ABŞ-da texnologiya oğurluğuna görə "iPhone" satışına qadağa qoyula bilər

Dünən, 12:18           
ABŞ-da texnologiya oğurluğuna görə "iPhone" satışına qadağa qoyula bilər
Birləşmiş Ştatlarda bəzi "iPhone" modellərinin satışına qadağa qoyula bilər.

Valyuta.az xəbər verir ki, bu barədə "MacRumors" nəşri məlumat yayıb.

Bu, "Samsung" ilə Çin ekran istehsalçısı BOE arasında patent mübahisəsi nəticəsində mümkün ola bilər.

ABŞ-ın Beynəlxalq Ticarət Komissiyası (ITC) ilkin qərarında qeyd edib ki, BOE şirkəti "Samsung"un OLED ekran istehsalına dair kommersiya sirlərindən qanunsuz istifadə edib. Bu səbəbdən Komissiya BOE ekranlarının, eləcə də həmin panellərlə təchiz olunmuş cihazların ABŞ-a idxalına qadağa qoyulmasını tövsiyə edib.

Mümkün qadağadan "iPhone 15", 15 Plus, 16, 16 Plus modelləri və həmçinin "iPhone 17"nin baza versiyası da təsirlənə bilər. Çünki bu modellərdə "Apple" məhz BOE istehsalı olan ekranlardan istifadə edir.

Əgər yekun qərar ilkin qərarı təsdiqləyərsə, "Apple" BOE ekranlı "iPhone" partiyalarını ABŞ əvəzinə digər bazarlara yönəltməli olacaq. ABŞ bazarında isə "Samsung" və LG kimi alternativ təchizatçılardan alınan ekranlarla təchiz olunmuş modellər satılacaq.

Hazırda BOE, "Apple" üçün yalnız LTPO (ProMotion) texnologiyasız standart OLED panelləri tədarük edir. Pro modellərdə istifadə olunan LTPO ekranlar yalnız "Samsung" və LG tərəfindən təmin edilir. BOE gələcəkdə "iPhone 17 Pro" üçün LTPO panellərin tədarükünü planlaşdırsa da, məlumata görə, "Apple" həmin panelləri yalnız Çin bazarında istifadə etməyi nəzərdə tutur.

Qeyd edək ki, bu məhkəmə işi "Samsung Display" tərəfindən 2023-cü ilin oktyabrında qaldırılıb. İş üzrə yekun qərarın 2025-ci ilin noyabrında verilməsi gözlənilir. Bundan sonra ABŞ prezidenti Komissiyanın qərarını təsdiqləmək və ya ona veto qoymaq üçün 60 gün müddətində qərar verməlidir. "MacRumors"un qeyd etdiyinə görə, adətən ITC-nin ilkin qərarları son qərarla üst-üstə düşür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru