Manaf Ağayev yoxsa Don Korleone
9-12-2020, 00:10

Bu günlərdə Əməkdar artist Vasif Məhərrəmli video paylaşaraq müğənni Manaf Ağayevi müdafiə edib. Əslində guya müdafiə etmək istəyib: “Müharibə başlayandan bir həftə sonra Manaf yardımla bağlı cəbhəyə getdi. 15-20 min manat dəyərində yardım apardı. Mən də azacıq nəsə etdim. Manaf da, mən də bunu işıqlandırmadıq. Manafın etdiyinin üçdə birini etməmişəm. Amma haqqını yeyirik. Onun övladlarının müharibəyə getməməsinə gəldikdə isə… Böyük oğlu Elçin dövlət işində işləyir. Məsləhət bilinsəydi göndərilərdi. Kiçik oğlu Müşviq də onun kimi… Manafın iki bacısı, iki qardaşı oğlu döyüşdədir. Mənim böyük qardaşımın oğlu hazırda döyüş bölgəsindədir. Bizim özümüzün yaşı uyğun olmadığı üçün göndərilmədik…”
Yəni boş-boş sözlər… Qısası bla, bla, bla…
Azərbaycan müğənniləri arasında Manaf Ağayevdən çox adı hüquq-mühafizə orqanları ilə hallanan ikinci bir müğənni yoxdur. O da bir həqiqətdir ki, onun kimi boş-boş danışanı da yoxdur. Əvvəlcə Vasifin dediklərinə bir iki kəlmə münasibət bildirək. Vasif Məhərrəmli deyir ki, yaşımız o yaş deyil filan-filan. I Qarabağ Müharibəsində Manaf Ağayev də, Vasif Məhərrəmli də sütül, bığıburma və enlikürək cavan oğlan idilər. İştirak etdilərmi? Məncə xeyr.
İkincisi, məgər dövlət orqanlarında işləyənlər könüllü cəbhəyə getmədilər? Oğlanlar tanıyıram ki, müxtəlif nazirliklərdə şöbə rəisi idilər. Özü də Manafı oğulları kimi ata pulu ilə deyil, öz savad və bacarıqları ilə bu vəzifəyə yüksəlmişdilər. Manafın oğulları onların hansından artıq idi. Mətbuat səhifələrində və sosial şəbəkələrdə gündə bir bahalı maşın almaqla fors atan bu papanın gül balaları Füzulidə doğulublar. Hamıdan əvvəl silah götürüb səngərə cummalıydılar.
Hələ 2016-cı ildə Manaf Ağayev ağzı köpüklənə-köpüklənə saytlara fors atırdı ki, döyüş olsa ay belə vuraram. Elə yıxaram.
Publika.az-da özüm oxumuşdum: “Müharibə olarsa, əlbəttə, gedərəm. Mənim qədər vətəndən, Qarabağdan, torpaqdan oxuyan olmayıb. Qarabağlıyam, işğal olunmuş torpaqdanam, mən qala-qala müharibəyə başqası niyə getməlidir? Döyüşə hazıram”.
Noldu bəs, pişik asqırdı? Hər dəqiqə başı onun bunun ağzı ilə bir-iki manat xərclədiyi pulu adamın gözünə soxur. O pulu sənə bu xalq verib, ay Manaf. O lüks villaları da, bahalı avtomobilləri də sənə bu xalq verib. Ona görə də bu xalqıa minnətlə danışmaq olmaz. Lap şou-biznesin Don Korleonesi olsan da…
Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.
aktualxeber