Qurtularkən, uçuruma düşməyək...

6-03-2018, 15:29           

Saytlarda hadisə barədə müxtəlif məlumatlar yazılır, fotoşəkillər verilir. Şəkillərin birində, eşitdiyi mənhus, dəhşətli xəbərdən dizi üstdə çökmüş qadının dərin sarsıntı içərisində qovrulduğu, yanıb-yaxıldığı təsvir olunub.
Yaxınını, övladını, əzizini müalicə məkanına göndərərək, həyata, gələcəyə ümidlə baxan qadın lap indicə ölüm xəbəri alır və için-için ağlayır.
O, sanki diz çökərək, ətəyindən yapışdığı digər qadına, “yox, yalandır, mümkün deyil, ola bilməz” demək istəyir. Fəqət, əfsus, hər şey bitmişdir.
Onsuz da həyatları puç-heç olmuş və ağır sınaq qarşısında olan insanların diri-diri yanması, haradasa dəhşətdən, faciədən də o tərəf olan bir şeydir.
Bu insanlar üçün sanki həyat var idi, əl atıb tutacaq qədər möcud idi, lakin, o nə geridə xatırlaya biləcəkləri, nə də gələcəkdə bir daha başlaya bilməyəcəkləri halda, bir ekspress sürət qatarı tək gəldi və əsla dayanmada ötərək çıxıb getdi.
Nevroloji, psixoloji, narkoloji dispanserlər, təcridxanalar, mərkəzlər görərkən, yadıma Anton Çexovun 6 nömrəli palata povesti düşür. Bu povestdə dahi yazıçı dispanser, təcrdixana həyatının, ağır iztirabların, çəkilən zillətin, əzabın real, dolğun təsvirini vermişdir.
Əsərdə Andrey Yefimıç deyir, “Sizə deyəndə, nəsə böyrək nasazlığınız, ürəyin böyüməsi filan var və siz müalicəyə başlayacaqsınız, yaxud da söyləyəndə ki, dəli ya da cinyətkarsınız, yəni bir sözlə, insanlar sizə diqqət yetirsələr, onda bilin ki, heç vaxt qurtula bilməyəcəyiniz tilsimə düşmüsünüz. Dartınmağa, çıxmağa çalışacaqsınız, lakin daha da dərinə gedəcəksiniz”
Bu mənada, bir çoxlarının, “əşi, yaxşı oldu, elə bu cür insanların qırılması, həyatdan getməsi məsləhətdir” fikri ilə qarşılaşırıq.
Bəs, insanlar haqqında belə qəti və qəddar hökmün çıxarılması düzgündürmü? Axı onların içərisində, zərərli vərdişdən qurtularaq, normal həyata, ailəsinin yanına qayıdanlar da az deyil?!
Bəs biz, narkomanlıqla mübarizədə, narkotik vasitələrin istifadəsi məsələsində hansı yolu tutmalıyıq?
Məsələn mən, hər səhər işə gedərkən yerə atılmış onlarla şpris, iynə başlıqlarına rast gəlirəm. Bunların hansı məqsədlərlə istifadə olunduğu məlumdur. Keçən yay hətta, bu başlıqlardan biri yaşadığım binanın həyətində oynayan balaca qızcığazın ayağına da batmışdı. Yaxşı ki, uşağın valideynləri işə təcili müdaxilə etdilər və xoşbəxtlikdən müayinədən sonra infeksion yoluxma halı aşkar edilmədi.
Bir neçə il bundan əvvəl isə, yenə yaşadığım binaın yuxarı mərtəbəsində, cavan ər və arvaddan ibarət bir “həkim” ailəsi peyda oldu. Onlar çəkinmədən, usanmadan, azad və sərbəst şəkildə narkotik vasitələrin satışı ilə məşğul olurdular. Ətrafda yaşayan insanların, qonum-qonşunun çoxsaylı şikayətlərinə baxmayaraq cütlük hər hansı şəkildə məsuliyyətə cəlb olunmurdu.
Bəzən, əsasən də axşamlar, ər şəhərin mərkəzində yerləşən laboratoriyasına “dərman” hazırlığı üçün gedər, qadın isə evdəki hazır məhsulları satardı.
Alver əməliyyatı əvvəllər, əsasən qapalı və gizlin şəkildə gedirdi. Lakin, sonradan, o qədər həyasızlaşdılar ki, işi tam açıq formada həyata keçirməyə başladılar.
Hava qaralanda binaya yaxınlaşan müştəri, üzünü həmin mənizlə tutaraq qışqırırdı, “ağzım acılanıb e ölürəm, başuva dönüm ay doktor, ordan bir-iki qənfet tulla”, yaxud da başqa birisi, “ay həkim ölürəm e, boğazımdan heç nə keçmir, dərmanını dərdimə əlac et” deyə səslənirdi. Yuxarıdan isə, içi “dərman”la dolu kibrit qutuları aşağı atılırdı.
Bu cinayətkar ailədəki qadının, polis açıqlamasına görə, guya dəm qazından boğulması, amma qonşuların qənaətincə hədsiz dozada qəbul edilmiş narkotikdən ölməsi baş verməsəydi, bu xəmirin hələ nə qədər su aparacağı naməlum idi.
Bəli, göründüyü kimi vəziyyət heç də ürəkaçan deyil.
Qonşu Gürcüstanda bu məsələdə islahat yolunu tutdular və prosesi dövlət səviyyəsində müəyyən həddlə leqallaşdırmağa qərar verdilər. İndi onlar, bu metodun kömək etdiyini və narkomanların sayının nəzarətdə saxlamağın mümkün olduğunu, hətta azaldığını söyləyirlər.
Bəlkə biz də müəyyən dərəcədə həmin prosesə qoşulmalı, məsələni təcrid olunmuş vəziyyətdən, qapalı, lal mühitdən azad etməyə cəhd göstərməliyik!?
Vüsal Bağırlı
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.