Cavid Qurbanov yarım ilə “ADY”nin adını necə batırdı
21-12-2015, 12:47
"Görünür azərbaycanlı məmura qərb standartlarının dəqiq iş, eləcə də görülmüş işə görə ödənişin vaxtında köçürülməsini tələb etdiyini başa düşmək çətin gəlir”.
Redaksiyamız dəfələrlə dünyanın nüfuzlu reytinq agentliklərinin Azərbaycan şirkətləri üçün verdikləri beynəlxalq reytinqlərin əhəmiyyətindən yazıb. Lakin təəssüf ki, bizim şirkət rəhbərlərinin heç də hamısı bunu dərk edə bilmir.
"Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanovu götürək. O, bir qrup reytinq agentliklərinin toplaşıb ağzına gələnləri yazdığını deyib. O, "ADY”nin reytinqini "BB+”dan "BB-"dək azaltmış Standard & Poor`s beynəlxalq reytinq agentliyinin mövqeyini belə şərh edib.
C. Qurbanov qeyd edib ki, Standard & Poor`s agentliyinin qərarının səbəbini başa düşmür. Necə olur ki, hələ yarım il əvvəl "Azəbaycan Dəmir Yolları” QSC-nin reytinqi yüksək idi, indi birdən azalıb?
"Şübhəsiz, bu göstərici mənfidir, amma nə etmək olar? Vəziyyəti düzəltməyə çalışacağıq. Biz əməkdaşlığa hazırıq, inkişaf edirik. Düşünürəm ki, gələcəkdə reytinq yaxşılaşacaq”, - o, qeyd edib.
Qurbanovun dünyasında hər şey necə də sadədir. Amma bu elə reytinq agentliyinin qiymətləndirməli olduğu aparıcı kommersiya nəqliyyat şirkətidir. Və bu qiymət sadəcə əzbərlənmiş şer yaxud bir məchulun olduğu həll edilmiş misal deyil.
Cənab Qurbanova bir daha xatırladaq ki, reytinq agentliyi nə deməkdir. Bu, emitentlərin ödəmə qabiliyyətliliyi, borc öhdəlikləri, korporativ idarəetmə keyfiyyəti, aktivlərin idarə olunması keyfiyyəti və sairin qiymətləndirilməsi ilə məşğul olan şirkətdir. Reytinq agentliklərinin ən məşhur məhsulu ödəmə qabiliyyətliliyinin qiymətləndirilməsi – kredit reytinqidir. O, borc öhdəliyi üzrə ödənişin olunmaması riskini əks etdirir və borc öhdəliklərinin faiz dərəcəsi, qiyməti və gəlirliyinin ölçüsünə təsir edir. Bu arada daha yüksək reytinq daha az ödəniş olunmaması riskinə uyğundur.
Hətta bu və ya digər alıcıya siqaret verib-verməmək barədə qərar qəbul edən adi dükançı da bunun nə olduğunu başa düşür. O, öz hərəkətlərində yalnız həmin adamın ödəmə qabiliyyətli olub-olmamasını rəhbər tutur. Bu halda dükançı tək qərar qəbul edir, mümkün itkilərə görə bütün riski öz üzərinə götürür. Dükançıdan fərqli olaraq, AYD rəhbəri aydın şəkildə başa düşməlidir ki, S&P beynəlxalq reytinq agentliyinin AYD-nin uzunmüddətli kredit reytinqini "BB+”dan "BB-"dək azaltması təkcə onun başçılıq etdiyi AYD deyil, bütün Azərbaycana böyük zərbədir.
Agentliyin hesabatını diqqətlə təhlil etdikdə məlum olur ki, burada təkcə dəmir yolu yox, həm də bütün ölkənin ödəmə qabiliyyətliliyi, o cümlədən AYD-nin hökumətlə qarşılıqlı əlaqələri şübhə altına qoyulur. İş ondadır ki, indiyədək Azərbaycan şirkətlərinin reytinqini hesablayarakən benyəlxalq reytinq agentlikləri şirkət-hökumət qarşılıqlı münasibətləri kimi amili dəqiq nəzərə alırdılar. Onlar dəqiq bilirlər ki, hökumətin bu və ya digər şirkətin imicində maraqlı olması onun üçün çox şey deməkdir. Hökumətin özünün reytinqi isə daim yüksək olub.
Burda isə "Azərbaycan Dəmir Yollarının” rəhbəri birdən birə deyir ki, Standard & Poor’s-un kredit ödənişinin üçgünlük gecikdirilməsinə görə ADY-nin reytinqini "BB+”dan "BB-"dək azaltmasından heç də məyus deyil. Diqqət yetirin, hökumət ödəniş üçün ADY-yə pul ayırıb, lakin Azərbaycan tərəfi ödənişi üç gün gecikdirməklə, hətta barələrində kredit razılaşması əldə olunmuş layihələrin həyata keçirilməsini də şübhə altında qoyur.
Lakin bir az məsuliyyətli olub ödənişi vaxtında etmək əvəzinə QSC sədri deyir ki, bu gün reytinqin azalması AYD üçün prioritet məsələ deyil, çünki indi əsas diqqət yük daşınmaları həcminin artırılmasına yönəlib. Lakin o, azalmış reytinqlə bunu etməyin mümkünlüyü barədə düşünmür. Gəlin onda sədrə xatırladaq ki, adlı-sanlı xarici şirkətlər və banklar Azərbaycanın yüksək reytinqli şirkətləri ilə iş görməyə üstünlük verirlər.
Və indi Qurbanovun ümid edə biləcəyi yeganə şey hökumətin reytinqidir. Yəni, indi yenə də bütün danışıqlar və müqavilələr hökumətin adından aparılacaq və bağlanılacaq. AYD isə həmişəki kimi hələlik onu pis vəziyyətdə qoymayan hökumətinin arxasında gizlənəcək.
Lakin nəhayət başa düşmək lazımdır ki, AYD artıq çoxdan uşaq vaxtını arxada qoyub və indi öz problemlərini müstəqil həll etməlidir. Bunun üçün o qədər də çox şey lazım deyil – hərəkətlərin və sözlərinə görə bütün məsuliyyəti hiss etmək lazımdır. Hələlik isə Qurbanovun reytinqin ikinci dərəcəli məsələ olması barədə bəyanatı heç bir tənqidə davam gətirməz: "Əlbəttə, bu yaxşı deyil, biz reytinqi yaxşılaşdırmağa çalışırıq, lakin ümumilikdə bizim üçün daha ciddi olan işlərlə məşğuluq. Reytinq "Azərbaycan Dəmir Yollarına” məsələn bond buraxanda lazım olacaq, hələlik isə biz daxili inkişafla məşğuluq.
Maraqlı məntiqdir. Sən demə "daha ciddi fəaliyyət” və "daxili inkişaf” üçün reytinq lazım deyil. Onun rəyinə görə, reytinq yalnız bond buraxanda gərəkli olur. Lakin belə məntiqlə hələ bondların buraxılması mərhələsinə çatmaq da var. Məgər dünyanın aparıcı şirkətləri bondların buraxılması üçün şəxsi reytinqlərini qaldırmaq naminə dəridən qabıqdan çıxmırlar? Bir daha vurğulamaq lazımdır ki, adlı-sanlı şirkətlər elə özləri kimi adlı-sanlı tərəfdaşlarla iş görmək istəyirlər. Və dünyada özünə hörmət edən heç bir şirkət zəifləmiş nüfuz yaxud reytinqli Azərbaycan firması ilə işləmək istəməyəcək. O, yalnız özü üçün çox sərfəli şərtlərlə birgə işə razılıq verə bilər.
Düzdür, Qurbanovun sözlərinə görə, ADY QSC-yə müraciət edəcək istənilən reytinq şirkəti ilə əməkdaşlığa hazırdır. Lakin dünyanın aparıcı reytinq şirkətlərindən birinə ödənişi gecikdirdikdən sonra onlarla necə əməkdaşlıq etmək olar? Görünür azərbaycanlı məmura qərb standartlarının dəqiq iş, eləcə də görülmüş işə görə ödənişin vaxtında köçürülməsini tələb etdiyini başa düşmək çətin gəlir. Əks halda ADY beynəlxalq reytinq agentlikləri deyil, daha az məşhur olanları ilə əməkdaşlıq etməli olacaq. Lakin onların reytinqi dünya bazarında o qədər də yüksək qiymətləndirilməyəcək. xalqxəbər/