Azər Allahı, Onun müqəddəs Dili, Dini və Eli
15-06-2018, 20:08
Azərbaycanımız haqqında bu dərinlikdə məqalə yazmaq istəmirdim. Çünki, cəhalət qaranlığına öz zəkası ilə nur saçmalı olan bu günkü Azərbaycan ziyalısının çoxu, nur saçmaq əvəzinə özlərini korluğa vurmuş təsadüfi insanlardır. FB-da dostluğumda olan bir neçə nəfər ziyalıdan başqa mən bu məmləkətdə əsl Azər oğullarına rast gəlmədim. Əsl Azər oğlu deyəndə mən – elimizin Haqqla, imanla yaşayan nümayəndələrini, yəni Əhli-Həqqləri nəzərdə tuturam. Belə əsilzadələrin azlığı o deməkdir ki, yazdıqlarımın anlaşılması sual altındadır. Bu vəziyyətdə isə Allahla bağlı olan sirlərin açılması da mənasızdır. Lakin mətbuatda, hardan gəlib hara getdiyini bilməyən, dərindən düşünmə qabiliyyəti olmayan, məntiqsiz cahillərin müqəddəs dinimizə dil uzatmasını görüb, bu məqaləni yazmaq qərarına gəldim. Baxmayaraq ki, bu haqda məqalələr yazmışam. Bu məqaləni də yazdım ki, vətənimizi, dinimizi, mədəniyyətimizi, qədim adət-ənənəmizin dərin mənalarını anlamadan sevən iman adamları, Azər Allahı ilə bağlı sirlərə daha dərindən bələd olsunlar və Allahın “ipinə” daha bərk sarılsınlar.
Firudin Gilar Bəg
“Azərbaycan” adlı məmləkətimizin adı ən qədim mənbələrdə Azir, Asar, Assur, Aşşur və s. şahlığı kimi yazılır və mən bu haqda kitab və məqalələrimdə geniş məlumatlar vermişəm (1). Qədim Misir mənbələrinə görə, Aziru şahlığı - mar, amoreylər ölkəsi olan Kodeşdir (2).Ziqmund Freyd, “Bu insan Musadır” adlı kitabında Musa peyğəmbəri “Kadeş kahinlərinin əcdadı” kimi təqdim edir ki, məhşur alim Devid Rol da, Musa peyğəmbərin tayfası olan madiamlıları – midiyalı adlandırır. Başqa sözlə, Aziru/Azər/Asar şahlığı – Musa peyğəmbərin Midiya xalqı və Kodeş ölkəsi ilə bağlıdır. Deməli, biz Azəri şahlığı ilə bağlı daha dəqiq məlumat almaq üçün midiyalı Musa peyğəmbərin Tövrat (Torah) kitabına müraciət etməliyik. Bunu üçün isə ilk növbədə, yalnız samitlərlə yazılmış Tövratın dilini araşdırmalıyıq.
Yəhudi mənbələrinə görə, Tövrat – “laşon akodeş” adlanan “müqəddəs dil”də yazılmışdır. Sufizmdə müqəddəs “lisani kodeş” (laşon akodeş) dili - Kodeş ölkəsinin, yəni Aziru/Azəri şahlığının dili deməkdir. Belə çıxır ki, Tövrat – Azəri şahlığının Midiya marlarının müqəddəs dilində yazılmışdır. Yəhudi müdriklərindən olan Mar Zutra (Mar Ukva) bildirir ki, Tövrat əvvəl müqəddəs dildə verilsə də, Ezranın dövründə, Aşuri əlifbası ilə aramey dilində qeyd olundu. Sonda İsrail, Aşuri yazısını özünə yazı sistemi kimi qəbul etdi. Yazı ona görə Aşuri adlandı ki, yəhudilər onu Assuriyadan “qalxanda” özləri ilə gətirdilər. Başqa sözlə, Tövrat – qədim Assur/Aşuri yazısı ilə, yəni Azəri əlifbası ilə aramey dilində yazılmışdır.
Aramey dili mənbələrdə “tarqum” dili də adlanır və xaldeylərin dili hesab olunur. Araşdırıcılara görə bu dil, 70 dildə yazılmış mətnlərə təfsir, şərh, daha doğrusu təvil verən xüsusi dildir. Onun mənası – mistik fikirlər, ideyalarla bağlı batini mənadır ki, Tövrat bu dilə xüsusi hörmət göstərir (3). Yəhudi yazılarına görə, Allah “dünyanı” yaradarkən bu kitaba baxırmış. Babil qülləsi tikildikdən sonra Allah, insanlar bu qüllənin sirlərini bilməsinlər deyə, vahid dili 70 dilə böldü. Deməli, Kodeş dili – Şərqdən gələn və bir dildə danışan ilk varlıqların dilidir. Mənbələrə görə, bu vahid dil - Babil qülləsi tikilənədək ilk insanların dili olmuşdur və “quş dili” adlanmışdır (4). Anri Korbenə görə bu dil - mahiyyətin və təmiz varlığın dilidir, məhz bu dil vasitəsi ilə daxili və ruhi varlıqlar, digər daxili və ruhi varlığa, öz varlığının keyfiyyəti haqqında informasiya verir. Başqa sözlə, Korbenə görə də vahid dil, bütün varlıqların təşkil olunduğu ilkin materiyanın “dilidir”. Bu “dili” isə təbii halda peyğəmbərlər qəbul edə bilir (5). Bu o deməkdir ki, Şərqdən gələn və bir dildə danışan ilk varlıqların vahid dili - ilkin materiyanın “dili”dir. Tövratda vahid dil – “safa əhət” kimi səslənir ki, bu da vahid dilin elə safa, yəni sufi (sofi) dili olması deməkdir. Başqa sözlə, biz Azər rəmzi ilə bağlı sirləri açmaq üçün “quş dili”nin qanunlarına, yəni rəmzlər dilinə müraciət etməliyik.
Qədim mətnləri araşdıran tanınmış alim A. Oppenheym, özünün “Древняя Месопотамия” kitabında yazır ki, “məktubdakı bütün ifadələr demək olar emosiyalarla doludur: onlar bəzən elə mövzuya toxunurlar ki, bizim üçün qaranlıqdır, oradakı işarələr isə yalnız öz ünvanı üçün aydındır... Onların terminləri arasında həddən ziyadə sirli xüsusi deyimlər mövcuddur” (6). Bu o deməkdir ki, qədim yazılar – rəmzlər dilini başa düşən sufilər üçün yazılmışdır və yalnız onlar “quş dili”ndə yazılmış rəmzlərin izahını anlayırlar.
Sufizmdə “quş dili”, rəmzi mənada qəbul olunur və sufi pirinin ekstatik durumda getdiyi tərikə yolu mənasında qamlıq, şamanlıq məqamıdır. Aramey (mar, amorey) dilinin mənbələrdə “tarqum” (TRQ-M) adlanması da onu deməyə əsas verir ki, Tövrat kitabı - sufizmin tərikə yolunu keçən türklərin (TRK) kitabıdır. Tarqum dilinin rəmzlər dili olması, onun, sufinin keçdiyi tərikə yolunun - ekstazın, şamanlığın “dili” olması deməkdir ki, bu zaman insan ruhu ilkin materiyaya qovuşur və ondan informasiya almağa başlayır. Tövrat kitabının öz adı olan “Torah” (TRH) rəmzi də, tarqum (TRQ-M) rəmzi kimi, sufizmin “tərikə” (TRK) və türk (TRK) rəmzləri ilə eyni mənalıdır. Başqa sözlə, tarqum dili – sufizmin tərikə yolunu gedən türkün rəmzlər dilidir. Bu kitabın Assur/Aşuri şrifti ilə yazılması da, onun Asar/Assur/Aşuri, yəni Azəri türklərinin müqəddəs kitabı olması deməkdir.
Digər tərəfdən, aramey, yəni tarqum dili mənbələrdə xaldeylərin (kəldani) dili hesab olunur. Herodot xaldeyləri Assuriya ordusundakı taqım kimi göstərir. Əhdi-Ətiqdə İsaya (Yeşay) peyğəmbər bu haqda yazır: “Bu Xaldeya torpağıdır. Bu xalq əvvəl yox idi; səhra əhlindən olan Assur ona başlanğıc verdi. Onlar öz qüllələrini yaradır, təntənəli imarətlərini dağıdaraq, onu xarabalığa çevrirlər (7). Deməli, İsaya peyğəmbərə görə, Xaldeya xalqı – “səhra əhli”ndən olan Assurdan başlanır ki, onlar özlərinə qüllə tikmişlər.
İran yazılarına görə, Assur ölkəsi olan Asuristan elə Babil ölkəsidir (8). Babil (Bab-İlu) rəmzi mətnlərdə “Allahın qapısı” mənasını verir. Mənbələrdə Xaldeya mənasında olan Xalda rəmzi də, Urartu Allahları siyahısında “Xalda darvazası” və “Xalda darvazasının Allahları” kimi keçir. Çox qüdrətli silaha malik olan Xalda müharibə Allahı, Urartu dövlətinin və şahının himayədarı hesab olunur (9). Bu isə o deməkdir ki, “Allahın qapısı” mənasında olan Babil qülləsi elə Xalda, yəni xaldeylərin darvazasıdır. Quranda Xalda rəmzi Xüld kimi keçir və cənnətə aid edilir (10). Başqa sözlə – Xalda darvazasından başlayan və “başı göylərə çatan” Babil qülləsi elə Allahın göydə yaratdığı Xüld cənnətidir və xaldeylər də, yəni Xalda assurları da cənnət əhalisi sayılmalıdırlar.
Evseviy xaldey sülaləsini - “kuti sülaləsi” adlandırır (11). Kutilər isə mənbələrə görə, şahlığı göydən endirilmiş Midiya əhalisidir. Bu isə onu deməyə əsas verir ki, xaldeylər – göydən gəlmiş Assur, yəni Asar/Osiris/Azər nəslidir.
Əhdi-Ətiqdə, İezekiil peyğəmbərin kitabında Misir və Assur ölkəsi - Livandakı sidr ağacı adlandırılır: “Misirin – hündür sidr ağacının yıxılması:… Budur, Assur Livandakı sidr ağacı idi… Sular onu böyüdürdü, sonsuzluq onu qaldırırdı… O öz boyunun hündürlüyü və budaqlarının uzunluğu ilə gözəlləşirdi, çünki onun kökü böyük dərya sularında idi” (12). Bu o deməkdir ki, Misir, Assur elə - göylərdəki “dünya ağacı” rəmzindədir. Misir ilə Assur ölkələrinin eyni mənada göstərilməsi o deməkdir ki, Misir rəmzi Devid Rolun yazdığı kimi “Asr və ya Asardan törənmiş” (M-Asar/Masr) mənasındadır. Asar/Assur isə bərəkət və əkinçilik Allahı olan Osiris, yəni Oziri - Azər Allahıdır. Belə çıxır ki, Əhdi-Ətiqə görə Misir və Assur ölkəsi – göydə yaradılmış ruhlar dünyasıdır və bu dünyanın qapısı da xaldeylərin Babil qülləsidir.
Xaldeya, Xalda (XLD) və s. rəmzləri sufizmdə Xilat (XLT) rəmzi ilə eyni mənalıdır. Mənbələrə görə, II Nəsir əd-din Məhəmməd Sökmən, Xelatı və digər çoxlu şəhərləri aldıqdan və “On iki şəhər”ə yiyələndikdən sonra özünü Şahi-Ərmən adlandırdı (13). Bundan sonra isə Xilat - Azərbaycan atabəglər ailəsinin malikanəsinə çevrildi. Bu o deməkdir ki, Kadeşin Aziru şahlığı elə Azərbaycan atabəglərinin Xilat elindən başlanır və “On iki şəhər” rəmzi də Allahın göydə yaratdığı ruhlar dünyası ilə bağlıdır.
Ən qədim mənbələrdə Ərmən, yəni “RMN” rəmzi – Ra-Amon Allahının adı kimi keçir və Misir fironu Amonun ruhunun, teurqiya vasitəsi ilə göydə yaratdığı Ra “günəşi” (diski) ilə birləşməsini bildirirdi. Qədim Misir mətnlərində Ra-Amon Allahı – “bütün Allahların Atası və Allahı” kimi qeyd olunur. Belə çıxır ki, Ərmən rəmzi Ra-Amon günəş Allahı deməkdir və bu obraz – Azərbaycan bəglərinin Atası və Allahı sayılmalıdır. Şumer yazılarında Ərmən/Ra-Amon (RMN) rəmzi Enmer-Kar (NMR-KR) kimi qeyd olunur və Ra-Amon-Qor mənasında, Ra-Amon Allahının həm də Qor Allahı olması nəzərə çatdırılır. Devid Rol bildirir ki, Eridu şəhərində yaşayan şumerlilər, ölümlü Enmer-Kar şahını – Enki oğlu Asar İlahi statusu ilə adlandırdılar (14). D. Rola görə, Marduk və Assur Allahları - Eridudan olan “Enki və Damkinin (Etemenanki) oğlu” Asardan və ya Asar-Luxidən yaranmışlar. Mardukun əsas ləqəbi Asar-Luxidir ki, “Luxi”, yəni Luhi (LH) rəmzi yəhudi və İslam mənbələrində “Eloah” (LH) və “İlah” (LH) kimi yazılıb, Allah mənasını verir. Deməli, Asar-Luhi, yəni Asar-İlahi mənasında olan Asar Allahı – qədim Misirdə Ra-Amon və Qor kimi tanınan günəş Allahıdır. Bu Allah isə Azərbaycanın Xilat atabəglər ailəsinin şahı olmuş II Nəsir əd-din Məhəmməd Sökmənin ölümsüzlük qazanmış ruhudur. Sökmən şahın “On iki şəhər”ə yiyələnəndən sonra özünü Şahi-Ərmən adlandırması - onun göydə On iki “hissədən” ibarət ruhlar dünyasını yaratdıqdan sonra, özünün bu dünyanın Allahına çevrilməsi anlamındadır. Quranda Ra-Amon Allahı – Rəhman kimi, Asar rəmzi isə Ərş kimi qeyd olunur ki, sufizmdə bunlar eyni mənalı rəmzlərdir. Məhəmməd Sökmənin “On iki şəhər”ə yiyələnməsi Quranda Rəhmanın Ərş taxtında bərqərar olması kimi rəmzləndirilir (15).
Qədim Misir kosmoqoniyasının Geliopol (Gel şəhəri/Gelat/Xilat) variantına görə, “Dünya”nı yaradan Allah, əvvəl Şu və Tefnut cütlüyünü yaradır. Onlar isə Nut göyünü və Qeb torpağını yaradırlar. Daha sonra Şu Allahı qalxaraq, Qeb torpağını göyə qaldırır və göydə saxlayır. Bundan sonra isə Allah - dünyaya hakim kimi Osiris, yəni Asar/Azər Allahını yaradır. Onun ardınca isə Set və onun 72 xalqı yaradılır.
Biz yuxarıda yazdıq ki, yəhudi mənbələrinə görə, müqəddəs dildə verilən Tövrat, Aşuri əlifbası ilə qeyd olundu və bu yazını yəhudi-seçilmişləri “Assuriyadan qalxanda” özləri ilə gətirdilər. Burada – “Assuriyadan qalxanda” rəmzi, Şu Allahının Qeb torpağını göyə qaldırması anlamındandır. Qədim Misir mənbələrində “göyə qaldırılmış torpaq” dedikdə Misir ölkəsi və “piramida” mənasını verən “MR”, yəni “mar” rəmzi nəzərdə tutulur. Başqa sözlə, Göyə qaldırılmış Qeb/Qeyb cənnəti – Midiya mar-amoreyləri ilə bağlıdır. Bu mənbələrdə “mer” (piramida) rəmzi ilə eyni mənada “xenn”, “xennu” rəmzi də qeyd olunur. Bu isə “xanan” (kənan), yəni xunn, hunn mənasındadır (16). Belə çıxır ki, Midiyanın mar-amoreyləri və hunnlar eyni xalqdır və onlar “göyə qaldırılmış torpaq” əhlidirlər. Əgər nəzərə alsaq ki, Zaxariya Ritora görə Əhdi-Ətiq kitabı hunn torpağında, hunn (xunn/xanaan) dilində Alban yepiskopu Kardostun başçılığı ilə buraxılmışdır, razılaşarıq ki, hunnlar elə Midiya marları-amoreyləridir (17). Midiya hunnlarının göyə qaldırdıqları torpaq haqda Şumer yazılarında da məlumatlar verilir.
Şumerlərin “Göy və Yerin Dağı” adlı mifində qeyd olunur ki, əvvəl heç nə yox idi. Göy və yer bir dağ kimi Nammu ilkin sularında idi. O özündən, oğlu və qızı rəmzində Anu və Ki-ni yaratdı və ayrı yerləşdirdi. Sonra onları ər və arvad kimi birləşdirdi və bunlardan Enlil və Annunakilər yarandı. Bundan sonra An dağı böldü və hündür hissəsini göyə qaldırdı. Enlil isə düz səthini aşağa saldı və beləcə göy və yer yarandı. Daha sonra Enlil, bacı və qardaşları ilə torpağı nurlandırıb isitdilər və o gözəlləşdi. Enlil yerin ortasında Nippur şəhərini, onun qanunlarını yaratdı və onu nəzarətə götürdü. Onun mərkəzində isə hündürlük yaratdı və orada özü üçün lacivərddən, “başı göylərin ortasına çatan məkan” düzəltdi ki, oradan kölgəsi dünyanın hər tərəfinə yayılıdı. Burada – “başı göylərin ortasına çatan” məkan dedikdə - başı göylərə çatan Babil qülləsi nəzərdə tutulur ki, bunları da Nammu, yəni Ammon (Amon) Allahı yaratmışdır. Dağın göyə qaldırılmış hissəsi isə “qaldırılmış torpaq” mənasında cənnət deməkdir.
Quranda da göyə qaldırılmış torpaq, dağ, piramida və s. mənasında olan cənnətdən danışılır (18). Burada, göyə qaldırılmış dağ – Tur (Turi-Sina) dağı adlandırılır və göydəki bu dağın qapısı isə cənnətin qapısı mənasında göstərilir (19). Quranın bu ayəsində “qapı” sözü - “el babe” rəmzi ilə verilib ki, bu da Babil qülləsi, yəni Xaldeya – Assur/Azər şahlığına aid edilməlidir. Deməli, mətndə - “Assuriyadan qalxanda” dedikdə, firon/pir Amonun Şu ruhunun göyə qaldırdığı Misir ölkəsi başa düşülməlidir. Misir ölkəsinin başqa adı Ta-Meri (Mar-Tu) kimi səslənir ki, bu da “göyə qaldırılmış Allah” (Ata/Tea/Dia) deməkdir. Misirin digər adı isə “Kem” (Kam) ölkəsidir ki, bu da göydəki Misir ölkəsinin qamlıq, şamanlıq vasitəsi ilə yaradılması anlamındadır. Kitabi Dədə Qorqudda bu Qam ölkəsini Qazan xan - «Qom qomlamam qoma yurdum» adlandırır və bu da Kem/Qam ölkəsinin qamlama, şamanlıq vasitəsi ilə yaradılması deməkdir.
Qədim Misir mətnlərində Osiris Allahının rəmzi – Onun fəqərə sütunu sayılan Ced sütunudur və onu Tet sütunu da adlandırırlar. Ced fəqərə sütununun qaldırılması – Osiris Allahının qalxması deməkdir ki, bu da nəhəng insanın yer üzündə ayaq üstə durması anlamındadır. Qədim Misirin “Ölülər kitabı”nda deyilir: “Sən, ey Osiris qalx! Ey Möhkəm Ürəkli, sən öz fəqərə sütununu aldın! Ey Möhkəm Ürəkli, sən öz boynun və belin üçün dayaq aldın! Öz sütununda bərqərar ol. Mən sənin qarşında su qoydum və sənə qızıldan Ced sütunu gətirdim ki, sən sevinəsən” (20). Burada magik ritualdan söhbət gedir və sütunun qalxması ilə bərabər, bu sütunun üstündə, ilkin materiyadan, yerdəki ərazinin bənzəri - ruhlar eli, ruhlar ölkəsi var olur.
Mənbələrdə Asar/Osirisin ruhu Orion ulduzu sayılır. Yunan mifologiyasında Orion - nəhəng insandır ki, dəniz Allahı Poseydon ilə Geyadan yaranmışdır. “Piramida mətnləri”ndə deyilir: “Budur, sənin adın – “Odur – hansı-ki – Oriondadır, Osiris”. Başqa sözlə, ayaq üstə qalxmış Osiris Allahı özü ilə birlikdə öz “ruhundakı dünyasını”, yəni cənnətini də göyə qaldırır və onu Orion adlandırır. Orion rəmzi sufizmdə Ərən və Aran rəmzləri ilə eyni mənaldır. Aran isə Albaniyanın (Alvan/Livan) digər adıdır. M. Xorenatsiyə görə, Alban şahı olan Aran - Sisaka nəslinə aiddir və məlumdur ki, Sisaka hakimləri də sonradan Aranşah sülalə adını daşıdılar. Movses Kalankatusi və s. tarixçilərə görə, Albaniya ölkəsi Aran nəslinə verilmişdir. M. Xorenatsi isə Aranı - bədəni ərazi kimi qeyd olunan kosmik insan kimi təsvir edir və bildirir ki, o (Aran) Sisaka nəslinin nümayəndəsidir (21). Bu isə o deməkdir ki, Aran – qədim şumerlilərin Luqal adlandırdığı nəhəng kosmik insandır. Eyni məntiq, qədim hind yazılarında daha geniş izah olunur ki, burada şahlıq – şahın, yəni Allahın bədəni anlamındadır. Araşdırıcı Q. F. İlyin bu haqda yazır: “(Racın) Monarx dövləti əsasən yeddi əsas elementdən (prakriti) və ya üzvlərdən (anqa) ibarətdir. Şah – bu şahlıqdır: dövlətin [bütün] elementlərinin qısa mənası belədir. Və bu sadəcə aforizm deyildir. Qədim hind siyasi təfəkküründə uzun müddət qalmış və çox qədimlərə gedən təsəvvürə görə şah və şahlıq birdir və bu şahlıq sanki şahın bədənidir və dövlətin elementləri də onun bədəninin elementidir (üzvüdür)” (22). Bu isə o deməkdir ki, Hind mənbələrində Asur adlanan və Asar/Osiris Allahının ruhu mənasında olan Orion/Aran - bədənində ruhlar dünyası, ruhlar eli zühur etmiş Allah obrazıdır. Qədim Misir yazılarında bu kosmik insan – Atum Allahı, digər mənbələrdə isə Adəm adlandırılır ki, Tövratda da Adəm – dünyanın o başından bu başına qədər olan nəhəng varlıq kimi göstərilir. Midiya (MD-Y) rəmzi də sufi məntiqində “Ya-Adəm” (Y-DM) mənasını verir və bu da – kosmik insan Atum/Adəmin məhz Midiyada ayaq üstə durması deməkdir. Adəmin bədənində var olmuş bu göydəki el haqqında mən kitab və məqalələrimdə geniş izah vermişəm. Bu elin zühur etməsi üçün keçirilən ritual isə - Ced sütununun qaldırılmasıdır.
Qədim Misir mətnlərində Cəd/Tet sütunu Busirisdə qaldırılır ki, bu Osirisin ölmüş bədəninin bərpası, yəni onun dirilməsi mənasında idi. Evdoksa görə də, Osirisin bədəni, onun doğulduğu yerdə - Busirisdədir (23). Busiris, yəni Ba-Osiris rəmzi, Ba-Asar mənasında - Amon Allahının Ba ruhu ilə və Ra günəşi mənasında olan Osirisin vəhdətini bildirir. Busir rəmzi mənbələrdə Ba-Oziri, yəni İbuzir kimi də yazılır ki, mətnlərə görə İbuzir – Xəzər xaqanı olmuşdur (24). Xəzər rəmzi isə sufizmdə Azər, yəni Asar Allahı deməkdir. Başqa sözlə, Asar/Azər Allahının sütunu Busir/Busiris “şəhərində” qaldırılmışdır ki, bu da rəmzi mənada Amonun Ba ruhunda, yəni Bəqa səviyyəsində keçirdiyi ritual - teurqiya mənasındadır.
Yazdıqlarımızdan belə bir nəticə çıxarmaq olar ki, Kodeş/Kadus elindəki Aziru şahlığı dedikdə, qapısı Busirsin Xilatında olan göydəki cənnət nəzərdə tutulmalıdır. Bu cənnəti isə Şu Allahı, yəni pir/firon Amonun ruhu qaldırıb, göydə saxlayır. Burada qeyd etmək lazımdır ki, Şu ruhu – bütün canlılarda da olan ruh, Ba ruhu isə - Bəqa (Ba+Hu) səviyyəsində, İlahla vəhdətdə olan ruh deməkdir. Şu Allahı sonrakı mənbələrdə Sia, Yeşua (Ya-Şu), İisus, Şiə kimi qalmışdır. Mətnlərdəki akkadların “Şumer” rəmzi də “Şu-Mar” fikrini ifadə edir və göylərlə bağlı olan midiyalılara aiddir. İslam mənbələrində Xalda/Xilatın Şu marları – Gelati-Şiə adlandırılır və bu rəmz batini sirləri bilən ifrat şiələrə aid edilir. Şu Allahının bu şiələrinin dini isə mənbələrdə “İmamiyə İsna Aşəriyə” kimi qeyd olunur ki, bu da Aşşur/Assur, yəni Asar/Azər Allahının On iki imamını əsas tutan din anlamındadır. Qurana görə, ilk şiələr Nuh və yəhudilərin patriarxı olan İbrahim peyğəmbər olmuşlar. İslam ezoterizminin məşhur tədqiqatçısı Anri Korbenin gəldiyi nəticəyə görə isə, şiə ezoterizmi İranda, müsəlmanlıqdan da əvvəl olmuşdur.
Quranda “İsna Aşəriyə” rəmzi Musa nəslinə aid edilir və onların haqq yolu ilə getdikləri nəzərə çatdırılır (25). Burada “On iki” rəmzi - Musa peyğəmbərin daşdan on iki bulaq çıxarması ilə əlaqələndirilir. Digər yerdə isə, “Allahu İsna Aşera”, yəni Allahla bağlı olan “On iki” rəmzi aylara aid edilir və bu rəmzin, Allahın göyləri və yeri yaratması ilə bağlılığı nəzərə çatdırılır (26). Bu isə o deməkdir ki, buradakı Aşera rəmzi, Allahın Göy və Yeri yaratması ilə bağlıdır və Asar/Osiris deməkdir. Mənbələrdə İşna Aşəriyə - “Cəzirə İsna Aşəriyə” kimi də qeyd olunur və bu da Azərin “On iki” rəmzinin adalara aid olması deməkdir. Başqa sözlə, On iki imam dini – dünyaya hakim kimi yaradılmış Asar/Azər Allahının dinidir. “On iki” rəmzi isə “dünya”nın yaradılması zamanı istifadə olunan rəmzləri bildirir.
Əflatuna görə, göydəki dünya, yuxarıdan baxışda - 12 hissəli dəridən tikilmiş və müxtəlif rənglərlə işlənmiş alabəzək top kimi görünür (27). Qədim Misir yazılarında bu 12 rəmzi - bürclərə, aylara, saatlara və s. aid edilir. Günəş və Ay Allahlarının doğumları da 12 saat ərzində baş verir ki, bu haqda mən “Batini-Quran” kitabımda geniş məlumat vermişəm. “On iki” rəmzi ilə bağlı fəlsəfə sonradan bütün dinlərə, təriqətlərə və s. təsir etmişdir. İslamda On iki imam dedikdə, Sadat silsiləsindən olan müçtehid və imamlar nəzərdə tutulur ki, onlar Quranın ezoterik mənalarını izah edən, dinin əsasları, şəriəti mühafizə edən elm sahibləri, başçılarıdır. Lakin On iki imam fəlsəfəsi bizə, əsasən şiələrin İsmailiyə fəlsəfəsi kimi məlumdur. Məntiqinə görə bu fəlsəfə - qədim Misir fəlsəfəsi ilə eynidir.
İsmailiyə fəlsəfi dünyagörünüşünə görə “dünya” - 12 ay və ya 12 bürcə uyğun olaraq, 12 “ada”dan (cəzirə) ibarətdir ki, hərəsinin öz ali xətibi var və onları “Dai Duat əl-cəzirə” və ya “Hüccət əl-cəzirə” adlandırırlar. Burada “ada” dedikdə - ilkin sulardakı, yəni göy sularındakı ada – ilkin materiyadakı ruhlar dünyası nəzərdə tutulur. Qədim Misir yazılarında bu ada – “Od adası” kimi qeyd olunur və Osiris Allahı da odlu adadan gəlmiş – “Od oğlu od” adlandırılır. Bu o deməkdir ki, şiələrin “İsna Azəriyə” dini – qədim Misir Allahı olan Asar/Azər Allahının dinidir. Ümumiyyətlə, “İsmailiyə” rəmzi, sufi-batinilikdə “İslam” rəmzi ilə eynidir və hər ikisi – “İssi-Aləm”, yəni “göydəki Aləmin ruhu” anlamında Amon Allahının ruhunu bildirir. Bu isə o deməkdir ki, İslam dininin bazası, kökü məhz İsmailiyə fəlsəfəsidir və bu da bizlərə sufi islamının batini mənası kimi məlumdur. Məhşur sufi alimi Qəzaliyə görə də, İslamın mahiyyəti sufizmdir.
İsmailiyə/İsmail rəmzi Əhdi-Ətiqdə İzmail kimi keçir. Mənbələrdə izmailli (ismaili) deyəndə əsasən Qalaad, yəni Xalda/Xilat və Madiam/Midiya nəzərdə tutulur (28). Tövrata görə, qardaşları Yusifi (İosif) məhz Qalaaddan gələn izmaillilərin karvanına satır və onlar digər yerdə “Madiam tacirləri” adlanırlar (29). İzmaililər - İbrahim peyğəmbərin Aqaradan olan oğlu İsmailin törəmələridir ki, İzmail tayfasının şahzadələri 12 nəfər olmuşlar (30). Müqəddəs həvari Pavel, “Qalatalara müraciətnamə”sində deyir ki, “Aqar” rəmzi - Sinay dağı deməkdir və o, indiki Yerusəlim şəhərinə uyğundur (31). Başqa sözlə, İsmailiyə fəlsəfəsi – Midiya yurdunun Xalda/Xilat elinin Sinay dağında var olmuş On iki qardaşlığın fəlsəfəsidir.
Sufizmdə “On iki” rəmzi “əl-bədəviyə” sufi qardaşlığı (türük, tərikə) ilə də bağlıdır və bu qardaşlıq Əhməd əl-Bədəvi ilə əlaqələndirilir. “Köçəri vəziyyəti” mənasını verən “bədəvi” rəmzinin bilavasitə sufi qardaşlığı ilə əlaqəsi o deməkdir ki, buradakı “köçərilik”, sufi müridlərinin tərikə yolu ilə ilkin materiyaya etdiyi “köç” - səyahət mənasındadır. Yəni, buradakı “bədəvi” rəmzi, sufizmdəki “bodi” - tam kamilliyə çatmış, dərk olunmayan şeyləri dərk edən, ekstaz vəziyyətində “görən” anlamındadır. Göydəki Beyt (BT) də Bodi (BD) səviyyəsində yaradıldığı üçün eyni mənalı rəmzlərlə ifadə olunur. Yazılara görə, On iki ana qardaşlıqdan ibarət olan bu silsilə Əli ibn Əbu Talibdən başlanır. Lakin buradakı 12 rəmzi eyni zəmanda 12 həvari rəmzi ilə də bağlıdır ki, həvari (xavar/qavar) rəmzi də kəbir (böyük, nəhəng) deməkdir. Məlumdur ki, əvvəllər İsa peyğəmbərin əshabələri həvari adlanmışdır. Sonralar Məhəmməd peyğəmbərin də 12 ən yaxın əshabəsi həvari adlanmağa başladı. İbn Ərəbi həvariləri xüsusi insan qrupu kimi göstərir ki, onlar möcüzə göstərmək qabiliyyətinə malikdirlər.
On iki qardaşlıq dini sonradan Avropaya da keçmişdir və ora köç edən Odin, yəni Azər Allahı burada qayda-qanun yaratdıqdan sonra, Asqard (Saqarta) adlanan və insan ayağını dəymədiyi dağın başında 12 Ezirin (Azər) yaşadığı sehirli saray tikir. Deməli, Avropa miflərinin kökündə duran 12 Ezir elə ismaililərin On iki imamıdır. Bildiyimiz kimi, bu On iki imam - “Sadat silsiləsi”, “Aliyə silsiləsi”, “Qızıl silsilə” və s. adlanan otuz üç möminlər qrupuna daxildir ki, onlar İslam dininin hər bir dövründə vəzifə yerinə yetirən dindarlar olmuşlar. Otuz üç rəqəmi isə Avropada masonluqla bağlıdır və masonluqda bu dərəcə ən ali dərəcə sayılır. Belə çıxır ki, On iki imam qardaşlığı təkcə dinlərin yox, masonluğun da təməlində durmuşdur (32).
İsna Aşəriyə rəmzindəki “İsna” rəmzi də batinilikdə çox dərin mənalara malikdir. Mənbələrdə bu rəmz - qalxmaq, yuxarı qaldırmaq, atəşin yüksəlməsi, məzar, qəbir və s. mənalarındadır. Bütün bu mənaları ümumiləşdirsək, İsna rəmzi – göyə qaldırılmış məzar, göydəki ölüm şahlığı və s. mənasını verər ki, bu da elə qədim Misirin Osiris/Asar Allahının ölüm şahlığı deməkdir.
Lakin batinilikdə İsna rəmzi həm də Sin rəmzidir və bu rəmz Şumer, Mesopotamiya mənbələrində - Xarrandan olan Ay Allahı adlandırılır. Tədqiqatçı Devid Rol “İtirilmiş Əhd” kitabında qeyd edir ki, mənbələrdə “İl-Amurru” kimi də yazılan Əhdi-Ətiqdəki El rəmzi, patriarxal dövrdə təbii olaraq Xarrandan olan Ay Allahı Sin ilə eyniləşdirilirdi. İl-Amurru, yəni amoreylərin (midiyalıların) El Allah da qədim mənbələrdə - Ay kultu emblemi fonunda dayanmış və ya onu əlində tutmuş vəziyyətdə təsvir edilir. Tapılmış əşyalarda, “Amurru torpağının Sin Allahı” kimi tərcümə edilən yazılara rast gəlinir (33). Şumer, Mesopotamiya mənbələrdə El (İl) rəmzinin “El-Amurru” kimi yazılması, onun Əli-Əmir (Əli –Əmir əl möminin) mənasında olması deməkdir. Ay rəmzi isə bildiyimiz kimi İslamın rəmzidir. Tövratda yəhudilərin El Allahı - Səlim [SLM] şahının Allahı adlandırılır ki, bu da elə İslam [SLM] Allahı deməkdir. Belə çıxır ki, Səlim, yəni İslam Allahı olan yəhudilərin El Allahı - imam Əlidir. İsna Aşəriyə adlanan şiəlik isə, Xarran və onunla eyni mənalı olan Arran/Aranın – Midiya mar, amoreylərinin El-Amurru Allahından, yəni İmam Əlidən başlanır.
Məşhur sufi Cabir ibn Xəyyanın “Kitab əl-Məcid” traktatında, “Sin” rəmzi gözlənilən imama aid edilir. Tədqiqatçı Anri Korbenə görə, “Sin – qərib, səyyah, yetim mənasındadır və öz zəhməti ilə İmama gedən yolu tapanın, özü kimi səyyahlara İmamın təmiz nurunu göstərənin obrazıdır...”. Burada İmamın özü – İlahi Ruhdan axaraq dünyamızdakı vəziyyəti dəyişəcək olan Eliksir (əl-İksir) kimi göstərilir. Deməli, amoreylərin Xarrandan olan Sin – Ay Allahı, ilkin materiyanın təcəssümü olaraq, axirətdə insan obrazında zühur edəcək İmamın obrazıdır.
Digər tərəfdən, Sin rəmzindən Sünnü rəmzi yaranmışdır və bu da İslamın digər qolunun adıdır. Belə çıxır ki, İslamın “Sünnü” və “Şiə” rəmzləri batini mənada eyni olub, Ay obrazlı Mehdini gözləyənlərə və onun ardıcıllarına aiddir.
Tövratda Sin rəmzi Sinay kimi qeyd olunur və bu rəmz - Allahın Musa peyğəmbərin gözünə görünüb, ona on nəsihət verdiyi dağın adıdır. İzrail oğullarının bütün qırxillik səyahəti Sin (Sinay) və Kadis səhralarının da daxil olduğu böyük və qorxunc Faran səhrasında keçmişdir (34). Tövratda Kades (Kades-Varni) - Xanaan torpağında şəhər və “böyük və dəhşətli səhra” adlandırılır. Sufi-batinilikdə Faran rəmzi həm efiri, yəni ilkin materiyanı və həm də firon rəmzini bildirir. Deməli, Sinay və Kadis səhraları dedikdə efir, yəni ilkin materiya göyləri nəzərdə tutulur ki, buradakı səyahət də, sufinin ekstatik durumda – Allahdakı “suluq” seyri mənasındadır.
Biz yuxarıda qeyd etdik ki, İsaya peyğəmbərə görə, Xaldeya torpağına başlanğıcı – “səhra əhlindən olan Assurlar” verdi və onlar öz qüllələrini yaratdılar. Tövrata görə, Şərqdən gələn və bir dildə danışan xalq – Sennaar torpağında Babil qülləsini tikdilər. Buradakı Sennaar rəmzinin kökü Sin (SN) rəmzidir. Misir dilində bu rəmz SNQR kimi qeyd olunur ki, bu da “SNQ-R” rəmzidir. “SNQ” rəmzi isə batinilikdə Sünik rəmzi ilə eynidir və bu rəmz bəzi mənbələrdə Süni kimi yazılır. Süni isə elə Sin, Sinay rəmzləri ilə eyni mənalıdır. Başqa sözlə, yəhudilərin Sinay/Sion dağı elə Albaniyanın Süni/Sünik dağıdır. Təbrizli Arakelə görə, bu dağda müqəddəs Atalar, ruhların əbədi yaşaması üçün “səhra” tikmişlər (35). Belə çıxır, Yeşay peyğəmbər – “səhra əhli olan Assurlar” dedikdə - göydəki “səhradan” gəlmiş Asar/Assur Allahlarını nəzərdə tutur. Digər tərəfdən, Müqəddəs həvari Pavel Sinay dağını “Aqar” adlandırır ki, İbrahim peyğəmbərin Aqaradan olan oğlu İsmail (İzmail) tayfasının şahzadələri 12 nəfər olmuşlar. Bu isə o deməkdir ki, İsna Aşəriyə adlanan “On iki” rəmzi, qardaşlığı məhz Sünik/Süni/Sinay dağı ilə bağlıdır və mənbələrə görə Sünik-Sisakan eli də 12 vilayətdən ibarət olmuşdur.
Sinay rəmzinin Kadislə eyni əraziyə aid edilməsi onu göstərir ki, Süni dağı Midiyanın Kadus elindədir. Strabonun “Coğrafiyası”na görə kaduslar, amardlar və s. tayfalar məhz Nifat və Zaqr dağlarına səpələnmişlər (36). Buradakı “amard” rəmzi – Mar-Tu və ya Ta-Meri mənasında olan Misir-Assur ölkəsinə və onun mar-amoreylərinə aid edilməlidir. Nifatu dağı – qədim Misir mənbələrində Amon Allahının Napat (Nifatu) eli kimi qeyd olunur. Buradakı Zaqr rəmzi isə Sokar rəmzi ilə eyni mənalıdır və bu rəmz altında ölüm şahlığı və Osiris-Ptah-Sokar Allahları nəzərdə tutulur. Bu isə onu deməyə əsas verer ki, Sinay və Kadis rəmzləri elə Kodeş və orada yerləşən Osiris/Aziru şahlığı ilə bağlıdır.
Yazdıqlarımızdan belə bir nəticə çıxarmaq olar ki, ən qədim mənbələrdə Azər (Asar) Allahı dedikdə, bu gün Azərbaycan adlanan məmləkətdə yaşamış pirlər, seyid-bəglər, şıxlar və s. müqəddəslər nəsli nəzərdə tutulmalıdır. Bu xalq Allah tərəfindən ilk olaraq İlahi xalq kimi yaradılmışdır. Onların müqəddəsliyi, yəni İlahla vəhdəti haqqında mən kitab və məqalələrimdə geniş məlumatlar vermişəm. Asar/Azər xalqı, digər yaradılmış 72 xalqdan fərqli olduğu üçün, adlarının qarşısında “MR”, yəni “mir” rəmzi yazılırdı ki, bu da onların göylərlə əlaqəli olması demək idi. Bu müqəddəslərin dili ən qədim mənbələrdə ekstatik dil mənasında “quş dili” adlanırdı və bu da rəmzlər dili mənasında – tərikə yolunu gedən türkün dili deməkdir. Nəsimi – “Bu quş dilidir, bunu Süleyman bilir ancaq” deməklə, Quranda ən ali səviyyə kimi qeyd olunan “quş dili”nin - fövqəladə xüsusi dil olmasını nəzərə çatdırır. Bu dildə yazılmış Tövrat kitabı da əslində Azəri pirlərinin İlahi kitabıdır. Rəmzlər dili olan Azəri dili və Aşuri şrifti, qədim mənbələrdə - run (runi) yazıları adlanır ki, run, yəni “RN” rəmzi - Aran mənasındadır. Aran isə Asar/Azər Allahının digər adıdır. Skandinav mifologiyasına görə, runlar ilk dəfə, ekstatik vəziyyətdə olan və “dünya ağacı”na vurulmuş Odin Allahına açılmışdır ki, Odin rəmzi də Azər Allaının digər adıdır. Başqa sözlə, runalar – ekstatik vəziyyətdə alınan bilgilərin, bir neçə məna verən rəmzlərlə, simvollarla ifadəsidir. Bu isə o deməkdir ki, biz runaları da Azəri, yəni Aşuri şrifti adlandıra bilərik.
Lakin Tövrat kitabı həm də Asar/Azər oğullarının İlahi dininin mənbəyidir. Musa peyğəmbərin xalqının On iki qardaşlıq dini, yəni imamiyə İsna Aşəriyə şiəliyi də - Allahın “dünya” yaratmasından başlanır. Şah İsmayıl Xətai bu dini pak din hesab edərək – “Ərənlər sərvəti ol paki dindür” demişdir. Buradakı ərənlər isə - sufilərin “Hü ərənlər” adlandırdıqları Aran şahlarının İlahi nəslidir. Bu o deməkdir ki, əsl İslam - Tövratdan başlayan Gelati-Şiələrin sufi-batini elmidir. Bu İslam indiki Ərəbistan çöllərinin yox, Midiyadakı “Şərqin Ərəbi” ölkəsinin islamıdır və onun bütün imam-peyğəmbərləri də türk seyid-bəgləri olmuşlar (37). İndiki İslamı isə, qədim rəmzlərin zahiri mənalarını əsas tutan adi insanlar “yaratmışlar”.
Bütün bunlar o deməkdir ki, Şərqdən gələn və bir dildə danışan xalq - “quş dili”ndə danışan və bütün dinlərin bazasında dayanan, On iki qardaşlıq dinini yaradan Azərbaycanın Xilat atabəglərinin əcdadlarıdır. Onların müqəddəs eli isə indiki Azərbaycan, Ermənistan, Gürcüstan və s. əraziləridir.
Qədim Misir mənbələrində Asar Allahının Ced fəqərə sütunu Busiris, yəni Busiridə qaldırılır ki, bu rəmz bu gün toponimlərimizdə Basar kimi qalmışdır. Əgər Azərbaycanın cənub bölgəsindəki toponimlərdə Asar adı Əsər kimi, yəni PeştƏsər, BilƏsər, PirƏsər, KürdƏsər, ŞağlƏsər və s. kimi qalıbsa, digər ərazilərdə bu rəmz Basar kimi, yəni GəncəBasar, ZəngiBasar, Vedibasar, Basarkeçər, Bazarxana və s. kimi qalmışdır. Gəncəbasar adı Gəncə-Ba-Asar kimi açılır ki, buradakı Basar rəmzi - Ba ruhlarının Asar ölüm şahlığı anlamındadır. İslamda Bəsmələ mənasında olan Ba Allahı (Billah/Vallah) elə Asar/Osiris mənasında olan Günəş (Ra-Amon) Allahının ruhudur və ona görə də bəzən birlikdə yazılır. Gəncə rəmzi isə sufi-batinilikdə “Gən” və “Cə” rəmzlərinin müxtəlif variantlarda birləşməsidir ki, ümumi mənada – Allahın göydə yaratdığı Eli və bu Elin əhalisi olan Asar/Osiris Allahlarını, yəni ölümsüz ruhları bildirir.
Zəngibasar rəmzi batinilikdə Sünik-Ba-Asar mənasında - Sünik göylərində yaradılmış “səhra”nı və bu ilkin materiya səhrasındakı Ba ruhlarının Asar ölüm şahlığını bildirir. Eyni mənalı Zəngəzur rəmzi isə, Sünik-Azər anlamındadır. Quranda “Zərbiyyə” kimi yazılan Azərbay(can) rəmzi - xalça mənasında qeyd olunur və bu Asar-Ba ölüm şahlığının göylərdə rəmzi mənada “toxunması” anlamındadır. Ərəb mənbələrində bu xalça – uçan xalça adlandırılır və rəvayətə görə, Süleyman peyğəmbər özü və bütün sarayı bu xalçada Göydə uçurmuş. Yəhudi deyimlərinə görə isə, xalçanın sahəsi altmış kvadrat mil olub, yaşıl ipək, qızılla naxışlanmışdır (38). Süleymanın sarayının cinlər tərəfindən tikildiyini nəzər alsaq anlayarıq ki, bu xalça göydəki dünya anlamındadır. “Azərbaycan” məmləkətinin, yəni mələküt dünyasının – iki dünyanı birləşdirən bir ölkə mənasında olması haqqında mən “Azəri, Azərbaycan nə deməkdir. Sirlər xəzinəsi” adlı məqaləmdə yazmışam (39).
Azər Allahının, Özünə qulluq üçün yaratdığı seçilmişləri, yəni Azəri xalqı dünyada yeganə xalqdır ki, Allah onları İlahi nurdan yaratmış, onlara, bütün dillərin kökündə durani ən ali dil - “quş dili”ni vermişdir. Allah onları, bütün dinlərin kökündə duran pak İsna Aşəriyə (Azər) dini ilə “silahlandırmış” və dünyanın ən müqəddəs məkanında yerməşdirmişdir. Onların ruhlarının, ölümdən sonra da yaşaması üçün, Allah göydə - Azər şahlığı, yəni cənnət yaratmışdır. Çox təəssüf ki, axirət qabağı Azəri seçilmişlərinin törəmələri, dünya malını Allahdan üstün tutdular və Ağrı dağında Allahla bağladığı müqaviləni pozdular (40).
Bütün bunlar haqda daha geniş məlumatlar “Batini-Quran” kitabımda və məqalələrimdə verilmişdir.
Ədəbiyyat
1. “Assuriya – qədim Azərbaycan ölkəsidir”,sayt:http://gilarbek.blogspot.com/2013/10/assuriya-qdim-azrbaycan-olksidir_29.html
2. Б. А. Тураев,«История Древнего Востока», Л. 1935. 1 cild, səh.304
3. М. Носовский, “Адам говорил по-арамейский”, sayt: http://berkovich-zametki.com/AStarina/Nomer10/MN47.htm
4. Шихабоддин Яхья Сохраварди, «Багряный ангел», sayt: http://angel.org.ru/2/sohravar.html
5. Абу Хамид аль-Газали, «Воскрешение наук о вере» М.,1980, səh. 209,210,309
6. А. Л. Оппенхейм, «Древняя Месопотамия», М., 1980, səh.27,28
7. Библия,Исая, 23:13
8. Р. Фрай, «Наследие Ирана», М., 1972, səh.150
9. Хрестоматия по истории Древнего Востока, М., 1980, səh.302
10. Quran,25:15
11. И. М. Дьяконов, «История Мидии от древнейших времен до конца 1V в. до н. э.» М.-Л., 1956, səh.37, 38
12. Библия, Иезек.,31:3,4,7
13. К. Гандзакеци, «История Армении», М.,1976, səh.282
14. Д. Рол, «Утраченный Завет», сайт: http://lib.rus.ec/b/328508/read
15. Quran, 20:5
16. Алан Ф Эльфорд, «Путь Феникса. Тайны забытой цивилизации», Земля Мер, sayt: http://www.universalinternetlibrary.ru/book/26498/ogl.shtml#t130
17. Ю. Р. Джафаров, «Гунны и Азербайджан», Б., 1985, səh.83
18. Quran, 7:171
19. Quran, 4:154
20. Б. А. Тураев, «История древнего востока», Л., 1935, I cild, səh.205-207
21. М. Хоренаци, II Книга, böl., 8
22. Г. М. Бонгард-Левин, Г. Ф. Ильин, «Индия в древности», М., 1985, səh.563
23. Е. А. Уоллис Бадж, «Египетская книга мёртвых», М-СПб., Ексмо, 2005, səh.163
24. Г. А. Гейбуллаев, «К этногенезу Азербайджанцев», Б.,1991, səh.270
25. Quran,7:159-160
26. Quran, 9:36
27. Əflatun, “Fedon”, 110 S,D,E
28. Библия, IПар.,5:10, Пс.,82:7, Вар.,3:23
29. Библия, Быт.,37:25,28
30. Библия, Быт.,17:20
31. Библия, Галат.,4:25
32. “İlk mason təşkilatı Azərbaycanda yaradılmışdır” məqaləm, sayt: http://gilarbek.blogspot.com/2014/02/ilk-mason-tskilat-azrbaycanda-yaradlmsdr.html
33. Дэвид Рол, “Утраченный Завет”, sayt:http://readli.net/utrachennyiy-zavet/
34. Библия,Втор.,1:12, Чис.,10:12, 12:16, 20:1
35. А.Даврижеци, «Книга историй», М.,1973, böl. 24,51
36. Strabon, XI:13/3
37. “İslamın 124 min peyğəmbərləri kimlərdir?” məqaləm, sayt: http://gilarbek.blogspot.com/2014/01/islamn-124-min-peygmbri-kimlrdir.html
38. Идрис Шах, «Магия Востока», M., 2000,səh.38
39. “Azəri, Azərbaycan nə deməkdir. Sirlər xəzinəsi”, sayt: http://gilarbek.blogspot.com/2012/08/azri-azrbaycan-n-demkdir-sirlr-xzinsi.html
40. Библия, Быт., 9:13
Firudin Gilar Bəg