Tahir Kərimovun Salyanda “üçü birində” möcüzəsi – FOTOLAR
19-12-2015, 09:43
Salyanın icra başçısı Tahir Kərimov “adamın özünün özünə elədiyi pisliyi el yığılsa, eləyə bilməz” zərb-məsəlinin doğruluğunu sübuta yetirməyi qarşısına sanki məqsəd qoyub. Yuxarı sinif şagirdlərini iki cərgəyə düzüb onların arasından Roma imperatoru Neronun ədası ilə keçən və məktəblilərə onun yoluna qızılgül ləçəkləri səpdirən T.Kərimovun bu hərəkəti ictimai rəydə ironiya ilə qarşılandı, hətta aşkar ikrah hissləri doğurdu.
Lakin sən demə, bu da son deyilmiş. T.Kərimovun iddiaları daha böyük imiş və bu böyük iddialar onu fantaziyasını işə salmağa, özünü daha əzəmətli göstərməyə, fərqli rol və statuslarda təqdim etməyə sövq edirmiş. Məsələn, Salyanın icra başçısı özünü erməni işğalı altında olan Xocalının azad olunmasında əsas simalardan biri kimi təqdim etmək xülyasına da qapılıb. Absurddur, amma reallıqdır. Bunu youtubedə yayımlanan videosüjet də təsdiqləyir. Bununla bağlı cumhuriyyet.az olaraq təqdim etdiyimiz “Salyan icra başçısından daha bir məzə: balıq alverçisi Xocalı qəhrəmanı kimi – VİDEO” başlıqlı yazımızda ətraflı bəhs etmişdik. Bu dəfə isə Tahir Kərimov yeni faktla hamını təəccübləndirib.
Tahir Kərimovun növbəti əməlini qısa olraq “üçü birində” də adlandırmaq olar. Amma söhbət məşhur reklamdakı məhsulun – “Nescafe”nin Salyanda istehsalından deyil, Avtovağzal, ticarət mərkəzi və şadlıq sarayının bir məkanda yerləşdirilməsindən gedir. Avtovağzal həm ticarət mərkəzidir, həm də şadlıq sarayı. Bunu heç gizlətmirlər də. Avtovağzalın adının yanında da yazılıb. Bu mövzu ilə bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalarda daha maraqlı faktlara rast gəldik. Belə məlum olur ki, əvvəllər dövlət müəssisəsi olan Salyan avtovağzalı səhmdar cəmiyyətə çevrildikdən sonra özəl mülk kimi istifadə edilir və sözügedən məkandakı şadlıq evi Salyanın ən bahalı şadlıq evi hesab olunur. Çoxtəyinatlı avtovağzalın həyəti isə ödənişli maşın dayanacağına çevrilib. Ətrafda isə bazar fəaliyyət göstərir. Yerli sakinlər vağzaldan şikayət edirlər: “Bilinmir bura vağzaldır, şadlıq saraydır, yoxsa bazar. Ərazinin bir hissəsini qida məhsulları, göy-göyərti, mer-meyvə, min cür xırdavat satılan piştaxtalar tutub, hər tində-bucaqda zibil qalaqları var. Bu antisanitariya vəziyyətini rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərliyindən başqa hamı görür. Başa düşürük ki, bizim məmurlar belədir. Bir tikilidən qazandıqları ilə gözləri doymur. Daha artıq qazanmaq istəyirlər. Amma bu qədər də özbaşınalıq olmaz axı”.
Balaca bir məkanın gəlir sahələri bununla da yekunlaşmır. Bununla bağlı cumhuriyyet.az-ın əldə etdiyi məlumatlara görə, taksi sürücüləri avtovağzaldan kənara qovulub və onlar ensiz Bakı-Astara yolunu demək olar ki, bağlayırlar və burda nəqliyyatın hərəkətinə ciddi problemlər yaradırlar: “Küçədə duran taksi sürücülərinin heç biri haqq vermədən orda dayana bilməz. Rayonlararası taksilər vağzal ərazisindən çox uzaqda dayansalar da hər səfərdə avtovağzala 2 manat ödəniş edirlər. Salyan avtovağzalının sahibi Bakıya gedən mikroavtobuslardan isə 12 manat alır. Maraqlıdır ki, toplanan bu pullarla bağlı heç kimə qəbz verilmir və demək olar ki, avtovağzalda hər il nə qədər vəsait vergidən yayındırılır. Bakıya doğru yol alan hər bir taksidən 4 manat yer pulu alınır. Hər gün isə Salyandan Bakıya doğru 20-dən artıq taksi yola düşür”. Onu da qeyd edək ki, avtovağzalın hazırkı sahibi Nurəddin Hidayət oğlu Məlikovdur. Onu rayon sakinləri arasında kobud, təhqiramiz sözlərdən istifadə edən biri kimi tanıyırlar. Buna yetərli səbəbləri də var. 2013-cü ildə Nurəddin Məlikov öz işçisinin oğlu tərəfindən ağır bıçaq xəsarəti almışdı. Buna səbəb isə ona xəsarət yetirən şəxsin anasını N.Məlikovun təhqir etməsi olmuşdu.
teref.az