Təhsildə xeyli sayda məmur iş yerini itirə bilər - Regional idarələrinin yaradılması məsələsi yenidən gündəmdə
6-01-2016, 11:15
Yayılan məlumatlara görə rayon təhsil şöbələri ləğv edilib yerində regional təhsil idarələri yaradılacaq. Onu da qeyd etmək yerə düşər ki, ötən il bu məsələ gündəmə gələndə və naməlum müddətə təxirə salınanda heç də bir mənalı qarşılanmamışdı və ayrı-ayrı ekspertlər tərəfindən müxtəlif şəkildə yozulurdu. 2015-ci ilin yanvarın 1-dən yaradılmalı olan Regional təhsil idarələrinə münasibətdə kimi bunu idarəetmənin optimallaşdırılması, onları icra hakimiyyətlərinin asılılığından qurtarmaq baxımından müsbət hal kimi qiymətləndirmiş , kimi də rayon icra hakimiyyəti başçılarının təzyiqi kimi yozaraq, köhnə kadrlar bazası əsasında yaradılacaq bu idarələrin təhsilimizə yeni nəsə verə biləcəyinə inamsızlıqlarını bildirmişdilər. Nazir Mikayil Cabbarov isə bunu belə izah etmişdi ki, Milli Məclisə təqdim olunan gələn ilin dövlət büdcəsində bu qurumların yaradılması üçün müvafiq vəsait nəzərdə tutulmayıb.Çoxlarını düşündürən sual isə ondan ibarət idi ki, görəsən bu idarələr bir çox hallarda rüşvət yuvasına çevrilmiş rayon təhsil şöbələrindən fərqli fəaliyyət göstərə biləcəkmi?
DİA.AZ olaraq məsələyə tanınmış təhsil mütəxəssisi Nadir İsrafilovun münasibətini öyrəndik. Ekspertin fikrincə, məsələyə kimin nə kimi münasibət bəsləməsindən asılı olmayaraq, Rayon təhsil şöbələrinin ləğv edilərək, bu qurumların bazasında Regional təhsil idarələrinin yradılması məsələsi gözlənilən idi və gec-tez öz həllini tapacaqdı. Çünki, hər şeydən əvvəl “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 24 iyul 2014-cü il tarixli Prezident Sərancamında “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət strategiyası“na əsasən təhsilin nəticələrinə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə sisteminin formalaşdırılması, maliyyə və inzibati resursların vahid təhsil siyasətinə uyğun planlaşdırılması və təhsil idarəçiliyinin qarşıda duran vəzifələrə adekvat qurulması ölkənin təhsil sahəsində qabaqcıl dünya standartları səviyyəsinədək təkmilləşdirilməsi prosesində başlıca vəsifələrdən biri kimi müəyyənləşdirilib.Yəqin ki, sözügedən struktur dəyişikliyinin əlavə olaraq əsaslandırılmasına ehtiyac qalmır.
O ki, qaldı mənim subyektiv mövqeyimə hesab edirəm ki, belə bir addımın atılması təhsildən daha çox iqtisadiyyatla, maliyyə vəsaitlərinə qənaət etməklə yanaşı daha kompakt heyyətlə çevik və mobil idarəetmə sistemini gerçəkləşdirmək məqsədinə xidmət edir. Regionlar üzrə idarələrin yaradılmasının özünü nə dərəcədə doğruldacağını zaman göstərəcək. Nələr qazanacağımızı hələ ki, tam dəqiqliyi ilə bilməsək də, bunun bir sıra fəsadlar gətirəcəyini bəri başdan təxmin etmək olar. Ən azından xeyli işçı öz iş yerini itirəcək. Onların əksəriyyətinin əlaqədar iş yerləri ilə təmin olunmasında müəyyən problemlər yaşanacaq. Onu da qeyd edim ki, bu təkcə mənim gəldiyim qənaət deyil.
Ekspert onu da xüsusi olaraq vurğuladı kı, bəzən zəruri hesab etdiyimiz hansısa bir forma dəyişikliyinin məzmuna təsir göstərəcəyinin nəzəri cəhətdən əsaslandırılması, heç də bütün hallarda özünü doğultmur. Bununla bağlı təhsil təcrübəsində kifayət qədər gözləntilərimizin arzu olunan nəticələr verməməsinin şahidi olmuşuq. Tez-tez aparılan struktur dəyişıklıkləri adaptasiya ilə bağlı müəyyən ləngimələrə səbəb olur ki, bu da təhsilin ahəngdar inkişafına, səmərə və keyfiyyətinə öz mənfi təsirini göstərməyə bilməz.
“Düzdür təhsildə köklü islahatlara ciddi ehtiyac var, lakin bu islahatlar formaca yox məzmunca məna kəsb etməlidir. Güman etmirəm ki, bu yolla təhsilin keyfiyyətinin yüksəldilməsi sahəsində hansısa bir irəliləyişə nail ola bilərik Əgər büdcə kəsiri ilə bağlı ixtisarlar bu qədər zəruri idisə, bu ixtsarları mövcud strukturları saxlamaqla, elə həmin idarə və şöbələrdə aparmaq daha məqsədəuyğun olardı nəinki, birləşdirmə yolu ilə yeni idarələrin yaradılması. Tələsməyək, yəqin ki, bununla əlaqədar dövlətin rəsmi qürumları müvafiq açıqlamalar verərək məsələnin bəlkə də bizə məlum olmayan müsbət tərəflərinə aydınlıq gətirərlər.