Heç axtarmırıqsa, necə tapa bilərik özümüzü? - Fridrix Nitsşe

24-05-2017, 23:04           

Biz özümüzü bilmirik. Yaxşı bir səbəbi var bunun: Heç axtarmadığımız özümüzü günün birində necə tapacağıq? Şübhəsiz, haqlı idilər “xəzinəniz hardadırsa, ürəyiniz ordadır” deməklə. Bizim xəzinəmiz...

Heç axtarmırıqsa, necə tapa bilərik özümüzü? - Fridrix Nitsşe


Yaradılış və təməl etibarı ilə qanadlı həşərat olan və nektar toplayan arılar kimi oraya doğru yol alırıq həmişə. Əslində həqiqətən önəmsədiyimiz tək şey var-yuvaya nəsə gətirmək. Yaşamın digər - “yaşantı” deyilən tərəfinə gəldikdə bunun üçün hansımızın yetəri qədər ciddiyyəti var? Və ya yetərincə zamanı? Əslində qorxuram ki, tam mənada adaptasiya ola bilmədik belə şeylərə. Belə ki, ürəyimiz orada deyil, hətta qulağımız belə dinləmir. Bu, əslində, daha çox öz dünyasına çəkilmiş və ilahi sərməstlikdə olan birinin günorta saat 12-də var gücü ilə çalan zəngin qulaqlarında cingildəyən səsi ilə bir anda səksənib “bu çalan nədir?” soruşması kimidir. Bəzən elə biz də sonradan təəccüblü və utancaq şəkildə “nə idi bu yaşadığımız?” və ya “kimik biz əslində?”- deyə soruşuruq. Və dediyim kimi, sonradan sayırıq yaşamımızın, yaşantımızın, yaradılışımızın cingildəyən on iki zəng səsini. Ah! Üstəlik yanlış sayırıq. Məcburi olaraq yad oluruq özümüzə və anlamadığımız üçün yanılırıq özümüz haqqında.

Bizlər üçün sonsuzadək “insan özünə ən uzaq olandır” fikri qüvvədədir. Özümüzü bilməyənə qədər “bilənlər” deyilik biz.

Əxlaqi qərəzin təməli üzərində düşüncələrim (ki, polemikanın mövzusu bundan ibarətdir) ilk, tək-tük və yerinə oturmamış ifadələrini bir səyyahın fasilə verməsi kimi durub zehnimin o ana qədər qət etmiş olduğu geniş və təhlükəli torpaqlara baxma fürsəti tapdığım bir qış vaxtı Sorrentoda (İtaliyan şəhərciyi) yazılmağa başlanmış olan “İnsani, həddən artıq insani” adlanan aforizmlər kolleksiyasında tapdı. 1876-1877-ci illərin qışı olmasına baxmayaraq, düşüncələrimin özü daha əvvələ dayanırdı. Bu araşdırmadakı fikirlər təməldəkilərin eynisidir. (Ümid edirəm ki, aradan keçmiş uzun zaman onlara müsbət mənada təsir etsin, daha yetişmiş, saflaşmış, güclənmiş, yetkinləşmiş olsun). Nə var ki, bu gün belə onlara güclü bir şəkildə bağlı olmağım keçən zaman içində bir-birinə daha güclü şəkildə tutunmuş, hətta bir-birilərinə dolanmış, iç-içə keçmiş olmaları əvvəldən bəri içimdə ayrı-ayrı, təsadüfi və tək-tük deyil, ortaq bir kökdən dərinlərdə hökm sürən, getdikcə daha qəti danışan və daha qəti şeylər istəyən bilginin təməl iradəsindən qaynaqlandıqlarına bağlı hiss etdiyim güvən hissini gücləndirir. Bir filosofa da, əlbəttə, beləsi yaraşar. Hər hansı mövzuda tək başına olmağa haqqımız yoxdur bizim; nə tək başına yanıla, nə də tək başına həqiqəti tapa bilərik. Daha çox bir ağacın bar verməsinə bənzəyən məcburiyyətlə yaranır içimizdəki düşüncələr. Dəyərlərimiz, “hə”lərimiz, “yox”larımız, “əgər”lərimiz, “görəsən”lərimiz. Hamısı da bir-biri ilə qohum və əlaqəli olaraq bir iradənin, bir sağlığın, bir günəşin məhsullarıdır. Bəs bu meyvələrin dadı sizin xoşunuza gələrmi? Fəqət ağaclara nə fərqi bunun? Bizə-biz filosoflara nə?!


“Əxlaqın şəcərəsi”
Tәrcümә: Aytac Quliyeva












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.