"Siyəzən Broyler " bizi hansı təhlükələrə atır - Kimyəvi yemlə böyüdülən toyuqların təhlükəsi

30-04-2015, 12:39           
"Siyəzən Broyler " bizi hansı təhlükələrə atır - Kimyəvi yemlə böyüdülən toyuqların təhlükəsi
Xatırlayırsınızsa, ötən saylarımızın birində 1984-cü ildən istifadəyə verilən və təyinatına görə ölkənin ən iri ətlik istiqamətli quşçuluq təsərrüfatı olan "Siyəzən Broyler" ASC-nin məhsullarının əksəriyyətinin kimyəvi dərmanlar hesabına araya-ərsəyə gətirildiyini və ASC-də bir sıra neqativ halların yaşandığını qeyd etmişdik.

Mövzu ilə əlaqədar əldə etdiyimiz ən son məlumatlarda isə bildirilir ki, hazırda "Siyəzən Broyler" ASC-də qeyri-normal vəziyyət hökm sürür. Belə ki, müəssisədə xəstə quşların hər hansı laboratoriya nəzarətindən və yoxlanışından keçirilmədən təkrar yem kimi istifadə olunduğunu deyən məlumatlı şəxsin sözlərinə görə, ASC-də istehsal olunan toyuq əti məhsulları keyfiyyət baxımından müasir tələbata cavab vermir və əhali arasında bu müəssisənin istehsal etdiyi quş əti məhsullarına münasibət heç də birmənalı deyil: "Çünki fabrikdə müxtəlif səbəblərdən xəstə quşlar, hər hansı bir laboratoriya nəzarətindən və yoxlanışından keçirilmədən sanki təkrar yem kimi istifadə olunur. Yəni digər toyuqlara yedizdirilir. Halbuki baytarlıq təlimatına əsasən bu və ya digər səbəbdən ölmüş quşları yüksək temperaturda yandırdıqdan sonra külünü digər yem növlərinə müəyyən olunmuş miqdarda qataraq təkrar yem kimi istifadə etmək olar. Bu isə onu deməyə əsas verir ki, bu quşçuluq fabrikinin məhsulları keyfiyyət sarıdan çox problemlidir. "Siyəzən Broyler"in istehsal etdiyi məhsulların qoxusu bir çox mətləblərin açarıdır. Yəni ASC-nin müxtəlif dükanlarda istehlakçılara təqdim olunan məhsullarına qoxudan yaxınlaşmaq mümkün deyil. Bir sıra digər broyler toyuqlarında isə nədənsə belə qoxu olmur. Görünür, bu, "Siyəzən Broyler"in toyuqları müxtəlif kimyəvi dərmanlarla tez böyütməsilə bağlıdır".

"Siyəzən Broyler"in məhsullarının qablaşdırılması üçün istifadə olunan nazik materialların qida üçün yararsız olduğunu vurğulayan məlumatlı şəxsin iddiasına görə, onun tərkibində olan zərərli maddələr qidaya keçir: "Polivinilxlor nazik materiallarından olan bükülmələr "Siyəzən Broyler" toyuqlarını təhlükəli qidaya çevirir. Yəni broyler toyuqlarının bükülmə materialı insanlarda xərçəng xəstəliyi əmələ gətirən RLC əsaslı qablardır. Avropa İttifaqının rəsmi sənədlərində göstərilir ki, RLC əsaslı qabların ərzaq məhsulları ilə təmasda olmamalıdır. Yəni məhsul belə qablarda qablaşdırılmamalıdır. Bundan başqa, quşçuluq fabrikində toyuqlara həddən artıq hormonik maddələr, antibiotik vurulur ki, tez yetişsinlər. Bunun nəticəsidir ki, "Siyəzən Broyler"in məhsulu olan toyuqların sümükləri əksər hallarda qara, əti selikli olur, tez dağılır və yemək üçün yararsızdır. Onu da qeyd edim ki, "Siyəzən Broyler"də istehsal olunan toyuqların qidalandığı yemlərin tərkibində genetik modifikasiya olunmuş orqanizmlər (GMO) var. Yəni fabrikdə keyfiyyətsiz quş yemlərindən istifadə olunur. Bu səbəbdən də məhsullar həddən artıq piylənməyə, şəkərli diabetə, mübadilə pozğunluğuna gətirib çıxarır. Bu isə sonda ağır fəsadlara səbəb olur…" \\ gundelik-baku.com \\

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.