Masallının "minalanmış" küçələri - PROBLEM

18-11-2015, 13:11           
Masallının "minalanmış" küçələri - PROBLEM
Respublikanın ən bərbad, natəmiz, özbaşına rayonlarından biridir Masallı. Mərkəzi küçələrinin asfaltı minalanıb partladılmış ərazidən seçilmir. Səkiləri də palçıq içində. Deyilənə görə, artıq yeddi ildir, bəli, yeddi ildir ki, o “küpü” axtarırlar. Tapa bilməyiblər. Hələ də asfaltı, torpaq küçələri qazırlar, qazırlar, qazırlar… Məşhur kinoda deyildiyi kimi, hamı nəyinsə dəyişəcəyini, düzələcəyini gözləyir, amma bünün üçün heç kim əlini daşın altına qoymağa cürət etmir.

Dörd tanınan parkı var rayonun. “Mərkəzi park”, “Xətai park”ı, “Nizami park”ı, “Şəhidlər park”ı. Parkların demək olar ki, heç birinin tualeti yoxdur. Mədəniyyət tualetdən başlayır deyirlər.
“Xətai park”ında işsizlər, demoqoqlar, müxalif fikirli adamlar toplaşır. Parkın uzun bir çayxanası, yarımçıq bilyard salonu var. Parkı işqlandıran bütün elektrik fənərlərini sındırıblar. Sındıranları da çox güman ki, tapmayıblar. Burada 18-ci əsrə aid bir hamam da yerləşir. Hamam istifadəyə yararlı deyil. On beş ildən yuxarıdır ki, burada narkomanlar iynə vurmaq, yoldan keçən adamlar isə tualet üçün istifadə edirlər.

“Mərkəzi park”da əsasən rayonun kəndlərindən rayona axışıb gələn insanlar oturur. Digər parklardan fərqli olaraq “Mərkəzi park”da cənubun ən böyük kitab bazası yerləşir. Məşhur kitabxananın nə az nə çox on beşə yaxın işçisi var. Eşitdiyimə görə, sovetin vaxtında –70-in axırı 80-nin əvvəli,– burda yüz mindən çox kitab olub. Yaxınlarda yolumu bu ünvandan saldım, neçə illərdir girmirdim. Hardasa beş qadın üstümə şığıdı: "Nədi, bala, nə istəyirsən?" Düzdür, qarşılanma bu cür “kitabsız” olsa da yenə də fəxr ediləsi məkandır. Nə danışırsız, ən böyük kitab bazası bizdədir…
“Nizami Gəncəvi” adına parkda – bu, Mədəniyyət evi adlanan binanın qarşısındakı parkdır- insandan çox sahibsiz küçə itləri əyləşir. Həyətində bir market, "pivinoy" və konsert üçün estrada qurublar. Estradanı da başdansovdu qurmuşdular, üç dəfə "svarka"sı qopub tökülübmüş, sonradan birtəhər düzəldiblər.

“Şəhidlər parkı”nda isə bir qrup “gənc” oturur. Bu gənclər də iki qurupa bölünür, dindarlar və "vor zakon" olmağa meylllilər. Şəhidlər parkının arxasında isə on beş ildir adı sökülməkdə hallanan şadlıq sarayı yerləşir. Paradoks elə budur. Parkın həyətində isə "semiçka" qabığının, siqaret kötüyünün əlindən yerimək olmur. Skamyaların da əksəriyyəti ortasından sındırılıb. Çox güman ki, sındıranları tapıb cəzalandırmayıblar. Parkla üzbəüz isə rayon İcra Hakimiyyətinin binası yerləşir. Təsəvvür edin, bir on il əvvəl şadlıq sarayının həyətində açıq havada toy olardı- burada bişirilən manqal kabablarının tüstüsü, iyi yayıla-yayıla gedib girirdi icra hakimiyyəti binasının içinə-ordan da burula- burula qalxırdı bütün mərtəbələrə. İndi deyilənə görə həyətdə toy eləməyə icazə yoxdur, ən azından ayıbdır.

Hələ Masallının yol boyu uzanıb gedən, palçqılı səkilərə söykənən, əl-ayağa dolaşan, pərakəndə satış üçün nəzərdə tutulan mağazalarından danışmıram. “Halal Market”, “Telefon Aksesuarları”, “Türk Geyimləri”, “Aptek”, “Halal Market”, “Telefon Aksesuarları”, “Türk Geyimləri”, “Aptek”, “Halal Market”, “Telefon Aksesuraları”, “Türk Geyimləri”, “Aptek”… “Dönərxana nömrə 231”, “Dönərxana nömrə 235”, “Dönərxana nömrə 242”… və.s
Masallı haqqında, daha doğrusu onun parkları və yolları haqqında bu qısa yazını, gördüklərimdən və qıraq-bucaqdan öyrəndiklərimdən sonra yazmaq qərarına gəldim.. Yazmağımın da səbəbi var. İki il əvvəl Astaraya getmişdim, oranın necə bərbad bir rayon olduğunu gəlib Feysbuk sosial şəbəkəsində yazdım. İndi Astaranı elə abadlaşdırıblar, elə bilirsən Lənkərandı. Masallı isə...

Asiman Eyniyev, gənc yazar












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.