YAP-ın Sumqayıtdakı güvənci Mirzəcan Xəlilov: gələcək deputatın imarətində haram söhbəti

8-10-2015, 01:25           
YAP-ın Sumqayıtdakı güvənci Mirzəcan Xəlilov: gələcək deputatın imarətində haram söhbəti
41 saylı Sumqayıt birinci seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyasının (YAP) vahid namizədi, hazıki deputat Leyla Abdullayevanın seçkilərdən qəfil geri çəkilməsi müəyyən suallar doğurub. L.Abdullayevanın bu dairədən namizədliyi irəli sürüləndə çoxları onun yenidən deputat mandatına sahiblənəcəyini istisna etmirdi. Artıq vəziyyət dəyişib. Bəs indi 41 saylı dairədən deputatlığa əsas iddialı kim sayılır?
İlkin müşahidələrə görə, bu dairədən deputatlığa namizədlər arasında ən şanslı fiqur “Azərsutəchizattikinti” ASC-nin sədri Mirzəcan Xəlilov hesab edilir. Doğrudur, M.Xəlilov YAP-ın üzvü olsa da, seçkilərə öz təşəbbüsü ilə qoşulub. Amma hakim partiyadan alıdığımız məlumata görə, bu, M.Xəlilovun deputat seçilməsinə mane olmayacaq. Baxmayaraq ki, partiya funksioneri Siyavuş Novruzov mətbuata açıqlamasında YAP-ın icazəsi olmadan namizədliyini irəli sürən şəxslərin dəstəklənməyəcəyini bildirib. Yayılan məlumatlara görə, YAP-ın siyahısı ilə 41 saylı dairədən namizəd irəli sürülmüş Leyla Abdullayevanın geri çəkilməsi öz istəyi baş verməyib və əslində bununla seçkilərdə Mirzəcan Xəlilova “yaşıl işıq” yandırılıb. Bəs M.Xəlilov kimdir? Bu şəxslə bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalar ortaya ilginc faktlar çıxarıb.
Sabirabad rayonunun Kovlar kəndində anadan olan Mirzəcan Xəlilov 2005-ci ildə 63 saylı Sabirabad I Seçki Dairəsindən deputatlığa namizəd olub. Hakim Yeni Azərbaycan Partiyasının siyahısı ilə deputat olmaq istəyən M.Xəlilov sonradan məğlub olub. 2006-ci ildə 44 saylı Sumqayıt Seçki Dairəsindən namizəd olsa da, bu dəfə də deputat mandatı qazana bilməyib. Onun təkrar olaraq 65 saylı Sabirabad-Saatlı-Kürdəmir seçki dairəsindən namizədliyini irəli sürməyə hazırlaşdığı söylənilsə də, YAP-ın açıqlanan namizədlər siyahısında onun adı çıxmadı.
“Azərsu” ASC-nin ən böyük layihələrində bir qayda olaraq nə sirrdisə məhz M. Xəlilovun rəhbərlik etdiyi “Azərsutəchizattikinti” ASC tenderlərin qalibi elan olunur. Son 5 ildə bu təşkilat milyonlarla manatlıq tenderlərin qalibi olub. İctimai rəyə adı həm də xeyriyyəçi kimi sırışdırılsa da, M. Xəlilov bu gün evində işləyən ustanın pulunu vermir. Bununla bağlı cumhuriyyet.az-a danışan vətəndaş Mikayılov Zaur Əjdər oğlu bildirir ki, bu ilin iyul-avqust aylarında Xəlilovun Novxanıdakı nəhəng şəxsi imarətinin sauna hissəsinə jalüzlərin qurulması işini görüb, dizayner xidməti göstərib. Prosesin gedişində işlərin həcmi artıbş Z. Mikayılov 3950 manata kəsdikləri əvvəlki qiymət də müvafiq olaraq 4900 manata çıxacağını M. Xəlilovun əlaltılarına bildirdiyində ona işinə davam etməyini tövsiyə ediblər və pulun qalanının da ödəniləcəyinə əmin ediblər. Lakin iş başa çatandan sonra M. Xəlilov ilkin razılaşma çərçivəsindən kənara çıxan 1000 manata yaxın pulu ödəməkdən imtina edib. O hətta zəhmətinin haqqını tələb edən ustanı kobud sözlərlə təhqir edərək, villasından qovub.
Usta Zaur nüfuzlu iş adamının aqressiv davranışının səbəbini belə bir təxminlə əlaqələndirir ki, yəqin “əməkdar mühəndis” olan Mirzəcan Xəlilovu villasının tikintisinə nəzarət edən iş icraçılar (prorablar) çox aldadıblar. Haqqı kəsilən deyir ki, Xəlilov kimin aldatmasından şübhələnirsə, özü bilər, ancaq onun gördüyü iş göz qabağındadır.
Mövzuya qayıdacağıq.
TEREF,İNFO












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.