Şeyx Əbdül dərman mafiyasına qarşı
28-07-2020, 05:56

Aktualxeber.az-ın redaksiyasına Azərbaycan Respublikası Xalq artisti, Dövlət mükafatı laureatı, Əməkdar İncəsənət xadimi, kinorejissor, ssenarist və aktyor Şeyx Əbdül Mahmudbəyovun ölkə Prezidenti İlham Əliyev cənablarına dərman dəllallarının qanunsuz əməllərindən bəhs edən müraciəti daxil olmuşdur. Müraciəti olduğu kimi veririk.
“Möhtərəm cənab Prezident!
Mən ağsaqqal bəy, xalq sənətkarı olaraq, həmişə olduğu kimi, sizin daimi seçicinizəm, mövqeyim dəyişilməzdir, xalq, vətən, dövlət və dövlətçiliyimizin adına gördüyünüz və görəcəyiniz bütün işlərinizdə, geniş, əhatəli, titanik fəaliyyətinizdə də müsəlləh əsgəriniz kimi, qeyd-şərtsiz sizin yanınızdayam. Məcburiyyətdən sizə ünvanladığım bu açıq “Sos” haraylı müraciətim bu gün, açıq-aşikar, Dövlətimizi və dövlətçiliyimizi satıb-soyan, xalqımızı isə çapıb-talayan və dilənçi gününə salan – Aptek təsərrüfatı və burada artıq heç bir əndazəyə, mizan-tərəziyə, haqqa, ədalətə, insafa, vicdana, vətəndaşlığa və insanlığa sığmayan qanunsuzluqlar, özbaşınalıqlar və od-tutub yanan qiymətlər barəsindədir. İlin, günün bu ağır, sıxıntılı, çətin zamanında, artıq cəmi bəşəriyyətin ən dəhşətli, ən qorxunc və ən dağıdıcı bir bəlasına çevrilmiş “Pandemiya” (covid) kabusu dönəmində, xalqımıza, dövlətimizə arxa-dayaq olmaq, köməklik göstərmək əvəzinə, bizə yağı düşmən kimi açıq-aşikar qənim kəsilən, bu dəhşətli faciədən, sui-istifadə edərək qaz vurub qazan dolduran, kəmfürsət, nəfsigir, haramzadə və s. dava-dərman alverçiləri, dəllalları kimlərdir ki, bütün əlaqədar dövlət strukturlarının gözü qabağında onsuz da qorxu və təlaş içində çabalayan günahsız xalqımızı çapıb-talayırlar. Di gəl ki, qanundan və büdcədən kənar bu sayğısız xozeyinlərə bir başa aidiyyatı olan dövlət orqanları, hətta cəsarət edib “qaşınız üstə gözünüz var ha…” deməkdən çəkinirlər, qorxurlar… Niyə? Səbəb nədir? Axı reallıq göz qabağındadır və biz Azərbaycan vətəndaşları da bu acı və acınacaqlı reallığın tükənən son qəpik-quruşu və aldığımız borcların hesabına yaşamağa məhkumuq. Bəlkə, biz yüzlərlə günahsız balalarımızın şirin və əziz qanları, canları, həyatları bahasına əldə etdiyimiz təbərrük azadlığımızı, müstəqilliyimizi və dövlətçiliyimizi bu beş-üç nəfər azğın, qudurğan, soyğunçu, nəfsigir, südü-qanı bizə hələ də düz-əməlli bəlli olmayan, qanundan kənar dava-dərman dəllallarına və alverçilərinə qurban vermişik, xəbərimiz isə yoxdur. Axı ilin-günün bu çətin, ağır, sarsıntılı və dar macalında, bu aptek mafiyası, məcburiyyətdən və əşhədü-ehtiyacdan dava-dərmana möhtac olan, xəstə, kasıb, imkansız, günahsız vətəndaşlarımızı dava-dərman adı ilə çapıb-talayıb son qəpik-quruşlarını da əllərindən alan bu mənəviyyatsız, acgöz və vicdansız dərman mafiozları mən əminəm ki, bilərəkdən cəmiyyətimizdə son dərəcə arzu olunmaz sosial problemlər və yol verilməz haqsızlıqlar, maddi çətinliklər, mənəvi gərginliklər, narazılıqlar və təbii ki, ümumilikdə də inamsızlıqlar yaradır və hər vasitə ilə ona rəvac verirlər. Artıq qəti surətdə zamanıdır ki, bu gün ölkəmizdə və cəmiyyətimizin bütün sahələrində tam açıq və şəffaf şəkildə çox böyük uğurla həyata keçirdiyiniz geniş-əhatəli islahatlar (xalqımızın ürəyindən tikan çıxaran islahatlar!) dönəmində illərdir ki, qorxusuz, hürküsüz, xalqımızı çapıb-talayan bu qanundan kənar dava-dərman alverçilərini də və onlara hər vasitə ilə daima arxa-dayaq olan, qoruyub toxunulmaz edən yüksək səviyyəli gözə-görünməz havadarlarını da məhz bu gün mövcud olan ölkə qanunlarımız çərçivəsində, xalqımızın gözü qabağında (TV, KİV-i, və s.) bir yolluq ifşa edib layiqli cəzalarını verək ki, qoy bu kimi soyğunçu qanundan və büdcədən kənar ünsürlərə də görk olsun.
Möhtərəm cənab Prezident!
Bu gün mən 2 ay 10 gündür ki, xəstəliyimlə bağlı ev şəraitində müalicə olunuram. Bu müddət ərzində mən quldur və soyğunçu aptek mafiyasının “Pandemiya” ilə müqayisədə daha qorxunc, daha təhlükəli, daha dağıdıcı və məhv edici real bir “Kabus-Virus” olduqlarının canlı şahidiyəm. Çünki, mən də hamı kimi aptek adlı bu od tutub, alışıb-yanan dava-dərmanlarının qiymətlərinin qurbanına çevrilərək, boğaza kimi borca düşənlərdən biriyəm. Konkret olaraq bu günə kimi, mən hələlik 1560 manat borc içindəyəm. Müalicəm isə davam edir. Artıq dözülməz bir həddə çatan, bu aşikar qanunsuzluq və rüsvayçılıq belə davam edə bilməz və etməməlidir.
Mən sizin TV-ekranlarından, xalqımıza etdiyimiz, geniş-əhatəli və izahatlı, müraciət-çağırışından sonra, son dərəcə ümidləndim və düçar edildiyim “Aptek” özbaşınalığı, anarxiyası, cəzasızlığı, nəzarətsizliyi və qanundan kənar əməlləri barədə Sizə “Sos” haraylı müraciəti etmək qərarına gəldim. Mən od-tutub yanan Aptek mafiyasının acı və acınacaqlı faciəsini şəxsən yaşayan, Sizə inanan, güvənən və daimi seçiciniz olan Ağsaqqal bir xalq sənətkarı olaraq məcbur olub bu “Sos” haraylı müraciəti qələmə aldım və şəxsən sizə ünvanladım. İnanın ki, artıq bıçaq sümüyə dirənibdir. Mən tam əminəm ki, son illər məharətlə sizdən gizlədilən bu günümüzün “Aptek” təxribatının (xəyanətinin), ifşa edilib durdurulub cəzalandırılması tək mənim yox, yüz minlərlə-milyonlarla bu sosial kabusu yaşayan hər bir vətəndaşımızın da ürəyincədir! Təki nəticəsi olsun, İnşaallah!”
Dərin hörmət, izzət və inam hissi ilə,
Şeyx Əbdül Mahmudbəyov,
Azərbaycan Respublikası Xalq artisti, Dövlət mükafatı laureatı, Əməkdar İncəsənət xadimi, kinorejissor, ssenarist və aktyor