"Ağır söyüşlərlə məni təhqir edib, kabinetdən qovdu..." - ŞİKAYƏT VAR

23-12-2015, 14:56           
"Ağır söyüşlərlə məni təhqir edib, kabinetdən qovdu..." - ŞİKAYƏT VAR
Bir neçə gün bundan öncə redaksiyamıza şikayət ərizəsi ilə müraciət etmiş Bakı şəhər sakini Fikrət Əhmədov Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Maqsud Məmmədovun onun qəbuluna dümək istəyən vətəndaşları təhdid və təhqirlərə məruz qoymasından son dərəcə hiddətləndiyini vurğulamışdı. Vətəndaşın təqdim etdiyi açıqlamalar, eləcə də əldə etdiyimiz digər məlumatlar əsasında “Bizim Dövr”ün 16.12.2015-ci il tarixli sayında “Yasamal işıq idarəsində insident yaşanıb” sərlövhəli material dərc olunmuşdu. Həmin yazıda da qeyd etdiyimiz kimi, Fikrət Əhmədovun ərizəsi əsasında əməkdaşlarımız tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olmuşdu ki, Yasamal RETSİ-nin fəaliyyətində əməkdaşların, bəzən isə hətta idarə rəhbərinin də abunəçilərlə münasibətdə kobud davranışa yol vermələri, əsassız cərimələrin tətbiq olunması, qanunsuz elektrik xətlərinin çəkilişi və bu əsasda digər istehlakçıların hüquqlarının pozulması kimi hallara kifayət qədər rast gəlinir. Elə Fikrət Əhmədov da öz müraciətində yaranmış narazılığın ilkin səbəbi kimi, məhz onun sayğacına gələn elektik xəttindən qonşuluqda yerləşən kommersiya obyektinə qanunsuz xətt verilməsini göstərmişdi. Bu xüsusda ərizədə deyilir: “Yaşadığım evin qonşuluğunda heyvan kəsimi müəssisəsi yerləşir. Yasamal RETSİ-nin əməkdaşları isə, həmin bu müəssisənin işığını mənim mənzilimə gələn xəttdən veriblər. Bu səbəbdən də xəttlər normadan artıq yüklənir və bizim evimizdə məişət elektrik cihazlarının işləməsində problemlər yaranır. Mən bir neçə dəfə bununla bağlı ərazini gəzən nəzarətçilərə öz iradımı bildirmişəm. Lakin dediklərimə heç kim əhəmiyyət verməyib. Buna görə də nəhayət bu yaxınlarda Yasamal RETSİ-nin rəisi Maqsud Məmmədovun qəbuluna getdim ki, yaranmış problem barədə onu məlumatlandırım. Amma idarə rəisi heç məsələni ona tam izah etməyimə də imkan vermədi. Ağır söyüşlərlə məni təhqir edib, kabinetdən qovdu...” Lakin hadisələrin inkişafı göstərdi ki, Yasamal RETSİ-nin rəisi Maqsud Məmmədovun ədəbsizliyi sadəcə onu “narahat edən” vətəndaşlara qarşı münasibətində ifadə olunmur. Belə ki, yaranmış münasibətə münasibət bildirmələri üçün, dünən xanım əməkdaşlarımızdan biri ilk növbədə “Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxlamışdır. Öz növbəsində Tanrıverdi müəllim məsələnin təfərrüatlarını öyrənmək üçün əməkdaşımıza Maqsud Məmmədovla əlaqə saxlamağı tövsiyyə etmişdir. Yalnız bundan sonra, həm də böyük çətinliklə Yasamal RETSİ-nin rəisi ilə telefon əlaqəsi saxlaya bilmiş əməkdaşımız isə, bu zəngi elədiyinə görə sonda çox peşman olmuşdur. İlk növbədə Maqsud Məmmədov əməkdaşımıza bildirmişdir ki, yalnız Tanrıverdi müəllimin icazəsi ilə o, mətbuat nümayəndələri ilə görüşə bilər. Belə bir “izn”in alındığını öyrənəndən sonra isə, rəis söhbəti telefonla aparmağa üstünlük verdiyini bildirmişdir. Bundan sonra əməkdaşımız şikayətçi Fikrət Əhmədovun dediklərini rəisin diqqətinə çatdırmışdır. Bütün bu söhbətdən isə, bizim aydınlıq gətirə bildiyimiz sadəcə iki məqam oldu. Birincisi, Yasamal RETSİ-nin rəisi Fikrət Əhmədovun problemindən xəbərdardır. İkincisi də, Fikrət Əhmədov Maqsud Məmmədovun elementar etik davranış normalarından xəbərdar olmadığına dair nə deyibsə, hələ az deyib. Təsəvvür edin ki, dövlət idarəsinə rəhbərlik edən bu məmurun bir vətəndaşın ünvanına işlətdiyi söyüş və təhqiramiz ifadələri bəlkə də ən səviyyəsiz pritonlarda eşitmək mümkündür. Maqsud Məmmədov nə bir xanımla danışdığına, nə də rəhbər vəzifə tutduğuna heç bir əhəmiyyət vermədən ən tərbiyyəsiz ifadələr işlətməkdən belə çəkinmədi. Görəsən “Azərişıq” ASC-nin rəhbərliyi öz əməkdaşlarına ən azından onların aldıqları məvacibin hansı qaynaqlardan alındığı barədə hər hansı bir məlumat verirmi? Görəsən Maqsud Məmmədov ünvanına söyüşlər yağdırdığı vətəndaşın dövlət büdcəsinə ödədiyi vergilər hesabına məvacib alıb, özünün və ailəsinin maddi tələbatlarını ödədiyini bilirmi? Yoxsa idarə rəisinə elə gəlir ki, o, abonentlərə enerji satmaqla onların boyunlarına böyük bir minnət qoymuş olur? Görünür Maqsud Məmmədovun başı təhkim olunduğu ərazidə müxtəlif maxinasiyalara elə qarışıb ki, ətrafında baş verənləri izləməyə vaxtı belə yoxdur. Əks halda idarə rəisinin ondan da çox pul “qazanan” və insanları elə onun kimi saya salmayan bir çox digər məmurların aqibətindən xəbəri olardı. Bilərdi ki, nə bu ölkə, nə də onun vətəndaşları sahibsiz deyil.

teref.az olaraq qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.