Alimpaşa teoremi: Şəmkirdə hakim partiya belə bu teoremə əsasən çıxdaş edildi – Seçki rəzaləti

25-12-2019, 16:47           
Alimpaşa teoremi: Şəmkirdə hakim partiya belə bu teoremə əsasən çıxdaş edildi – Seçki rəzaləti
Şəmkirdə 15 yer uğrunda 77 namizəd yaraşırdı

Əslində Şəmkirə bəzi iş adamlarının şikayəti əsasında getmişdim. Bir neçə gün əvvələ planlaşdırdığım siyahət əlimdəki yazıların çoxluğu səbəbindən gecikmiş və mən tam bələdiyyə seçkiləri günü bu şəhərə gedib çıxa bilmişdim. Şəmkirdə qonaqçılarım da seçkidə namizəd kimi iştirak etdiklərimdən başları səsverməyə qarışmışdı və mən də onlarla birlikdə prosesləri izləmək fürsəti yaxaladım.

98 saylı Şəmkir şəhər seçki dairəsində 15 nəfərlik yer uğrunda 77 namizəd yarışırdı. Onlardan 43-ü YAP üzvü idi. “Ana Vətən” partiyasından 1, “Ümid” partiyasından isə namizəd seçkiyə qatılmışdı. Digərləri isə bitərəf idilər. Namizədlərin böyük əksəriyyəti YAP-I təmsil etsə də, onlardan yalnız 15-ı partiyanın seçki siyahısına salınmışdı. Təbii ki, burada qeyri-adi bir hadisə yox idi. Bələdiyyə üzvlüyü 15 nəfər olduğundan YAP da öz üzvlərindən yalnız 15-nı partiya siyahısından təqdim edə bilərdi və etmişdi də. Təəccüblü olan bu idi ki, rayonda idarəetmə orqanlarında yer alan və sosial həyatda daha aktiv fəaliyyətləri ilə seçilən YAP-çıların böyük əksəriyyəti seçkilərə öz təşəbbüsü ilə qoşulmuşdular.



Şəxsi təşəbbüsü ilə seçkiyə qatılan YAP-çılardan bəziləri: Dilğəm Əliyev Sabir oğlu - Gəncə MİN-nin 3 saykı MİS-nin rəisi;

Həsənov Rafael Məmməd oğlu - Şəmkir bələdiyyəsinin vergi şöbəsinin müdiri;

İbrahimov İbrahim Arzuman oğlu - rayonda YAP-ın qurucularından və partiyanın I, II, III qurultayının nümayəndəsi, hazırda “Ruzi” qəzetinin baş redaktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru;

Quliyev Sabir Novruz oğlu – Şəmkir bələdiyyəsinin ümumi şöbəsinin müdiri;

Muradova Gülsüm Şahin qızı – Uşaq bağçasının müdiri və s.

YAP siyahısından seçkiyə qatılanlar:

Abbasova Nəhayət İman qızı – Şəmkir şəhər N.Nərimanov adına tam orta məktəbinin müəllimi;

Allahverdiyeva Gülnar Elfaq qızı – Uşaq bağçasında tərbiyəçi;

Bayramov Pərviz Aləddin oğlu – orta məktəb müəllimi;

Cəfərova Səma Məmmədhüseyn qızı – uşaq bağçasında tərbiyəçi;

Əliyeva Elnarə Hakim qızı – uşaq bağçasında tərbiyəçi;

Hümbətova Nurlana Novruz qızı - uşaq bağçasında tərbiyəçi;

İbrahimova Nigar Mehman qızı – məktəb müəlliməsi;

İsmayılov Babək Fayzəddin oğlu – məktəb müəllimi;

Qəhrəmanova Könül Fərrux qızı - uşaq bağçasında tərbiyəçi;

Orucova Sevinc Aydın qızı – orta məktəbdə müəllimə;

Səfərova İlhamə Zirəddin qızı - uşaq bağçasında tərbiyəçi və s.



Göründüyü kimi, Şəmkir rayonunda YAP-ın seçicilərə təqdim etdiyi namizədlərin böyük əksəriyyəti uşaq bağçasının tərbiyəçiləri və məktəb müəllimləri idi. İçərilərində icra orqanlarında məsul vəzifədə işləyənlər də vardı. Onlardan biri Şəmkir bələdiyyəsinin sədri Həsənov Vüqar Zirəddin oğlu, digərləri YAP-ın rayon təşkilatı aparatının məsləhətçisi Musayev İlkin Şahin oğlu, YAP Şəmkir rayon təşkilatının aparat rəhbəri Həsənov Şövqi Aşır oğlu və bir sahibkar da vardı. Maraqlıdır ki, səsvermənin nəticələri açıqlananda hakim partiyanın aparatının yuxarıda adlarını qeyd etdiyimiz məsul şəxsləri də kənarda qalmış və eşitdiyimə görə, bu, rayon təşkilatının sədrinin qəzəbinə səbəb olmuşdu. İddialara inansaq, hakim partiyanın regional rəhbəri Dairə Seçki Komissiyasının sədrinə zəng edərək, partiyadan yalnız iki nəfəri namizəd göstərmələrinə baxmayaraq, həmin şəxslərin seçilənlər siyahısına daxil edilməməsinə əsəbiləşmiş və seçki protokolunun onlara verilməsini tələb etmişdir. Dairə Seçki Komissiyasının sədri isə YAP-ın bu qanuni tələblərini belə yerinə yetirməmişdir.



Bir partiyadan 3 siyahı

Namizədlərlə söhbətimizdən belə anlaşılırdı ki, Şəmkir rayonundan faktiki YAP-çılar 3 siyahı ilə seçkiyə qatılıblar. Bunlardan biri partiya tərəfindən dəstəklənib, digəri isə 15 nəfərlik qrup halında öz təşəbbüslərilə seçkidə iştirak ediblər. Maraqlıdır ki, partiya tərəfindən irəli sürülən qrupa YAP-ın rayon təşkilatı yalnız 2 nümayəndəsini sala bilib. Onlar isə seçkilərdə ələniblər. Halbuki bu şəxslər partiyanın idarəetmə aparatının rəhbər işçiləridir. Siyahıdakı digər namizədləri rayonun icra başçısı Alimpaşa Məmmədov və bələdiyyə sədri Vüqar Həsənov müəyyənləşdirib. Seçicilərin “etimadını qazananlar” da elə onlar olub. Gəlin, əldə etdiyimiz protokollarda YAP-ın aparıcı şəxsləri ilə məktəb müəllimləri və uşaq bağçasının tərbiyəçiləri arasındakı səs bölgünə nəzər salaq:



4 saylı məntəqə:

Abbasova Nəhayət İman qızı (müəllim) – 201 səs

Allahverdiyeva Gülnar Elfaq qızı (uşaq bağçası tərbiyəçisi) – 200

Həsənov Şövqi Aşır oğlu (YAP Şəmkir rayon təşkilatının Aparat rəhbəri) – 25 səs;

Musayev İlkin (YAP rayon təşkilatı Aparatının məsləhətçisi) -9 səs.

16 saylı seçki məntəqəsi

Abbasova Nəhayət İman qızı (müəllimə) – 85 səs;

Allahverdiyeva Gülnar Elfaq qızı (uşaq bağçası tərbiyəçisi) – 79

Həsənov Şövqi Aşır oğlu (YAP Şəmkir r-n təşkilatının Aparat rəhbəri) – 33 səs;

Musayev İlkin (YAP r-n təş. Aparatının məsləhətçisi) - 21 səs.



2 saylı seçki məntəqəsi



Abbasova Nəhayət İman qızı (müəllimə) – 150 səs;

Allahverdiyeva Gülnar Elfaq qızı (uşaq bağçası tərbiyəçisi) – 145 səs

Həsənov Şövqi Aşır oğlu (YAP Şəmkir r-n təşkilatının Aparat rəhbəri) – 25 səs;

Musayev İlkin (YAP r-n təş. Aparatının məsləhətçisi) – 10 səs



1 saylı seçki məntəqəsi

Abbasova Nəhayət İman qızı (müəllimə) – 250 səs;

Allahverdiyeva Gülnar Elfaq qızı (uşaq bağçası tərbiyəçisi) – 240 səs

Həsənov Şövqi Aşır oğlu (YAP Şəmkir r-n təşkilatının Aparat rəhbəri) – 51 səs;

Musayev İlkin (YAP r-n təş. Aparatının məsləhətçisi) – 29 səs və s.



Şəmkirdə YAP-ın dayə qədər nüfuzu qalmayıb

Əlimizdəki 8 protokolun hamısında səs bölgüsü eyni nisbətdədir. Protokolların analizindən belə çıxır ki, Şəmkirdə YAP-ın aparat rəhbərinin bağça tərbiyəçisi ilə rəqabət aparacaq qədər nüfuzu qalmayıb. Bizə qeyri-adi gələn bu rəzalətin səbəbini YAP-ın digər namizədlərindən soruşdum. Onlar qəti şəkildə bu fikri yaxına buraxmadılar və Şəmkir şəhərində 10 mindən artıq YAP-çının olduğunu bildirdilər. Seçkilərdə YAP-ın aparıcı adamlarının ofsayt vəziyyətinə düşməsini isə saxtakarlıqla əsaslandırdılar. Bildirdiklərinə görə, səsvermə prosesi zamanı nəticələr ən azı 3 dəfə artırılmış və əlavə səslər icra başçısının və bələdiyyə sədrinin hazırladığı siyahıya düşənlərin nəfinə yazılmışdır. O zaman isə bu nəticə ortaya çıxır: Deməli, YAP Aparatının rəhbərinin icra başçısının yanında uşaq bağçasının tərbiyəçisi qədər hörməti yox imiş.

Bu linkə baxın

Qeyd edək ki, səsvermə prosesi zamanı gəzdiyimiz bütün seçki məntəqələrində müşahidəçilərin və namizədlərin ən çox şikayət etdikləri məsələ onların sayımı ilə məntəqə seçki komissiyalarının hər iki saatdan bir DSK-ya göndərdiyi hesabatların üst-üstə düşməməsi idi. Bildirildiyinə görə, səsverməyə gələn bütün seçiciləri sayan müşahidəçilər və namizədlər 30 nəfərin səs verdiyini təsbit etdiləri halda, hesabatlarda bu rəqəm 3 dəfə şişirdilirmiş. Maraqlıdır ki, şikayətçilər bu fikirlərini məntəqə komissiyalarının üzvlərinin yanında deyir və onlar da bunu inkar etmirdilər. Səsvermədən sonra bülletenlər sayılarkən də bu 3 qat artıq şişitrmə ortaya çıxmış, hər kəs seçki qutularının sehrinin tilsiminə heyran qalmışdı.

Bu linkə baxın

Alimpaşa teoremi: x = 2x

Ən qəribə hadisə isə müşahidə üçün getdiyimiz 16 saylı məntəqə baş verdi. Məntəqə komissiyasının sədri Vidadi müəllim sualımıza cavab olaraq 416 nəfərin səsverməyə gəldiyini bildirdi. Eyni sualı müşahidəçi Əliyev Yusifə verəndə o da sədrin düz dediyini, səsverməyə gələnləri şəxsən saydığını və o zamanadək 226 nəfərin seçkidə iştirak etdiyini (?) bildirdi. Təbii ki, biz də öz növbəmizdə Yusif bəyə Vidadi müəllimin 468 nəfərin səs verdiyini xatırladanda isə aldığımız cavaba təəccübləndik:



-Mən təxminən deyirəm da.

https://www.facebook.com/watch/?v=462250321332143



Başa düşdük ki, Alimpaşa Məmmədovun idarə etdiyi rayonda “təxminən” sözü ən azı “iki dəfə çox” deməkdir. Görünür, uzun illər Vergilər Nazirliyində çox yüksək vəzifələrdə çalışan Alimpaşa müəllim yeni riyazı teorem kəşf edib. Bu teoremi belə düsturlaşdırmaq olar: x = 2x+ a.

Doğrusu, savadımız zəif olduğundan Pifaqoru belə mat qoyan Alimpaşa teoreminin hansı riyazi məntiqə əsaslandığını deməkdə çətinlik çəkirik. Ümidvarıq ki, Azərbaycanın müvafiq qurumları Alimpaşa teoreminin sirlərini öyrənməyə çalışacaqlar. Ən azı ona görə ki, Şəmkir icra başçısının bu əsrarəngiz kəşfinin hansı zamana düşməsi olduqca vacibdir. Əgər teoremin kəşfi onun Vergilər Nazirliyində məsul vəzifə tutduğu zamana təsadüf edibsə, vay iş adamlarımızın və dövlət büdcəmizin halına!

DSK sədrinin “dövlət sirri”



Digər maraqlı hadisə ilə 8 saylı məntəqəni müşahidə edərkən rastlaşdıq. Namizəd İbrahim İbrahimovun səsverməyə neçə nəfərin gəldiyi barədə sualına məntəqə sədri Novruzova Kifayət cavab verməkdən boyun qaçırdı. Bu imtinasını isə onunla izah etdi ki, Dairə komissiyasının sədri Abdulla Sadıqov səsverməyə nə qədər adam gəldiyi barədə heç kimə, həmçinin namizədlərə məlumat verməməyi tapşırıb.

Dairə seçki komissiyasının dövlət sirri kimi mühafizə etdiyi mətləbin nə qədər qanuni olub-olmadığını, yəqin ki, hər kəsi qarşılaşdığı problemlərlə bağlı MSK-ya məlumat verməyə çağıran Məzahir Pənahov müəyyənləşdirəcək. Bizi maraqlandıran bir başqa sualdır. Müşahidə etdiyimiz bu saxtakarlıqları edənlərin böyük əksəriyyəti müəllimlər və uşaq tərbiyəçiləri idi. Göz görə-görə qanunsuzluğa və saxtakarlığa yol verən bu pedaqoqlar Azərbaycanın gələcəyi olan övladlarımızı hansı əxlaqda yetişdirirlər? Onların yetişdirdiyi uşaqlar bu cəmiyyətə nə qədər yararlı olacaqlar?



Əslində sualımız ritorikdir. Çünki bütün sistemlər öz mahiyyətinə uyğun vətəndaş yetişdirirlər. Belə görünür ki, prezident İlham Əliyevin bütün səylərinə baxmayaraq, Azərbaycandakı ənənəvi sistem hələ də öz işindədir. Sovet hakimiyyətindən miras qalan qoca məmurlar yalançı və saxtakar nəsil yetişdirməyi özlərinin bir nömrəli vəzifəsi və hakimiyyətlərinin davamlılığının qarantiyası olaraq görürlər. Bu da hardasa başadüşüləndir.

Əsl anlaşılmaz olan isə Alimpaşa Məmmədovun rəhbərlik etdiyi Şəmkir icra hakimiyyətinin seçkiləri YAP-ın əleyhinə saxtalaşdırmaq cəhdidir. Şəmkir rayonunda YAP-ın qurucularından olan İbrahim İbrahimovdan bu sirrin səbəbini soruşduq. Həmsöhbətimiz bu əsrarı bir amillə izah etdi: Şəmkir İcra hakimiyyəti ilə bələdiyyə strukturu bu zamanadək yol verdikləri maxinasiyaların üstünün açılmaması üçün sükanı ən etibarlı adamlarına vermək istəyirlər. İbrahim müəllimdən aldığımız video-müsahibəni təqdim edirik:



















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.