"MTN “Azİmport”u ələ keçirmək istəyib" - İTTİHAM VAR
29-12-2015, 12:00
"Biz “Azİmport” MMC olaraq son vaxtlar bəzi mətbuat orqanlarında, xüsusilə də internet mediasında şirkət haqqında yayılan yalan məlumatlara, qərəzli yazılara ertiraz edirik. “MTN mətbəxi”ndə hazırlanaraq ictimai dövriyyəyə buraxılan qərəzli və şantaj xarakterli məlumatlardan bu gün də istifadə edilməsi şirkətin işgüzar fəaliyyətinə və ictimai nüfuzuna xələl gətirir".
Bunu Moderator.az-a "Azİmort" MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.
Şirkətin yaydığı bəyanatda Azərbaycan Respublikasında söz və məlumat azadlığı, jurnalistlərin informasiya əldə etmək, hazırlamaq və yaymaq hüququ tam təmin edilib, KİV-in sərbəst fəaliyyəti üçün bütün imkanların mövcud olduğu qeyd edilir: "Lakin dövlət rəsmilərinin və Mətbuat Şurası rəhbərlərinin də təəssüf hiss ilə qeyd etdikləri kimi, son vaxtlar bir sıra KİV-lərdə, xüsusilə internet media orqanlarında həqiqətəuyğun olmayan, əsassız, qərəzli, hətta şantaj xarakterli məlumatların yayılması halları artıb. Belə məlumatları yayanlar bəzən kimlərinsə sifarişini yerinə yetirir, bəzən də sadəcə, “populyarlıq və qazanc” əldə etmək niyyəti güdür. Ancaq bu zaman insanları və onların ailələrini mənəvi-psixoloji sarsıntya məruz qoyduqlarının, biznes və sahibkarlıq strukturlarının işgüzar nüfuzuna ciddi zərbə vurduqlarının, nəticədə qanunazidd və birbaşa hüquqi məsuliyyət doğuran əməllər törətdiklərinin fərqində olmurlar".
Bəyanatda bildirilir ki, “Azİmport” şirkəti də son vaxtlar davamlı olaraq bəzi internet media qurumlarının təzyiq və təqiblərinə məruz qalmaqdadır: "Şirkət haqqında qərəzli məlumatları yaymaqla cəmiyyəti çaşdırmağa cəhd göstərən belə qurumlar hətta gerçəkliyi əks etdirməyən çox köhnə və əsassız “fakt və dəlillər”ə istinad etməkdən belə, çəkinmirlər. Hətta keçmiş Milli Təhlükəsizlik Nazirliyində uzun müddət kök salmış cinayətkar dəstənin sahibkarlara və iş adamlarına qarşı qanunazidd və cinayətkar əməllərinin aşkarlanmasından sonra da vaxtilə bu dəstədən göstəriş və təlimat almış media qurumları hələ də gerçəkliyi anlamaq istəmir, şantaj və şərləmək yolu hansısa maddi mənfəət əldə edəcəklərinə ümid bağlayırlar. “MTN mətbəxi”nidə hazırlanaraq ictimai dövriyyəyə buraxılan və “Azİmort” MMC-nin işgüzar nüfuzuna zərər vuran, burada çalışan insanların şərəf və ləyaqətini ləkələyən qərəzli və təhqiramiz məlumatlardan bu gün də istifadə edilməsi halları ciddi narahatlıq doğurur. Məsələn, 9 ay əvvəl - mart ayında “Azadlıq” radiosunun “Qaynar xətti”ndə getmiş bir məlumata istinad edilərək, indiyədək dəfələrlə Azərbaycanın daha ciddi və populyar media qurumlarında müzakirə edilmiş, rəy bildirilmiş və cavablandırılmış bir məsələnin - paytaxtın Bayıl qəsəbəsindəki “Şanxay” adlanan ərazidə aparılan abadlıq işlərində çalışmış şəxslərin əmək hüquqlarının pozulması və əməkhaqqını vaxtında ala bilməməsi məsələsinin yenidən gündəmə gətirilməsinə cəhd göstərilir.
İlk növbədə, yenidən xatırlatmağa ehiyac var ki, həmin şəxsləri abadlıq işlərinin aparılmasına bu işlərin podratçısı olan “Azİmport” MMC deyil, onunla subpodrat müqaviləsi bağlamış firmalar və sahibkarlıq fəaliyyəti göstərən ayrı-ayrı şəxslər cəlb ediblər. Buna görə də “Azİmport” MMC həmin firma və ya şəxslərin işçilərlə əmək müqaviləsi bağlamamasına cavabdehlik daşımır. Görülən işlərə görə borcun ödənilməməsi məsələsinə gəldikdə isə, “Azİmport” MMC təkcə “Şanxay” ərazisində deyil, paytaxtın bir sıra məkanlarında həyata keçirdiyi tikinti-abadlıq işlərinə görə qanuni müqavilələr üzrə hesablanmış vəsaitin əsas hissəsini sifarişçi təşkilatdan hələ də ala bilmir".
Bəyanatda o da qeyd edilir ki, “Azimport” MMC bu işlərin icrasında iştirak edənlərə indiyədək, ümumilikdə 2.289.407 manat əmək haqqı ödəyib: "Bu məbləğin yalnız 1.100.000 manatı sifarişçi tərəfindən şirkətin hesabına köçürülüb. İşçilərin əmək haqqı kimi aldıqları qalan 1.189.407 manatı şirkət öz maliyyə vəsaiti hesabına ödəməyə məcbur olub. Hazırda başa çatdırılmış və yarımçıq qalmış tikinti-abadlıq işlərin üzrə “Azimport” MMC-yə ödənilməyən vəsaitin həcmi isə şirkətin borclarından xeyli çoxdur. Yaranmış vəziyyət barədə sifarişçi təşkilata müraciətlərə cavab olaraq, borcun ödəniləcəyi vəd edilsə də, hələ konkret nəticə yoxdur.
“Azimport” MMC rəhbərliyi birbaşa əmək müqaviləsi bağlamadığı, lakin baş podratçısı olduğu layihələrdə çalışmış şəxslərin əməkhaqqının gecikdirilməsi ilə bağlı narahatlığını yaxşı başa düşür və bu problemin həlli üçün bütün qanuni vasitələrdən istifadə etməyə çalışır. Şirkətin təsisçisi və rəhbəri Azər Əsgərovun kimisə qapıdan qovması və ya təhqir etməsi barədə iddialar da tamamilə əsassızdır. Sahibkarlıq fəaliyyətinin genişliyi və təşkilati işlərinin çoxluğu səbəbindən o, nəinki şirkətə gələnlərlə hər dəfə görüşməyə vaxt tapa bilmir, üstəlik, kiməsə qarşıqeyri-etik, kobud davranışa yol vermək bu xeyirxah iş adamının xarakterinə tamamilə ziddir".
Bəyanatda həmin dövrdə Azər Əsgərovun davamlı olaraq MTN-nin sabiq rəhbərlərinin və əməkdaşlarının təzyiq və təqiblərinə məruz qaldığı da qeyd olunur. Bildirilir ki, o zaman şirkətin rəhbərindən vəzifəli şəxslərin əleyhinə ifadə almaq, hətta yaxın qohumu, vaxtilə “Azimport” MMC-nin təsisçilərindən biri olmuş, lakin Dövlət Bayrağı Meydanı idarəsinə direktor təyin olunması ilə əlaqədar şirkətlə bütün hüquqi və faktiki əlaqələrinə xitam verilmiş Rəşad Məmmədovun şirkətin qeyri-rəsmi sahibi olması barədə ərizələr yazdırmaq istəyiblər: "Hətta şirkətin ofisində qeyri-qanuni axtarışlar aparıb, seyfdən müəyyən qədər nağd pul, sonradan öz adlarına rəsmiləşdirmək məqsədilə şirkətə və işçilərə məxsus olan mülkiyyət sənədləri götürüb aparıblar. Məqsədləri Azər Əsgərovun öz əməyi və səyi ilə qurduğu, respublikada bir çox mötəbər tikinti-abadlıq layihələrini uğurla icra edən, inşaat sektorunda innovativ sahibkarlıq subyektlərindən biri kimi tanınan “Azimport” MMC-nin əmlakını ələ keçirmək olub. Yalnız prezident İlham Əliyevin qətiyyəti sayəsində keçmiş MTN-nin rəhbərlərinin qanunazidd əməllərinə son qoyulması Azərbaycan sahibkarlarının, o cümlədən Azər Əsgərovun başı üzərini almış təhlükəni aradan qaldıra bilib. Lakin MTN-nin ləğv edilməsinə, milli təhlükəsizlik zabiti adını ləkələmiş vəzifəli şəxslərin həbs olunmasına baxmayaraq, vaxtilə onların öz təsir dairələrində olmuş media qurumları vasitəsilə yaydıqları saxta və yalan məlumatların hələ də gündəmdə saxlanılması, qərəzli məqsədlərlə istifadə edilməsi halları mövcuddur. MTN tərəfindən həbsə alınmış Rəşad Məmmədov haqqında yayılan məlumatlar da buna misal ola bilər. “Azimport” MMC-nin sahibi Azər Əsgərovun yaxın qohumu olsa da, o hazırda şirkətdə heç bir əmlak payının sahibi deyildir, yuxarıda qeyd edildiyi kimi, dövlət qulluğuna keçməsi ilə əlaqədar olaraq, bu qurumla bütün hüquqi və faktiki əlaqələrinə xitam verilib".
Bəyanatda Rəşad Məmmədovun milliyyəti barədə yayılmış yalan məlumatlara da aydınlıq gətirilir. Bildirilir ki, Rəşad Rəfael oğlu Məmmədovun milliyyəti barədə məlumat isə təkcə yanlışlığı ilə deyil, həm də qeyri-humanistliyi ilə acı təəssüf doğurur: "Anasını körpə yaşında itirdikdən sonra onu dindar və imanlı bir qadın olan, bu yaxınlarda 104 yaşında dünyasını dəyişmiş ana nənəsi Umbakı xanım böyüdüb tərbiyə edib. Ömrü boyu ana nisgili ilə yaşayan Rəşad Məmmədov ailəsinin ümidlərini doğruldaraq, orta məktəbi müvəffəqiyyətlə bitirib, Hərbi Hava Qüvvələrinin Y.V.Andropov adına Leninqrad Ali Hərbi-Siyasi Məktəbində təhsil alıb, peşəkar zabit kimi yetişib. Doğma Azərbaycanda erməni separatizminin baş qaldırdığı, Vətən torpağının təcavüz təhlükəsi ilə üzləşdiyi bir vaxtda o, Rusiyadakı vəzifə perspektivlərindən və hərbi karyeradan qətiyyətlə imtina edərək, Bakıya qayıdıb. Burada Bakı Qarnizonu Hərbi Komendantının Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları üzrə köməkçisi kimi milli orduda xidmətə başlayıb. Qarabağ müharibəsi dövründə 702-ci briqadanın tərkibində Murovdağ yüksəkliyi və Füzuli uğrunda döyüşlərdə iştirak edib. Döyüş səngərində ağır xəstəliyə tutulduğu üçün uzun müddət müalicə almaq məcburiyyətində qalıb".
O da qeyd olunur ki, hazırda Rəşad Məmmədovla bağlı hüquq-mühafizə orqanlarında araşdırlma aparıldığı, şəxsiyyəti barədə yayılan qərəzli məlumatlara onun özünün cavab vermək imkanı olmadığı bir vaxtda bəzi media qurumlarının yanlış məlumatları təkrarən gündəmə gətirməsi nə insanlıq prinsiplərinə, nə də jurnalist etikasına sığır: "Belə məlumatlardan 4 övlad atası olan Rəşad Məmmədovun ailə üzvləri ciddi mənəvi iztirab, psixoloji sarsıntı keçirirlər. Onun 12 yaşlı qızı Əminə atasının mətbuatda “xalq düşməni” obrazında təqdim olunmasından keçirdiyi dərin psixoloji sarsıntının təsiri altında hətta məktəbə getməkdən belə, imtina etmək fikrinə düşüb. Bu hadisə KİV-in, jurnalistlərin xalqımız, cəmiyyətimiz üçün mühüm amil olan şəxsiyyət və mənəviyyat məsələlərinə həssaslıqla yanaşmasının nə qədər vacib olduğunu bir daha göstərir.
Ümumiyyətlə, bütün dünyada tolerant ölkə kimi tanınan Azərbaycanda hər hansı – istər milli-etnik, istər dini ayrı-seckiliyin təbliğinin yolverilməz olduğu, cəmiyyətmizin əsaslarını zədələdiyi dövlətimizin başçısı tərəfindən dəfələrlə bəyan edilib.
Azərbaycanın birinci xanım, öz insanpərvərliyi ilə bütün dünyada hörmət və ehtiram qazanmış millət vəkilimiz, YUNESKO-nun və İSESKO-nun sülhməramlı səfiri Mehriban xanım Əliyeva bu ilin may ayında Dövlət Bayrağı Meydanının yaxınlığında, Yeni Bulvarın ərazisində yerləşən vətolerantlığı simvolizə edən “Sülh ağacı” abidəsinin açılış mərasimindəki çıxışında ölkəmizdə müxtəlif dinlərin, etnik qrupların və mədəniyyətlərin nümayəndələrinin həmişə sülh, əmin-amanlıq, tolerantlıq şəraitində birgə yaşadığını vurğulayaraq deyib: “Əsrlər boyu burada çoxmillətli cəmiyyət formalaşıb və bu gün biz tolerantlığın belə bir dəyərli ənənəsinə malik olmağımızdan qürur hissi duyuruq”.
Bəli, Azərbaycan müxtəlif millətlərin doğma vətəni, azərbaycançılıq müstəqil dövlətimizin rəsmi ideologiyasıdır. Media orqanlarının bu məsələlərə həssaslıq göstərməsi, vətəndaşların milli, dini, mənəvi duyğularına hörmətlə yanaşması vacibdir.
Bunu da vurğulamağı vacib sayırıq ki, respublikanın nüfuzlu və ciddi KİV-ləri şirkətimizlə bağlı yuxarıda sözügedən yanlış və əssasız məlumatlara heç bir halda istinad etməməklə özlərinin yüksək peşəkarlıq prinsiplərinə sadiqliklərini bir daha təsdiqləyirlər.
Biz,ümumiyyətlə, jurnalistləri ictimaiyyətin diqqətinə təqdim etdikləri problemlərə obyektiv münasibət göstərməyə, təhqir və şantajdan uzaq olmağa, ictimai münasibətləri gərginləşdirmək cəhdlərindən çəkinməyə çağırırıq. Ümidvarıq ki, bu bəyanatı öz peşə borcunu vicdanla yerinə yetirən bütün jurnlaistlər dəstəkləyəcəklər".