İyun ayının “qayçılanan” 190 manatı ətrafında mübahisələr böyüyür

20-07-2020, 00:03           
İyun ayının “qayçılanan” 190 manatı ətrafında mübahisələr böyüyür
Xüsusi karantin rejimi tətbiq olunan şəhər və rayonlarda yaşayan rəsmi işsizlərin və karantinə qədər qeyri-formal işləmiş vətəndaşların heç də hamısının bu kateqoriyadan olanlara iyun ayı üçün təyin olunan 190 manat birdəfəlik ödənişi ala bilmədiklərini yazmışdıq. Məqalə dərc olunandan sonra oxucularımız sırasından eyni problemlə üzləşmiş vətəndaşlar redaksiya ilə əlaqə saxlayıb narahatlıqlarını ifadə etmiş, məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinin açıqlaması səslənməyənədək mövzunu gündəmdə saxlamağı bizdən xahiş etmişlər. Onların bəziləri təxmin edirmişlər ki, kartlarına 190 manatın yatırılması sadəcə işin həcminin çoxluğu səbəbindən gecikir.

Ötən məqaləmizdə şikayətini ictimailəşdirdiyimiz vətəndaş bildirmişdi ki, ona səbəb kimi elektron anketi düzgün doldurmadığı deyilib: “Mənə bildirildi ki, birdəfəlik ödəmə verilməsi xahişi ilə ilk dəfə “e-sosial.az” saytına elektron müraciətimdə yaşayış yerimi göstərərkən sistemin xüsusi pəncərəsində əlifba sırası ilə sərgilənən şəhər, rayon adları arasından (kursoru həmin şəhər-rayonun adının üstündə saxlayıb tıklama yolu ilə) seçməliymişəm. Mən isə qeydiyyatda olduğum və yaşadığım ünvanları uyğun qrafalarda müfəssəl formada, hətta küçənin adını, evin nömrəsini belə tam yazmışam. İndi deyirlər ki, o cür (klaviaturada hərfləri yığmaq yolu ilə) təqdim olunan məlumat sistemə düşməyib, daha doğrusu, yaşayış yerimi sistem özü istədiyi kimi, yəni, qeydiyyatda olduğum yeri əsas götürməklə rəsmiləşdirib”.

Redaksiya olaraq öz növbəmizdə internet üzərindən axtarış elan edib “Youtube” kanalında “e-sosial.az” saytında birdəfəlik ödənişdən ötrü müraciət edənlərin qeydiyyatdan keçmək üçün etməli olduqları ardıcıl hərəkətləri nümayiş etdirən bir video-çarxa rast gəlmişdik. Həmin video-materialda yaşayış yeri haqda məlumat qrafasında şəhər-rayon adlarını sərgiləyən “ox ucluğu” işarəsi yox idi. Bu isə o deməkdir ki, “e-sosial.az” saytında faktiki yaşayış yerinin düzgün qeydə alınmamasına müraciət edən şəxs özü səbəbkar deyildir. Belə çıxır ki, vətəndaşa yalan məlumat verilib.

Redaksiyaya zəng edən başqa bir vətəndaş bildirir ki, onun da qeydiyyatda olduğu rayonda xüsusi rejim tətbiq olunmayıb, amma yaşadığı şəhərdə sərt karantindir. İyulun 1-də ona qeydiyyatda olduğu rayonun Məşğulluq Mərkəzindən zəng vurub işsiz olub-olmadığını soruşublar. O da hələ də işsizliyini təsdiqləyib, həm də “narıncı zonada” yaşadığını xatırladıb. Həmin vətəndaş da təəccüb içindədir: “Mən iki dəfə – aprel və may ayı üçün birdəfəlik ödənişləri almışam. Nə dəyişib ki, iyun ayı üçün mənə 190 manat verilmir? İstəyirəm bu sualıma sosial təminat naziri Sahil Babayev cavab versin. Harda gizlənib? Yoxsa, o da Elmar Məmmədyarov kimi evdən işləyir? Eybi yox, qoy evdən, villasından açıqlama versin, bu məsələyə aydınlıq gətirsin. Ümumiyyələ, bu nazirlər pis öyrəniblər, məsuliyyətsizlikləri ilə işi o yerə gətirib çıxarırlar ki, hər şeyə, hətta yumurtanın qiymətinə belə cənab Prezident şəxsən özü müdaxilə etməli olur”.

Bu məsələdə korrupsiyanın olması istisnadır. Yerdə qalır təkcə bir variant – səhlənkarlıq. Ola bilsin ki, ƏƏSMN və digər aidiyyati qurumların funksionerləri çoxsaylı müraciətləri araşdırarkən, ehtiyaclı şəxslərin birdəfəlik ödənişləri istənilən şəhər-rayonun hər hansı ən yaxın poçt şöbəsindən (və ya telefona gəlmiş mesajda adı gösərilən bankın istənilən filialından) ala biləcəkləri bəlirlənəndən sonra sənədlərə (elektron sənədlərə) müraciət müəlliflərinin yaşadıqları yer barədə göndərdikləri məlumatları daxil etməyə lüzum bilməyiblər. Bir sözlə, nəzərə almayıblar və yəqin ala da bilməzdilər ki, gələcəkdə bu növ birdəfəlik ödənişlərin verilib-verilməməsi qərarı şəhər və rayonlardakı epidemik vəziyyətdən asılı olacaq. Hərçənd, bu, onlaın məsuliyyətini azaltmır. Anketdə vətəndaşa sual veriblər, aldıqları cavaba əhəmiyyət verməyə borcludurlar!

Xatırladaq ki, bu mövzuda yazdığımız ötən məqaləni aidiyyati qurumun internet resurslarında əlçatan imeyl postlarına göndərmişik. Qarşı tərəf hələ də probemlə bağlı açıqlama verməyib. Yəqin maraqlıdırlar ki, məsələ ərafında söz-söhbət böyüsün, büdcədən əlavə maliyyə vəsaiti istəsinlər.(aia.az)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.