“Evimizi əlimizdən alıb, həyat yoldaşımı öldürdülər” - ŞİKAYƏT VAR
23-12-2015, 12:04

“Yeni Müsavat” qəzetinin redaksiyasına bir nüsxəsi baş redaktor Rauf Arifoğluna, digər nüsxəsi isə dövlət başçısı İlham Əliyevə ünvanlanan şikayət məktubu daxil olub.
Bakı şəhəri, Mikayıl Müşfiq küçəsi ev 10, mənzil 45 ünvanında müvəqqəti yaşayan Lumu Kazımova məktubunda bildirib ki, həyat yoldaşı Mövsüm Kazımov Bakı Dəmiryolu vağzalında yerləşən “Ləman” kafesində öldürülüb və onun qətlinin üstü nəinki açılmayıb, davamında bir çox problemlər də yaşanıb. Onun yazdığına görə, həyat yoldaşının öldürülməsi onların əmlakının ələ keçirilməsinə xidmət edib.
L.Kazımovanın sözlərinə görə, 28 fevral 2015-ci ildə həyat yoldaşı “Ləman” kafesində öldürüləndən sonra Nəsimi Rayon Prokurorluğunda çox səthi araşdırma aparılıb və 1 aprel 2015-ci il tarixdə cinayət işinin başlanılmasının rədd olunması barədə qeyri-obyektiv qərar çıxarılıb. Bununla yanaşı, qəbul edilmiş qərar gizlədilib, Baş Prokurorluğun göstərişindən sonra ona verilib: “Həyat yoldaşımın ölümünün səbəbkarı Eldar Əliəşrəf oğlu Rəhimovdur. Belə ki, Eldar Rəhimov mənim həyat yoldaşımı ticarət qurmaq adı altında aldadaraq tanışı Elçin Zamanovdan 30 min manat faizlə pul götürüb. Eldar Rəhimov söz verib ki, pulu 3 ay müddətinə qaytaracaq. Bu məqsədlə o, dələduzuq yolu ilə ona olan inamından və etibarından sui-istifadə edərək bizə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, A.Musatafayev küçəsi 17 ”a" ünvanında yerləşən 46 saylı, 3 otaqdan ibarət olan mənzili girov qoymaq adı ilə aldadaraq Elçin Zamanovun adına keçirdi. Bundan sonra isə o, həyat yoldaşıma borc adı ilə 30 min manat pul vermək əvəzinə mənzilimizi formal olaraq alqı-satqı edib".
Şikayətçinin bildirdiyinə görə, E.Zamanov həmin mənzili banka girov qoyaraq pul götürüb və mənzili bankın iştirakı ilə satıb: “Nəticədə mən və həyat yoldaşım yeganə yaşayış sahəmizdən məhrum olaraq küçələrdə qalmışıq. Həyat yoldaşım haqqa nail olmaqdan ötrü dəfələrlə qeyd olunan şəxslərlə əlaqə saxlamış, Eldar Rəhimovdan mənzilini qaytarmağı tələb etmişdi. Eldar Rəhimov hər dəfə bizi aldadırdı. Deyirdi ki, Mərdəkan qəsəbəsində Dərya Dadaşov küçəsi 88 ünvanında mülki var. Həmin mülki 450 min manata satıb mənzili geri qaytaracaq. Lakin bu söhbət günü-gündən uzanırdı. Artıq onun bu hərəkətlərinə həyat yoldaşım dözə bilmirdi. Sonuncu dəfə Eldar Rəhimovla yoldaşım ”Ləman" kafesində görüşüb ki, bu məsələyə son qoyulsun. Görüş zamanı onların arasında mübahisə olub. Həmin vaxt baş verənlər mühafizə kamerası tərəfindən çəkilib. Lakin kamera görüntüləri saxtalaşdırılaraq tam variantda işə əlavə olunmayıb. Hər hansı bir araşdırma aparılmadan rədd qərarı qəbul olunub. Araşdırmanı aparan şəxslərin qeyri-qanuni hərəkətlərinə görə mən bu günədək də haqq-ədalətə nail ola, pozulmuş hüquqlarımı bərpa edə bilmirəm".
L.Kazımova deyib ki, qanun bu tələblərinə zidd olaraq bilərəkdən hadisə ilə bağlı istintaq aparılmayıb. Əldə olunan mötəbər sübutları gizlədilib və cinayəti törədən şəxs məsuliyyətdən kənarda saxlanılıb: “Sonrdan bizə məlum oldu ki, hadisə baş verən gün polis əməkdaşları Eldar Rəhimovu Nəsimi Rayon Polis İdarəsinə aparıb və bir neçə saat saxlandıqdan sonra buraxılıb. Eyni zamanda hadisə baş verən zaman mərhumun cibindən çıxan müxtəlif ləvazimatlar protokollaşdırılmadan yoxa çıxarılıb. Müstəntiq Anar Abıyev Eldar Rəhimovun cinayət əməlinə düzgün hüquqi qiymət vermədi. Mən dövlətimizə, prezidentimizə, qanunlarımıza güvənərək, onlara arxalanaraq pozulmuş hüququmun bərpa olunmasını tələb edirəm”.
Şikayətçi E.Rəhimovun onlara dəfələrə evlərini geri qaytaracağına söz verdiyini bildirir: “Deyib ki, bunun müqabilində vəsait ödəyəcək. Bu günə qədər o, bizdən gizlənir, Ancaq bizə hədə-qorxu gələklə şikayətlərimizdən yayındırmağa çalışır. Hüquq-mühafizə orqanları isə bunun üçün ona şərait yaradır. Hal-hazırda mənim şikayətlərimə əsasən toplanmış iş materialları Nəsimi Rayon Prokurorluğunda müstəntiq Pirayə Səmədzadə tərəfindən araşdırıldıqdan sonra cinayət işinin istintaqının aparılması üçün Yasamal Rayon Polis İdarəsinə təqdim edilib. Ancaq mərhum həyat yoldaşımın ölüm səbəblərini tam dəqiqləşdirmək üçün tibbi ekspertizanın ləng addımlar atdığı məlum olur”.
Şikayətçi məktubunu belə bitirib: “Mənə artıq heç bir şey lazım deyil. Yalnız qanuni yolla dələduzların bizdən aldığı mənzilimizin geri qaytarılmasını istəyirəm”.