“AENTE-E” və hakim sahibkara qarşı... - ÇƏKİŞMƏ...

8-03-2021, 16:11           
 “AENTE-E” və hakim sahibkara qarşı... - ÇƏKİŞMƏ...
Tovuz sakini İsmayıl Hüseynov “AENTE-E” tikinti şirkətinin fırıldaqçılığının və Apellyasiya Məhkəməsinin hakimi Tofiq Səmədovun saxta qərarlarının “qurbanı” olub

Tovuz rayonu Qovlar şəhərinin sakini İsmayıl Hüseynov redaksiyamıza müraciət edərək, məhkəmə saxtakarlığıyla üzləşdiyini bildirib. İsmayıl Hüseynov bildirir ki, işi ilə əlaqədar tez-tez Bakıya gedib-gəldiyinə görə, keçmiş kənd təsərrüfatı naziri İrşad Əliyevin təklifiylə mənzil almaq qərarına gəlir. Nəticədə, Bakıda Gəncə prospektində “AENTE” firmasının inşa etdiyi binada üçotaqlı mənzil almaq üçün qeydiyyatdan keçir. Bir neçə il 72 000 AZN pul ödəyən şikayətçi, daha sonra mənzilin 4-5 adama satıldığını öyrənir.

Xatırladaq ki, bu haqda “Hürriyyət”də də geniş məqalə dərc etmişik. Saxtakarlıqla üzləşən şikayətçilər, eləcə də İsmayıl Hüseynov “AENTE-E” firmasını məhkəməyə verir. Hakim Tofiq Səmədovun sədrliyi ilə keçirilən Apellyasiya Məhkəməsi tikinti şirkətinin xeyrinə qərar çıxarır. Hakim Tofiq Səmədov qərardan narazı qalan şikayətçilərə “kimə istəyirsiniz şikayət edin” deyə cavab verir.

Sahibkarlıq fəaliyyəti göstərən İsmayıl Hüseynov bildirir ki, hazırda iki oğlu həbsdədir. Onun sözlərinə görə, həbsdə olan oğullarından birinin adına Tovuzda ev var. Sözügedən ev həm də onların ata-baba yurdu sayılır. Lakin bir gün məlum olur ki, tanımadıqları ahıl şəxs həmin evə qeydiyyatdadır və bu mənzilin oğluyla heç bir əlaqəsi yoxdur. Hətta iddiaçı İlqar Quliyevin şikayətiylə hakim Tofiq Səmədov evə həbs qoydurub.

İsmayıl Hüseynov məhkəmədə evin ona atasından qaldığını vurğulayıb. Lakin hakim Tofiq Səmədovun sədrliyiylə keçirilən prosesdə o, həm Bakıda alacağı evdən, həm də ata-baba yurdundan məhrum olub. Bütün bunlardan sonra, İ.Hüseynov müvəqqəti olaraq Bakıda yaşayan bacısının evində məskunlaşıb.

İsmayıl Hüseynov deyir ki, illər əvvəl “Arsenal” adlı ailə fermer təsərrüfatı yaradıb. Təsərrüfatda 10 min baş xırdabuynuzlu, min baş iribuyunuzlu heyvan olduğunu deyən Tovuz sakini, üstəlik 60 hektar da pay torpağına sahib olub. Hazırda əlində bir quzu belə qalmayan şikayətçi, ailə təsərrüfatının planlı şəkildə əlindən alındığını iddia edir.

Sahibkar Bakıda ev almaq üçün ödədiyi 72000 AZN pulu alacağı təqdirdə “YAŞAT” fonduna verəcəyini söyləyib. Bircə istəyi Tovuzdakı ata-baba yurdunu qaytarmaqdır. İsmayıl Hüseynov həmin ev də məhkəmə saxtakarlığıyla yekunda əlindən alınacağı təqdirdə, özünü, həyat yoldaşıyla bərabər, yandıracağını bildirir.

“Qızıl Qələm” mükafatı lauretı və Yazıçılar Birliyinin üzvü olan İsmayıl Hüseynov Apellyasiya Məhkəməsinin sədri Tofiq Səmədovun qanunları pozduğunu və saxta qərarlar qəbul etdiyini qeyd edib.

Sonda ölkə başçısına müraciət edən keçmiş iş adamı haqsızlıqlarla barışmayacağını və ədalət öz yerini tutana qədər mübarizə aparacağını bildirib.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Mövzunu davam etdirəcəyik. //hurriyyet.az//шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.