“Aztelekom” İB ləğv olunur; həbslər olacaq: Həbsdə olan baş direktor ifadəsində kimlərin adını çəkib?
20-01-2016, 23:46
“Aztelekom” İstehsalat Birliyinin ləğv olunması gözlənilir. Savash.org-un əldə etdiyi məlumata görə, həyata keçirilən struktur islahatları çərçivəsində adı çəkilən qurumun da ləğv olunması nəzərdə tutulub.
Savash.org-u məlumatlandıran mənbənin sözlərinə görə, “Aztelekom” MMC-nin baş direktoru Məmməd Məmmədovun həbsindən xeyli müddət keçməsinə rəğmən bu quruma yeni rəhbərin təyin olunmaması da məhz bununla bağlıdır. Belə ki, yaxın günlərdə ölkə prezidentinin “Aztelekom” MMC-nin ləğv edilməsi haqda sərəncamı gözlənilir.
Bununla paralel olaraq “Aztelekom” MMC-də həbslərin olacağı da iddia olunur. Qaynağımız iddia edir ki, həbsdə olan “Aztelekom” rəhbəri M.Məmmədovun verdiyi izahatlarda adları keçən bəzi qurum rəsmilərinin saxlanacağı yəqinləşib.
Məlumat üçün bildirək ki, “Aztelekom” rəhbəri M. Məmmədov barəsində Səbail rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
Xatırladaq ki, Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti 1992-ci ildə Azərbaycan Respublikasının Prezidentinin 02 iyul 1992-ci il tarixli 13 saylı sərəncamına müvafiq olaraq Azərbaycan Respublikasının Rabitə Nazirliyinin 09 sentyabr 1992-ci il tarixli 107 saylı əmri ilə 1992-ci ildə fəaliyyət göstərən Telefon Rabitəsi İstehsalat Birliyinin bölünməsi nəticəsində təsis edilib. “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 17 aprel 1996-cı ildə qeydiyyata alınmış və 05 sentyabr 2005-ci ildə əlavə və dəyişikliklər edilmiş D-1102 saylı Nizamnamə əsasında fəaliyyət göstərir.
teref.az olaraq adları çəkilən hər şəxsin fikirlərinə yer verməyə hazırıq!