“Qaçqınkom Pənah Əliyev” və qohumları… necə talan edir
10-10-2015, 11:40
Qafqaznews.az saytı olaraq ötən gün dərc etdiyimiz “Qaçqınkom”un Departament rəisi Pənah Əliyevin ayağını kim sındırıb?” başlıqlı məqalədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun bir dəstə qohum-əqrəbasının komitəni az qala “özəlləşdirmə”sindən bəhs etmişdik.
Məqalədə əsasən Əli Həsənovun komitədəki qohumlarından biri olan, Komitənin Mənzil İstismar Departamentinin direktoru Pənah Əliyevin qanunsuz əməllərindən, daha doğrusu, qanunsuz yolla sahib olduğu mülklərin azacıq bir hissəsi barədə məlumat vermişdik. “Azacıq bir hissəsi..” ona görə ki, bu məmurun əmlakının siyahısı bir-iki məqaləyə sığan deyil. Bir məmur ki, itinə qulluqçu tuta…
Qafqaznews.az-ın redaksiyasına daxil olan son məlumata görə, Pənah Əliyevin əslən Zəngilan rayonundan olan kürəkəni qohum olmaqdan əvvəl qida məhsulları paylayan şirkətlərin birində ekspeditor işləyirmiş. Toydan sonra ekspeditor işləməyi özünə sığışdırmayan bəyoğlan, hətta iki günün içərisində Nərimanov rayonunda ipoteka ilə ev alıb. Daxil olan məlumatdan bəlli olur ki, kürəkənin ali təhsili yoxdur və bu ay orduya xidmətə çağrılacaq. Görəsən, adam orduda qulluq edə-edə ipoteka kreditini necə ödəyəcək..? Yəqin ki, məmur-qaynata ödəyəcək.
Özü də “Qaçqınkom”un hesabından… Pənah Əliyevin oğlu Tural Əliyev isə Qaradağ rayonunda hüquq-mühafizə orqanlarında işləyir. Və hər ay dövlətdən aldığı 400 manat məvaciblə 235 min manat dəyəri olan 900 nömrəli Range Rover CİP-lə işə gəlib-gedir. Görəsən, bu bahalı CİP-in pulu haradandır? Yəqin ki, bu da “Qaçqınkom”dan gələn pulların hesabınadır. Nə isə problem getdikcə şişir. Bizi izləyin. Araşdırmalarımız davam edir.