Sücəddin Hüseynov vəzifəyə necə gəlib? İDDİA

9-10-2015, 22:29           
Sücəddin Hüseynov vəzifəyə necə gəlib? İDDİA
İranla ticarət əlaqəsi saxlayan sahibkarların bir çoxu süründürməçilikdən əziyyət çəkir

Gömrük sistemində hökm sürən problemlər bu sahənin inkişafına ciddi əngəl törədir. Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyevin idarəçilik qabiliyyətinin istənilən səviyyədə olmaması, habelə kadr siyasətini düzgün aparmaması son nəticədə vətəndaşların gömrük orqanlarının işindən narazı qalmasına gətirib çıxarır. Məlum olduğu kimi, aidiyyəti dövlət qurumlarının nümayəndələri indiyədək gömrük orqanlarında saysız-hesabsız qanun pozuntusu aşkarlayıb, cəza tədbirləri həyata keçiriblər.

Buna rəğmən, Dövlət Gömrük Komitəsinin yerlərdə fəaliyyət göstərən bəzi idarələrində özbaşınalıq halları səngimək bilmir. Nəzərinizə çatdırmaq istəyirik ki, ekspertlər mütəmadi olaraq gömrükdə vətəndaşlardan tələb olunan əlavə "rüsum"ların kökünün kəsilməsinin zəruriliyini vurğulayır və bu sahənin şəffaf şəkildə fəaliyyət göstərməli olduğunu bildirirlər: "Bəzi güzgü statistikasından istifadə edib Azərbaycanla qonşu ölkələrin ticarət ilişkilərini, ticarət dövriyyəsini tutuşdurub təxmini rəqəm söyləmək olar. Qonşu ölkələrin rəqəmləri ilə bizdəki rəsmi rəqəmləri tutuşduraraq bəzi rəqəmlər əldə etmək mümkündür. Bunu ölçmək çox çətindir. Çünki çox qapalı bir sistemdir. Nə iş adamları, nə də gömrük orqanları təbii ki, bununla bağlı hər hansı bir açıqlama verməzlər. Onun hesablanması da mümkün olmaz. Amma güzgü statistikası metodologiyasından istifadə edərkən görünən o idi ki, məsələn Türkiyə ilə bəzi məhsullar üzrə 2 dəfə, 3 fərq yarandı. Məsələn, Türkiyədən Azərbaycana hər hansı bir malın şərti olaraq bir ton keçməsi haqqında Türkiyə gömrüyü bildiriş verirdisə, Azərbaycana daxil olan məhsulun həcmi 200-300 kiloqram göstərilirdi. Yəni rəqəm bir neçə dəfə az göstərilirdi. Belə bir hallar mövcud idi və bunun araşdırılması da vaxtı ilə aparılırdı. Bunun bütün ölkələrlə və bütün ticarət partnyorları ilə edilməsi mümkünsüzdür. Ona görə də dəqiq rəqəm demək çox çətindir. Amma söhbət təbii ki, milyardlardan gedir". Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsində də müxtəlif neqativ hallar üzə çıxmaqdadır. İdarənin rəisi Sücəddin Hüseynovun müvafiq qanunlara etinasızlıq sərgiləyərək vətəndaşları narahat etməsi haqda əvvəlki saylarımızda məlumat vermişdik. Bildirmək istəyirik ki, idarə rəisi tənqidi yazılara hələlik heç bir reaksiya verməyib və özbaşına əməllərini davam etdirir. Redaksiyamıza daxil olan son məlumatlara görə, Astara Gömrük İdarəsində vətəndaşlar inanılmaz haqsızlıqla üzləşirlər: "İranla ticarət əlaqəsi yaradan bəzi sahibkarlar süründürməçilikdən əziyyət çəkir. Oradan gətirilən mallar həftələrlə gömrük idarəsində heç bir səbəb olmadan saxlanılır. Astara Gömrük İdarəsinin rəhbərliyi, konkret olaraq Sücəddin müəllim sahibkarlara deyir ki, komitədən icazə verməsələr, heç bir mal ölkə ərazisinə buraxıla bilməz. Astara gömrüyündə süni maneə ilə üzləşən vətəndaşlar bu barədə dəfələrlə komitənin məsul əməkdaşlarına müraciət ediblər. Lakin bu müraciətlərin heç birinə əhəmiyyət verilməyib. İdarənin rəisi burda mövcud olan problemlərə, rüsumdan əlavə tələb olunanlara etirazını bildirən vətəndaşlara deyir ki, mən bura elə-belə təyin olunmamışam. Rəisin bu sözü nə ilə nəyə eyham vurduğunu başa düşmək olmur. Məgər, Dövlət Gömrük Komitəsinin sədri idarələrə rəisləri nəyinsə qarşılığında təyin edir ki?". Mənbəmiz vurğulayır ki, İrandan mal gətirən bəzi sahibkarlar gömrükdən dərhal keçirlər: "Çünki həmin şəxslər idarə rəisinin tələbini etirazsız-filansız yerinə yetirirlər. Onlar qışın soyuğunda belə möhkəm tərlədikdən sonra malı keçirirlər". Vətəndaşlardan biri isə Astara Gömrük İdarəsində üzləşdiyi problemlə bağlı bunları deyib: "Müalicə üçün İran İslam Respublikasına getdik. Ərdəbil şəhərində müayinə və müalicəmizi etdirib qayıdanda "çay" almışdıq. Geri qayıdarkən Astara Gömrük İdarəsində çayı keçirməyimizin mümkünsüz olduğunu dedilər. Bir qutu çay üçün "şirinlik" istədilər. Hansı ki, çayın qiymətindən baha idi. Çox etiraz etsək də, aldığımız çayı gömrükdən keçirə bilmədik. Məcbur olub çayı gömrük işçilərinə verdik. İdarənin rəisi kimlərəsə arxayındır. Buna görə də vətəndaşları incidir". Bu arada, iddialara əsasən, S.Hüseynov qanuna sığmayan əməllərinin bir çoxunu komitə sədri Aydın Əliyevin adı ilə bağlayır. Odur ki, DGK rəhbəri hər işdə onun adından istifadə edən idarə rəisinin barəsində tezliklə ölçü götürməlidir.

Qarşı tərəfin də münasibətini dərc etməyə hazırıq.

P.S. Deyirlər sərhəddə bir "Niva” peyda olub. /Gundelik - Bakı/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.