Məmurlar deyir “var”, sakinlər deyir “yoxdur”...

18-11-2015, 15:22           
Məmurlar deyir “var”, sakinlər deyir “yoxdur”...
Şəhər təsərrüfatı noyabrın 15-dən qış rejiminə keçdi. Qışda ən əsas məsələ mənzillərin qızdırılması ilə bağlı olduğundan hamının diqqəti daha çox bu sahəyə yönəlib.

Doğrudur, “Azəristiliktəchizat” ASC də paytaxt sakinlərini intizarda saxlamaq istəməyib meydana çıxdı, açıqlama verdi.

ASC-nin abonent və müştəri xidmətinin rəisi Rafiq Əliyev qışa hazırlığın tam olduğunu dedi. Yəni neçə soyuq qışı isidilməyən, yaxud fərli-başlı isidilməyən soyuq mənzillərdə keçirən paytaxt sakinləri hər il olduğu kimi, bu il də gurultulu raport eşitdi.

Buna baxmayaraq paytaxtın bəzi yerlərində yaşayan sakinlər binalara istiliyin verilmədiyindən şikayətlənir.

Belə ki, Nizami rayonu, Qara Qarayev prospekti, 124 ünvanında yaşayan Məcid Məmmədovun sözlərinə görə, onların binasında heç bir istilik yoxdur.

“Yalandan deyirlər ki, istilik verilib, amma bizim binada heç bir istilik yoxdur. Tək bizim yaşadığımız ərazi deyil, “Əhmədli” metrosu yaxınlığında yaşayan tanışlarım var, onlar da eyni problemdən şikayət edirlər. “Azəristiliktəchizat”ın qaynar xəttinə də dəfələrlə zəng eləmişik, cavab verən yoxdur. Bu adamlar öz vəzifələrindən başqa hər işlə məşğul olurlar” - deyə M.Məmmədov virtualaz.org saytına açıqlamasında bildirdi.

M.Məmmədov deyir ki, evdə qaz olmadığından məcbur olub elektrik qızdırıclarından istifadə edirlər: “Elektrik enerjisi ilə işləyən qızdırıcılardan istifadə etməli oluruq ki, bu da büdcəmizə zərbədir. Hava soyuqdur, məcburuq ki, donmamaq üçün evi qızdıraq, ayın axırında da həmişəkindən qat-qat artıq işıq pulu ödəyək”.

İstiliksiz qalan sakinin sözlərinə görə, ötən il də eyni problemi yaşayıblar: “İstilik veriləndə də çox az olur. Keçən ildən bəri dəfələrlə müraciətlər eləmişəm, baxan yoxdur. Qızdırıcıya toxunursan, heç əlin isinmir. Bu istilikdə daş ev necə qıza bilər?”

Nizami rayonunda binalara istilik verilməməsindən şikayət edən təkcə Məcid Məmmədov deyil. Babək prospekti, 95 ünvanında yaşayan Elnur Məlikov da virtualaz.org saytına müraciət edərək bildirib ki, onun yaşadığı binada da istlik sistemi işə düşməyib.

“Bizim binanın istliyi 74 saylı qazanxanadan təmin olunur. Binamızın istiliklə təmin olunmamasının səbəbini öyrənmək məqsədilə noyabrın 16-da saat 14:40 radələrində 74 saylı qazanxanaya yollandım. Özünü qazanxananın rəisi kimi təqdim edən İsmayıl Namazov bildirdi ki, onlara qazanxananı işə salmaq üçün sərəncam verilməyib, sərəncam olmadan isə istilik verə bilməz. Artıq noyabrın 17-dir, hələ də qazanxana işə salınmayıb” - E.Məlikov deyir.

E.Məlikovun sözlərinə görə, binaya istilik yalnız bir gün - noyabrın 1-də cəmi 23 saat müddətində verilib. Ondan sonra heç bir istilik verilməyib.

Eyni məzmunlu şikayət Nərimanov və Suraxanı rayonlarından da daxil oilub. Məsələn, Yeni Günəşli qəsəbəsindəki A massivinin sakinləri onların binalarında istiliyin olmamasından şikayətlənir.

Qeyd edək ki, “Azəristiliktəchizat” ASC-nin abonent və müştəri xidmətinin rəisi Rafiq Əliyev bildirib ki, şəhərdə binaların istiliklə təchizatına başlanılıb. Onun sözlərinə görə, bu il bütün qazanxana və istilik məntəqələrində cari profilaktiki təmir işləri başa çatdırılaraq qışa hazır vəziyyətə gətirilib.

Göründüyü kimi, məmurlar yenə “var” deyir, sakinlər isə “yox”... Hərçənd balığın şor olduğunu kor da bilir. Axı hamımız neçə illərdir bu şəhərdə yaşayırıq - mənzilləri soyuq olan şəhərdə...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.