Lerikin icra başçısı ilə bağlı ŞOK İDDİA
6-12-2020, 12:30

Lerik rayonunda yaşayan II qrup əlil Kazımova Gülbehişt Kəlbi qızı Lerik rayonunun icra başçısı ilə bağlı redaksiyamıza müraciət edib. Məktubda bildirilir ki, o, Azərbaycan Prezidenti İlham Əliyevə də bununla bağlı şikayətini bildirib.
KONKRET.az həmin müraciəti təqdim edir:
– On il yaşadığımız və halal pulumuzla aldığımız evi əslən Ağdam rayonundan olan Lerikin İcra Başçısı zorla və qanunsuz olaraq əlimizdən alıb. Hazırda evsiz-eşiksiz qalmışıq. Qaynatamın 1980-ci ildə tikdirdiyi, yaşayış üçün tam yararsız bir uçuq komada, müvəqqəti məskunlaşmışıq. Lerikin İcra başçısı isə evimizdə şəxsi “xidmətçisi” olan bir qadını saxlayır.
Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağ torpaqlarını müzəffər ordumuzun gücü ilə erməni işğalçılarından azad etdi. Bu, çox sevindirici haldır. Bədbinlik yaradan hal odur ki, Lerikin İcra başçısı mətbuat səhifələrində, televiziya ekranlarında Ağdamın necə viran edilməsini öz gözləri ilə görür və seyr edir. Bütün bunları ermənilər edib. Bəs o, özünün etdiklərinə hansı gözlə baxır? Yuxarıda qeyd etdiyim kimi 5.000 (beş min) manata aldığımız evi Lerikin İcra başçısı özünün “xidmətində duran” bir qadına pay verib. Faktla bağlı AR-nin bütün Ali Dövlət Orqanlarına, Prezidentə və Birinci vitse-prezidentə min dəfədən artıq müraciətlər etmişik. Lerik rayonunda gəzən şayiələrə görə, İcra başçısı SOCAR-ın Birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin kürəkənidir. Bunlarla işimiz yoxdur. Dövlət və dövlətçiliyimiz belə adamlara qarşı tam barışmaz olmalıdır. Lerik rayonundan deputat “seçilmiş” İqbal Fatmaoğlu da İcra başçısına şəxsən himayədarlıq etməklə məşğuldur. Onu da qeyd etməyi lazım hesab edirəm ki, İqbal Fatmaoğlu Rövnəq Abdullayevin tələbə yoldaşıdır.
Sonda mən bir azərbaycanlı xanım olaraq oxuduğum “Qurani-Kərim”in və başımın yaylığının Lerik rayonunda erməni vandallarının ayaqları altında qalmasına etiraz edirəm. Bu gün Paşinyan məğlub, İlham Əliyev isə qalib ölkənin Prezidentidir. Sadaladığım təkəbbürlü, şəxsi ambisiyalı məmurlar isə erməni xislətini daşıyır. Bu gün qoyun kürkünə bürünmüş canavarlar bizə hücum edir, yaşayışımızı əlimizdən alır və özümüzü də ürək xəstəliyinə salmışlar. Sabah isə fürsət düşən kimi dövlətçiliyimizə hücum edəcəklər. Məncə, cidanı çuvaldan çıxarmağın zamanı yetişib.
Hörmətlə:
Kazımova Gülbehişt Kəlbi qızı
II qrup əlil, Lerik rayonu
P.S. Qarşı tərəfin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.