. (A.Soljenitsin)

Müstəqillik hesabına qazandığımız mənəvi azadlıq nemətinin dəyərini şəxsiləşdirməklə cəmiyyət mənafeyinə zidd mövqe tutduq. Bu gün ədəbiyyat və ədəbiyyatşünaslıq azad və sərbəst söz demək hüququnu qazanıb. Amma onun nümayəndələri (xüsusilə ədəbi tənqid) subyektivizm kimi miskin yanaşmadan yaxa qurtara bilmir,.

Həqiqətən də “öz ruhunu qoruya bilməyən” insanlar sözün tərəzisini əlində necə düz saxlaya bilər? O, insanlar əlbəttə ağa qara, qaraya ağ deyəndə yaddaş və vicdan mühakiməsinin aliliyini dərk etməyəcək. Qiyməti sözə yox, imzaya verən ədəbiyyat alimlərinin ədalətinə necə inanasan? Özünün də inanmadığı sözə oxucusunu inandırmaq cəhdinin səmimiliyini necə qəbul edəsən?

20 ildən çoxdur, əl-qolumuzdan zənciri açıblar, amma düşüncəmizin zəncirini özümüz açmalıyıq. Beynimizə, şüurumuza, yaddaşımıza əmri özümüz verməliyik. Fəqət, içimizin xəfiyyəsi imkan vermir…

Bu gün ədəbiyyat haqqında sərbəst danışıq imkanı yaranıb. Məlumdur ki cəmiyyətdə böyük dəyişikliklərin, intibahın əsası sənətdə, ədəbiyyatda qoyulur. Ədəbiyyat cəmiyyətin düşüncə tərzini dəyişə bilir. Bunun üçün ədəbiyyata münbit şəraiti isə onun nəzəriyyəsi, elmi, tarixi, tənqidi yaradır. Bu gün bizim həm klassik, həm də müasir ədəbiyyatı öyrənən elmimiz - ədəbiyyatşünaslığımız çürük yalanlarla işləyir. Yalançı təriflər, yalan ittihamlar iyrəncliyi ədəbiyyatı hansı inkişaf nöqtəsinə yönəldə bilər?

Çox zaman da əldə indiqator nəinki fikirləri, cümlələri, hətta tək-tək sözləri də yoxlayıb, onun işığının yanıb yanmaması yoxlanılır. Közərən hər sözün alova, enerjiyə çevrilməsi “təhlükəsini” aradan götürməyə cəhd edilir. Xalqını, millətini sevən, dövlətçilik ideyalarının möhkəmliyini qoruyan hər bir kəs onun ədəbiyyatının da sağlam düşüncə əsasında formalaşmasını istəyər. Yoxsa xəstə təfəkkür məktəbi, cərəyanı yaratmaq işinə liderlik iddiasında olmaz… Yeni donlu köhnə yalanların kitabdan kitaba, dərslikdən dərsliyə keçməsi, daha doğrusu keçə bilməsi məhz bizim yaddaşsız cəmiyyətimizin reaksiyasızlığı ilə bağlıdır.

Klassik ədəbiyyat hələ də sovet ideologiyası əsasında, ateistik prinsiplərə söykənərək tədris edilir, auditoriyalarda etiraz və qırpınma yoxdur… İ.Nəsimiyə ədəbiyyat professorlarları “allahsız” deyir, reaksiya yoxdur… “Molla Nəsrəddin” jurnalı bu gün də az qala 30-cu illərdə olduğu kimi, “Allahsızlar cəmiyyətinin orqanı” kimi təhlil və təbliğ edilir, M.Füzulinin “Leyli və Məcnun” poemasında qadın hüquqsuzluğu mövzusunda dissertasiyalar yazılır, ədəbi - ictimai mühitdən əks cavab, reaksiya yoxdur. Müdirlər, direktorlar, rəislər, deputatlar, müğənnilər boş vaxtlarında boş –boş şeylər yazır və istədiyi ədəbiyyat alimindən istədiyi tərifi “alır”, ala bilir. Budur

əsil yalançılıq və riyakarlıq. Burda zor, zorakılıq belə yoxdur, sakitcə ruhunu, əqidəni, mənəvi keyfiyyətlərini –düzlük və dürüstlük kimi dəyərlərini bağışlamaq, satmaq nüansı var. Bu şəxsi, subyektiv itki hesab edilə bilər. Lakin bu deqradasiyalar sonda toplanıb öz mənfi fəsadlarını cəmiyyətin canına çökdürür. Cəmiyyət zərbəni, xəstəliyi öz alimindən, müəllimindən, həkimindən alanda çox sarsılır və ümidsizləşir… Çünki, cəmiyyətin fiziki və mənəvi sağlamlığı, zehni, şüuru, yaddaşı məhz bu insanlara həvalə edilib.

E.Şəfəq demiş, hər tənqidi vətənə xəyanət kimi səciyyələndirənlər, əslində özləri vətən xainidir.

Ümumiyyətlə, tarixi səhifələdikcə aydın olur ki, bütün cəmiyyətlərdə insanlar dara çəkdiyi, yandırdığı, öldürdüyü, həbsxanalarda çürütdüyü, akt tərtib edib işdən çıxartdığı həqiqət daşıyıcılarının heykəlini də öz əlləri ilə qoyur və onun qarşısında diz çökməli olur…

Diz çökün, cənab Martınov, diz çökün! Fələyin zülmü çox, Allahın mərhəməti! Diz çökün! Bir şair də söndü - Sevdalar yaşılı, ocaq kösöyü, Üstündə Allahı, üstündə göyü. Gözlər hədəqədə, ölüm sinədə, Alın yazısına, qara günə də, bazarda soğanın qiymətinə də, bir bəhanə gərək, bir bayıs gərək Güllələyin şairləri! Sonra diz çökün! (V.Bayatlı)

Rus ədəbi- intellektual mühitində A.Soljenitsinin adı dillərdən düşmür. Və hər kəs onun yazdıqlarının sanki yalnız və yalnız keçmişə - sovet dönəminə aid olduğunu sübut etməyə çalışır. Bəlkə də bununla onu təhlükəsizkləşdirib onun əbədi və bəşəri olan insan xisləti naqislikərindən və keyfiyyətlərindən bəhs edən əsərlərini cəmiyyətə aşılamaq istəyirlər. Əbədi həqiqət və yalan konfiliktində cəmiyyətlərin siması ortaya çıxır.

Doğrudan da, əgər kimsə ədəbiyyat, ədəbi proses haqqında, ədəbiyyat tariximizdə baş verən rəzilliklər və buqələmunluqlar haqqında analitik təhlillərə əsaslanan tədqiqatlar aparıb həqiqəti ortaya çıxarırsa, bunun nəyi təhlükəli ola bilər? Və ya hansısa bir vəzifəli, titullardan pencəyinin yaxası əyilmiş insanın ədəbiyyata dəxli olmayan yazılarını tənqid edirsə, bu niyə qıcıq yaratmalıdır və sanki siyasi səhvə yol verilibmiş kimi səciyyələndirilməlidir?












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.