12 il polisdə qulluq edən polis nəfəri Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazova müraciət etdi: "Kömək edin, haqsızlıq var!!"

25-12-2019, 10:42           
12 il polisdə qulluq edən polis nəfəri Daxili İşlər Naziri, general-polkovnik  Vilayət Eyvazova müraciət etdi: "Kömək edin, haqsızlıq var!!"
Teref.az-ın elektron poçtuna daxil olan müraciəti təqdim edirik:
Müraciət

Daxili İşlər naziri cənab general-polkovnik Vilayət Eyvazova

Teref.az saytı vasitəsi ilə





Müraciət



Cənab nazir, yazıb bildirmək istərdim ki, mən Hüseynov Taleh İlham oğlu 2007-ci ildən DİN-in Baş Mühafizə İdarəsinin Nəsimi Rayon Mühafizə İdarəsində polis nəfəri vəzifəsində xidmət etmişəm. 2012-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasına sənədlərimi təqdim etmişəm lakin qəbul ola bilməmiəm. 2014-cu ildə imtahan verərək Ukrayna da Kiev Dövlət Universitetinin hüquq fakultəsinə daxil olmuşam. 20.11.2019-cu il tarix də Baş Mühafizə İdarəsinin əmrinə əsasən Daxili İşlər Orqanlarında xidmətdən xaric olunmuşam. Səbail rayon məhkəməsində ki, miras bölgüsünə dair qohumum tərəfindən BMİ-nə şikayət daxil olmuşdur ki, guya onu təhqir etmişəm. Daxil olan şikayətin araşdırılması zamanı BMİ-nin polis mayoru Ziya Ağayev araşdırmanın məğzindən kənarlaşaraq, onun hududlarını aşmışdır. Bunlardan birini nəzərinizə çatdırmaq istəyirəm.

Belə ki, Ziya Ağayev şikayətçinin ünvanıma söylədiyi böhtanların təsdiqini tapmadığını gördükdən sonra virtual şəbəkələrdən birindəki(facebook) profilimə daxil olaraq ordan şəxsi şəkillərimi və məlumatlarımı götürmüşdür. Daha sonra isə Nəsimi RMI-nin komandir heyyəti ilə əlaqə yaradaraq virtual şəbəkələrdən birində şəkillər paylaşdığımı, təşkilati-inspektor şöbəsinin rəis müavini İlqar Malışovla ancaq onun bildiyini, rəhbərliyin qulağına çatacağı təqdirdə, Daxili İşlər Orqanlarından xaric olacağımı deyərək mənə söz göndərməklə, hədə-qorxu gəlirdi. 13 noyabr tarixində BMİ-də izahat alarkən özü də mənə dəfələrlə deyirdi ki, Nəsimi Rayon Mühafizə İdarəsinin komandir heyətinə demişəm kimə tapşırtdırmaq, pul vermək lazım olduğunu, get onlarla danış sənə hər şeyi ətraflı deyəcəklər. Əgər izahatın alındığı otaqda kameralar səsi qeydə alırsa bütün bunlara müəyyən edərək qulaq asmaq olar. Bu hədə-qorxular araşdırmanın bitməsinə qədər (20.11.2019) davam edib. Araşdırma müddətində bu insanlar məni qeyri-qanunu hərəkətlər etməyə təşviq edirdilər. Bu müddət də tamam əsəblərim pozulmuşdu. Nəticədə sonda tələb etdiyi pulu vermədiyimdən, işin materiallarında olan faktları təhrif edib, Baş Mühafizə idarəsinin rəhbərliyinə barəmdə mənfi təəsurat yaradaraq, Daxili Işlər Orqanlarında xidmətdən xaric olunmağıma səbəb oldu. Araşdırma zamanı təşkilati-inspektor şöbəsinin digər zabiti İlqar Malışov öz otağında ünvanıma qeyri-etik tərzdə müraciət edərək, məni təhqir etdi. Həmçinin əmrimin sürətinə salınmasa belə virtual şəbəkə də Aslan İsmayılov və Mehman Hüseynov kimi müxalif fikirli insanların səhifəsini izləməyim kobud şəkildə irad tutuldu və ancaq bu faktın DİO-dan xaric olunmağa kifayət edildiyi deyildi. Barəmdə daxil olmuş şikayət üzrə işin halları, həqiqətin aşkarlanması isə BMI-nin zabit heyyətini heç maraqlandırmırdı. Pul tələbi ilə əlaqəli Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət etmişəm, onlar da işin DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsində olduğunu və ordan gələn nəticəyə əsasən araşdırmanı davam etdirib-etdirməyəcəklərinə dair qərar verəcəklərini dedilər. Baş İstintaq və Təhqiqat İdarəsində izahat yazdıqdan 3 gün sonra zəng edib əlavə ifadələrimin olduğunu bildirsəm də təəsüf ki, işin materiallarının artıq göndərildiyini və əlavə ifadə verə bilməyəcəyimi dedilər. Ümid edirəm ki, həmin idarənin məsul əməkdaşları işin materiallarını hərtərəfli araşdırıb obyektiv, ədalətli nəticəyə gələcəklər. Həmçinin bildirmək istəyirəm ki, DİN-nə şikayətçi tərəfindən ünvanlanan şikayət ərizəsi qeyri-etik formada yazılmasına baxmayaraq, araşdırmaya yönləndirilib. Intizam tənbehi 10 gün ərzində verilməli olduğu halda, bu müddət ötürülüb.

Təsəvvür edin ki, Baş Mühafizə İdarəsi İnzibati Prossesual Məcəllənin 38-ci maddəsi ilə nəzərdə tutulan inzibati aktın məhkəmədə mübahisələndirilməsinə dair nəzərdə tutulmuş 1 aylıq iddia müddətini buraxmağım üçün, əmrimin sürətini mənə 20 dekabr saat 16:53-də email poçtuma göndəriblər. Yəni 20 noyabr tarixində DİO-dan xaric olunduqdan sonra məhkəmədə iddia qaldırmaq üçün, nəzərdə tutulan axırıncı gün. Axıcrıncı saat və axırıncı dəqiqələr. Yəni düşünüblər ki, mənə 7 dəqiqə kifayətdir ki, bundan sonra məhkəməyə iddia ərizəsi yazıb və onu poçtla göndərə bilim. Bildiyiniz kimi poçt şöbələrində göndərişlər saat 17-00-a qədər mümkün olur. Baş Mühafizə İdarəsi rəhbərliyinin bu cür cılız, ucuz hərəkəti heç bir etik dəyərlərə sığmır. Hüquqlarımı pozduqları bəs deyilmiş kimi, bu hüquqlarımın müdafiəsi üçün zəruri addımları atmağıma maneçilik törətməyə çalışırlar. Fikirləşiblər ki, birdən mən müddəti buraxdığımı düşünüb məhkəməyə müraciət etmərəm. Amma həmin müddətə qədər də mən artıq əmrimin mübahisələndiriməsi üçün, məhkəməyə iddia ərizəsi göndərdim. Cənab nazir, gördüyünüz kimi Baş Mühafizə İdarəsinin rəhbərliyi keçmiş işçilərinin hüquqlarına bu cür yanaşır. 12 il yayın istisində, qışın soyuğunda dayanmadan xidmət edən birinə qarşı bu cür münasibət göstərir. Adam deməyə də söz tapmır, ayıbdır sadəcə.

Nəsimi Rayon Mühafizə İdarəsi isə haqqımda tərtib etdiyi xidməti xasiyyətnaməmdə ancaq inzibati tənbehə cəlb olunmağımla bağlı neqativ halları göstərib. 2011-ci ildə xidmətdə əldə etdiyim yüksək nəticələrə görə nəzərdə tutulan pul mükafatı (onu da özləri götürdü) və polis əməkdaşı vəzifələrinin nümunəvi yerinə yetirilməsinə görə nəzərdə tutulan təşəkkürlər heç biri göstərilməyib. İndi yəqin aramızda baş tutacaq məhkəmədə bunu haqqımda mənfi yönümlü xarakteristika kimi təqdim edib, hakimin başını aldacaqlar. İnzibati Prossesual Məcəllənin 14.1-ci maddəsinə görə inzibati aktı (digər sənədi) qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Mənim şəxsi işim kadr şöbəsindən çıxarılaraq yoxlanılsa məlum olacaq ki, bir sıra məlumatlar ora salınmayıb. Yəni əgər mən bu xidməti xasiyyətnaməni inzibati-iqtisadi məhkəmədə mübahisələndirsəm və arxivdən xidməti xasiyyətnamədə qeyd olunmayan məlumatlar aşkarlansa, onda onu imzası ilə təsdiq edən Nəsimi Rayon Mühafizə İdarəsinin rəisi Elçin Bəşirov, kadr və karguzarlıq şöbəsinin işçiləri, bu xasiyyətnamənin hazırlanmasında rolu olan hər bir şəxs nəinki işdən kənarlaşdırılmalı, həmçinin qanunla müəyyən olunmuş şəkildə məsuliyyətə cəlb olunmalıdırlar.

Cənab nazir, Nəsimi Rayon Mühafizə İdarəsindəki qanuna zidd əməllər bununla yekunlaşmır. Bu idarənin rəhbərliyi tərəfindən bir sıra polis əməkdaşlarına şəxsi yaxın münasibətlərə görə və ya müəyyən maddiyat müqabilində xidmətdən yayınmaq, işə gəlməməyə şərait yaradılır. Hətta bir sıra hallarda polis əməkdaşları bilərəkdən əlavə xidmətə və ya dərsə çağrılaraq incidilir ki, özləri gəlib “aylığa” çıxmaq istədikləri barədə müraciət etsinlər. Nəticədə xidmətə gəlməyən əməkdaşların yerinə isə digər polis əməkdaşları, “adam çatışmır” adıyla əlavə xidmətə yazılır. Mən özüm 7 ay bu cür xidmət aparmışam. Aprel ayından naryad kitabçasını yoxlamaqla bunu aşkar etmək olar. Xidməti kitabçam özümdə qalıb. Hələ tanıdığım elə əməkdaşlar var ki, maaş kartlarını vermək müqabilində illərdi ki, işə gəlmirlər. Maaş kartları idarə rəisi Elçin Bəşirovun sürməsindədir. Xidmətə gəlməyənlərə görə, bu idarə də 10-larla digər əməkdaşın əməyi istismar olunur, işə gələməyənlərin yerinə hər gün xidmətə başqalarını çağrılırlar. Ümumiyyətlə bütün bunlar və digər əmək pozuntuları barədə bir gün geniş video müsahibə vermək niyyətindəyəm.

Cənab nazir, Baş Mühafizə İdarəsində və Nəsimi Rayon Mühafizə İdarəsində bu cür idarəçiliyin yaranması çox ciddi problemdir. Cavanlığını, sağlamlığını, bütün enerjisini polisə həsr edən insana bu cür münasibət göstərilməli deyildi. Haqqımdakı məlumatları təhrif edərək, mənfi yöndə obraz yaradan insanlar sizin polisdə apardığınız islahatlara ancaq kölgə salır. Ümid edirəm ki, bu problemlərin aradan qaldırılmasına diqqət ayırıb, lazımı tədbirlərin görülməsinə dair göstəriş verəcəksiniz.

Hüseynov Taleh İlham oğlu 24.12.2019-cu il

Teref.az olaraq Nazirliyin reaksiya verəcəyinə inanırıq!
Teref.az
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.