Tarixin qara ləkəsi, qara ləkənin tarixi – Prezident Administrasiyasının rəsmisi Qafar Əliyev kimdir?... – Araşdırma (I hissə)
10-02-2020, 10:20

Azərbaycan mətbuatının tarixində adları qara hərflərlə yazılacaq şəxslərin fəaliyyətinin araşdırılaraq ifşa olunması istiqamətində hazırladığımız yazıların silsiləsindən növbəti məqaləmizi oxucularımızın mühakiməsinə veririk. Çox uzatmadan birbaşa mətləbə keçək. Beləliklə...
2000-ci ilin əvvəlləri idi. Yaxın dostlarımızdan biri ilə Fəvvarələr meydanında görüşərək bir az gəzintiyə çıxmaq qərarına gəldik. Çalışdığım işimdən yenicə ayrılmışdım. Bir az dincəlmək, güc yığmaq və yenidən planlaşdırdığım sahələrin birində fəaliyyət göstərmək niyyətində idim. Gözlərimiz önündə günü-gündən gözəlləşən Bakı şəhərində gəzintiyə çıxmağın və bu gözəllikdən həzz almağın ləzzətini dadmağa çalışırdım. Təsadüf nəticəsində, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) təhsil aldığım müddətdə gözəl münasibətlərdə olduğum tələbə yoldaşımla qarşılaşmağım əhval-ruhiyyəmi daha da yüksəltdi. Görüşüb qucaqlaşdıq. Elə ayaqüstü tələbəlik illərimin xatirələrindən bir neçəsini yada salaraq gülüşdük. Söhbət əsnasında Qafar Əliyev adlı tələbə yoldaşımızın Prezident Administrasiyasının ictimai-siyasi şöbəsində çalışmağı barədə xəbəri eşidib çox sevindim. Yaddaşımı təzələməyə çalışdım. Bu o Qafar Əliyev idi ki, tələbə olduğumuz zaman İnstitutun dəhlizində hansısa qəbahətinə görə digər tələbələr tərəfindən ciddi təhdidlərə məruz qalmışdı. Hətta buna görə onu döyərək cəzalandırmaq qərarını verənlər də olmuşdu. Bu söhbətə müdaxilə edərək, Qafar Əliyevi həmin şəbəkənin cəngindən sağ-salamat qurtarmışdıq. Gözlərimin önündə Qafar Əliyevin həmin dövrlərdəki zahiri görünüşünü canlandırdım. Əynində nimdaş gödəkçə, boynu sıradan çıxmış köynək, altlığı aralanmış ayaqqabılar onun kasıb həyat tərzi sürməsindən xəbər verirdi. 90-cı ilin əvvəllərində ölkədə hökm sürən ağır ictimai-siyasi vəziyyət respublikamızı ciddi iqtisadi sınaqlar qarşısında qoymuşdu. Elə bizlər də Qafar Əliyevdən fərqli yaşamırdıq. Uşaqlıqdan ədalətsizliyə və haqsızlığa qarşı barışmaz mövqedə olmağımız böyüdükcə bu keyfiyyətlərin xarakterimizə hopmasına sirayət etmişdi. Qafar Əliyevi də məhz bu səbəbdən müdafiə etmişdik. Belə qərara gəldik ki, Qafar Əliyevlə görüş təyin edək.
İlk görüş və ondan yaranan təəssüratlar...
Bir neçə gündən sonra mən, tələbə yoldaşımız və Qafar Əliyev artıq süfrə arxasında oturmuşduq. Xeyli müddət tələbəlik illərimizi xatırlayaraq deyib-güldük. Söhbət əsnasında Qafar Əliyev mənə, idarə etdiyi və rəhbəri olduğu “Azad Azərbaycan” qəzetində və radiosunda çalışmaq təklifini irəli sürdü. Düzü, xeyli tərəddüd etdim. Çünki jurnalistika mənim üçün tamam yeni və gözlənilməz bir sahə idi. İşlədiyim digər sahələrlə heç bir uyğunluğu yox idi. Qafar Əliyev israrla bildirirdi ki, ona etibarlı və sadiq adamlar lazımdır. Sonda qərara gəldik ki, özümü bu sahədə sınayım və beləliklə “Azad Azərbaycan” adlı Beynəlxalq ictimai-siyasi radioda və “Azad Azərbaycan” qəzetində fəaliyyət göstərməyə başladım. Ilk günlər mətbuat sahəsinə və kollektivə uyğunlaşmaq müəyyən çətinliklər yaratsa da, get-gedə yeni sahəyə adaptasiya olunmağa başlayırdım. Bu sahənin incəliklərindən və pərdəarxası məqamlarından xəbərsiz şəkildə ideoloji sahəyə baş vurmuşdum. Ona görə də bir çox şeyləri anlamaq üçün mənə duz 10 il vaxt lazım oldu.
10 il ərzində nələri gördük...
Bu illər ərzində mənə aydın oldu ki, mətbuat sahəsi idarəçiliyin digər sahələrindən heç nə ilə fərqlənmir. İntriqalar, qarşıdurmalar, kimisə ləkələmək və nüfuzdan salmaq üçün kampaniyalar, ortada dövr edən külli miqdarda çirkli pullar və baş verənlərin fonunda aldıqları qəpik-quruş hesabına ayın axırına çıxa bilməyən sıravi iqtidar jurnalistləri... Həqiqətləri dərk etdikcə anlayırdım ki, dövlətin ideoloji siyasəti belə davam edə bilməz və gec, ya tez bu ya dəyişməlidir, ya da darmadağın olmalıdır. “Azad Azərbaycan” qəzetində və radiosunda çalışdığım müddətdə cəmiyyətdəki nöqsanları, məmur özbaşınalıqlarını çəkinmədən tənqid atəşinə tutanlardan biri olmuşam. Ona görə də həmişə təhdidlərə və şantajlara məruz qalmışam. Ulu Öndər Heydər Əliyevə dərin rəğbətim, dövlətə və xalqa sonsuz məhəbbətim o qədər güclü idi ki, həyatım üçün yaranan təhlükələri belə gözaltına almırdım. Redaksiyada çalışan əməkdaşların cüzi maaş hesabına necə istismar olunduqları, ailələrini dolandırmaq naminə hər şeyə dözən insanların acı taleyi heç vaxt məni rahat buraxmayıb. Çalışdığım kollektivin hər bir nümayəndəsi bu gün də dediklərimi təsdiq edə bilər. Bu sətirləri yazarkən gözlərimin önündə hər ayın axırı redaksiyanın dəhlizlərində qonorar üçün Qafar Əliyevi gözləyən həmkarlarım canlanır. O mənzərəni təsvir etməyə hövsələm çatmır, əsəb keçirirəm, emosiyalarımı cilovlaya bilmirəm. Keçmiş həmkarlarımın dəhlizin pilləkənlərinə dikilən məzlum baxışlarını sözlə ifadə etmək çox çətindir. Dəhlizin başında Qafar Əliyev görünən anda hamı sevincindən otaqlara doluşub bir-birini təbrik edərdi: “Qafar müəllim gəldi!...”
Nimdaş qovluq, “kolxoz sədr”lərinə məxsus ədalı yerişlə Prezident Administrasiyasıın rəsmisi redaksiyaya daxil olurdu.
Ən acınacaqlı və utancverici proseslər bundan sonra başlayırdı. Təsəvvür edin ki, verilən “maaşlar” 50-250 manat məbləğində dəyişirdi. 2000-ci illərdə bu məbləğin bir ailə üçün nə qədər əhəmiyyətli olduğunu dərk etmək o qədər də çətin deyil. Əməkdaşların bəzilərinə 50-100 manat arası, bəzilərinə 100-150 manat arası, bəzilərinə isə 150-250 manat arası qonorarlar hesablanırdı. Stolun başında oturan Qafar Əliyev barmaqlarını tüpürcəkləyərək, əlləri əsə-əsə pulları sayır, bir qarın yeməklə imtahana çəkilən jurnalistlərin aylıq fəaliyyətinə “mız” qoyaraq “maaşvermə prosesi”nə başlayırdı. Hiss olunurdu ki, min bir bəhanə ilə qonorarlardan müəyyən məbləğləri kəsmək və redaksiyanı tez tərk etmək istəyir. Bu istəyinə asanlıqla nail olandan sonra, bəzi hallarda nimdaş qovluğundan, bəzi hallarda isə qoltuq cibindən çıxardığı pulları dəstələyərək yerinə qoyur və tələsik addımlarla redaksiyanı tərk edirdi. Bu, Prezident Administrasiyasinın ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun yerlisi və yaxını olan, həmin Administrasiyanın məsul işçisi Qafar Əliyevin idarəçilik formalarından biri idi. Bununla gözü doymayan PA rəsmisi redaksiyada təşkil olunan iclaslar zamanı əməkdaşların qarşısına abunə kampaniyası adı altında pul yığılması barəsində ciddi tapşırıqlar qoyurdu. Öz-özlüyümdə düşünürdüm, əgər bu qəzet dövlət tərəfindən qeyri-rəsmi maliyyələşdirilirsə, çap və redaksiyanın saxlanması üçün vəsaitlər ayrılırsa onda, abunə adı altında idarə, müəssisə və təşkilatlardan yığılan külli miqdarda vəsait kimlərin cibinə axır?...
Bu və digər məsələlər ətrafında apardığımız araşdırmaların nəticələri ilə gələn yazılarımızda ətraflı tanış olacaqsınız.
Məqalədə adı çəkilən Qafar Əliyevin mövqeyini dinləməyə və dərc etməyə hazırıq
Ardı var...
/stimulxeber.az/