İsmayıllının dağa yaxin ərazilərinə gələn su xətti meşələrdəki restoran və kafelərə satılıb
15-10-2015, 01:33
Qədimdən belə bir məsəl var. Deyirlər su həyatdır. Susuz yaşamaq mümkün deyil. İnsan yeri gəlsə bir neçə gün ac yaşaya bilər. Ancaq susuz bu yaşam mümkün deyil. Elimizdə bir başqa məsəl də var. Deyirlər insanları su ilə sınağa çəkmək ən böyük günahdır. Burada o dəqiqə yezid yada düşür. Ancaq günümüzdə elə məmurlar var ki, insanları düşünməyəcək qədər vecsizdirlər. Onlar rəhbərliyə hər şeyin qaydasında olduğunu desələr də əslində heç bir şey qaydasında deyil. Bu gün ölkənin hər yerində olduğu kimi İsmayıllıda da bizneslə məşğul olan istənilən qədər məmur var. Onların tam əksəriyyəti idarə-müəssisə müdirləri, yaxud ikinci üçüncü şəxslərdir. Bu insanlar, əgər onlara insan demək mümkünsə öz xoşbəxtliyini başqalarının bədbəxtliyi üzərində quranlar sinfinə mənsubdurlar. Yetim malı yeməkdən boyunları yoğunlamış belənçiklərinə kənardan baxanda nəyi müşahidə etmək olur? Onu müşahidə etmək olur ki, hamısı elə bil bir biçimdədirlər. Yəni vicdanlılardan üzr istəyirəm. Sözüm əhaliyə zülm edənlərədir. Belə müdirlər broyler toyuqları kimi eyni biçimdədirlər. Bu fikirlərim bütün ölkə boyu əhaliyə qan udduran, onları saya salmayan, yalnız özünü və yaxınlarını düşünən, rəhbərlik etdiyi vəzifənin xalqa xidmət deyil, yalnız özünə xidmət kimi düşündüyünü hesab edən məmurlaradır. Atalar deyib, sözü at, sahibi götürəcək. Keçək əsas mətləbə.
Cumhuriyyət. az olaraq İsmayıllı rayonu Natəvan küçəsinin sakinlərinin maraqlı fikirlərini qeyd edirik.
Natəvan küçəsində yaşayan sakin? Araz Babayev:Burada yaşayan əhali su əlindən dad deyir. Bu ilin bütün dövrü biz su üzünə həsrət qalmışıq. Dəfələrlə rayon su idarəsinə gedib xahiş etmişik, mübahisə etmişik, az qala dava-dalaşa kimi qalxmışıq. Rayon su idarəsinin müdiri başda olmaqla bütün kollektiv əhalini üsyana səsləyirlər. Adamda abır-həya yaxşı şeydir. Belə olmaz axı. Vəzifəli şəxslər özlərini elə aparırlar ki, elə bil bunlar ağa, bizlər nökərik. Hansı ki, onlar biz sadə xalqın nökərləridirlər. Bizim suyumuz Xanagah çayından çəkilib. Özündən olsa 1000-lik turba ilə çəkilib. Su xətti lap evimin yanından keçir, ancaq bircə damcı su gəlmir. Məhləmizin dörd bir tərəfi su anbarları ilə əhatəyə alınıb. Ancaq bütün bunlar yalançı anbarlardır. Nasoslar işləmir. Su xəttləri hara gedir, niyə su yoxdur bilinmir. Biz əlaqədar qurumlardan təkidlə tələb edirik ki, bizi su ilə imtahana çəkməsinlər.
Digər sakin, Əlisuvar Məlikov. Vallah bu il bizə su gəlməyib. Daha bezdik vedrələrlə su daşımaqdan. İsmayıllı dağ rayonudur, hər tərəfindən çaylar, bulaqlar axır, ancaq yerli camaat içməli su tapa bilmir. Güya ki, su məsələsində yeniliyə nail olmaq üçün dəyişiklik elədilər. Ağasəfin birini çıxarıb o birisini qoydular. Birinci Ağasəf də bu idarəni silib süpürdü, hazırda ikinci Ağasəf də eyni yolu gedir. Əhali isə susuzluqdan əziyyət çəkir. Bu belə çox gedə bilməz və bizlər burada yaşayan xeyli sayda əhali bunun belə getməsinin qarşısını necə alacağımızı bilirik. Başqa yolumuz qalmayıb. Çünki dövlət bizim səsimizə səs vermir. Necə deyərlər? Qalanı Sərvərin boynuna. ”Ağasəfin”-boynuna.
Digər sakin əlil, Kazım Cəbrayılov:Bu məmurların gönü o qədər qalındır ki, söz bunlara kar eləmir. Gərək İsmayıllı hadisələrinə bənzər nə isə baş versin ki, bunlar hərəkətə keçsinlər? Vallah inanmıram ki, belə qansızlıq İsmayıllıdan başqa hansısa rayonda baş versin. Nə qədər demək olar? Nə qədər izah etmək olar. ? Ay qardaş, mənim evimdə körpə nəvəm var. Addımbaşı su lazım olur, gələn-gedən qonaq, həyət-baca bu nə laqeyidlikdir? Belə hökumətmi deyək, idarəetməmi deyək, allah haqqı buna heç bir ad qoya bilmirəm. Bəlkə bu müdirlərin arxasında hələ də Nizami Füzuli qardaşlarının barmağı var ki, rayonu qarışdırsınlar? Camaat yığışıb alqışladıq ki, prezident ali baş komandan sağ olsun ki, bizə öz içimizdən olan alimi rəhbər təyin elədi. Bəs indi bəzi müdirlər niyə onu hörmətdən salmağa çalışırlar? Su idarəsinin müdiri Ağasəf Salmanov bilmirsən nə danışır, elə bil toka taxıblar. Elə deyir su var. Mən isə deyirəm. Su yoxdu və olmayacaq. Ona görə ki, Xanagah çayından gələn su xətti meşəliklərdəki kafe restoranlara satılıb. Bu idarə onlardan ayda, ildə külli miqdarda pul alır. Onları əhali yox, öz cibləri düşündürür. Bu restoran kofelər hazırda İsmayıllıda yüksək postlarda əyləşmiş məmur və qohumlarına məxsusdur. Sonrada yığışırlar ki, iclas edirik problemi necə yoluna qoyaq. Utanmırsınız ay İsmayıllı məmurları? Nəyi müzakirə edirsiniz? Kimdən, nədən çıxış yolu axtarırsınız? Axı bütün bu problemləri əhali üçün yaradan siz deyilmisiniz? Su idarəsinin bir işçisi var, o gün də dişlərini ağarda-ağarda gəlib ki, su pulu ver. Qapıdan qovmuşam ki, itil burdan. Bu gün bizim taleyimizi əbləh adamlara tapşırıblar. Ölkəmiz demokratiyadan, insanpərvərlikdən danışır, ermənilərə ailəliklə sığınacaq verib qayğısını çəkirlər, ancaq öz vətəndaşları suyun içində içməyə su tapmırlar. Belə dərd olar?
Redaksiyadan:Yazıda adları keçən idarə müdiri və nümayəndələrinin də fikilərini dərc etməyə hazırıq.