Binəqədi şefi ilə müavini dövləti şantaj edir: qazi özünü yandıran ölkədə necə inandıraq ki...

3-06-2021, 18:04           
Binəqədi şefi ilə müavini dövləti şantaj edir:
Şuşanı azad edən ordunun ölkəsində Qarabağ qazisi məmurların zülmündən cana doyaraq özünə od vurub yandırır. Laçını, Kəlbəcəri, Ağdamı bir gülləsiz alan, düşməni hərbi kapitulyasiyaya imza atdıran ölkədə I qrup əlilliyi olan Məhəmməd Hacıyev benzini üstünə töküb həyatına qəsd edir.
Nə var ki, bir tikə çörək pulu qazanmağı, meyvə-tərəvəz satıb evinə qara qəpik aparmağı ona çox görürlər...Bir dəfə Həmkarlar İttifaqı qarşısında Qarabağ qazisi məmur istilasından bezərək özünü yandırıb həyatına son qoymuşdu. Deyəsən, dərs olmadı harınlamış, qudurğan vəzifəlilərə...
İndi analoji hadisə Binəqədi rayonunda yaşanır. Anaxeber.info məlumat verir ki, I qrup əlilliyi olan Məhəmməd Hacıyevi intihar həddinə çatdıran özünün dediyinə görə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini İlqar Süleymanov və Malik Orucov olub.
Kondisionerli, sərin kabinetində oturan İ.Süleymanovun təlimatı əsasında Qarabağ müharibəsinin iştirakçısının məhsulları polis tərəfindən dağıdılır, çörək təknəsi təpiklənir.
M.Hacıyev o adamdır ki, Kəlbəcərdə doğulub, yurd-yuvası indi azad edilib, özü də birinci Qarabağ müharibəsində iştirak edib. Gəl ki icra başçısı Elxan Allahverdiyevlə I müavini İlqar Süleymanov nə qaziyə, nə əlilə hörmət qoyur. Əgər qoysaydı, Qarabağ əlilini İH-nə dəvət edərdilər, problemi ilə maraqlanardılar, küçə ticarəti qadağandırsa, ona bir qazi kimi hörmət edib çörək pulu qazanması üçün hansısa bazarda piştaxta ayrılmasına köməklik göstərərdilər. Axı bunu etmək olar.
Qanun küçə ticarətini yasaqlayırsa, bununla mübarizə yolu qazinin məhsullarını ayaqlamaq, özünü yandırmaq həddinə çatdırmaq olmalı deyil. İcra başçılarının elə birinci dərəcəli borcu odur ki, canları çıxıb vətəndaşların problemlərinə yardım etsinlər.
Ancaq Binəqədi rayon icra başçısı və müavini Qarabağ qazisinin bədəninin 70 faizini yandırması ilə Azərbaycan hakimiyyətini, dövləti şantaj edib, prezidentə qarşı postmüharibə dövründə ən böyük pisliyi, təxribatı törədib.
Bizim Ermənistanla hibrid savaşını davam etdirdiyimiz, Qarabağdakı erməni əhalinin Azərbaycan qanunları ilə bütün vətəndaşlar kimi azad, dinc yaşaya biləcəyinə təminat verdiyimiz vaxtda hansısa təxribatçı məmurlar - Binəqədi şefi E.Allahverdiyevlə müavini İ.Süleymanov Qarabağ qazisini özünü yandırmağa təhrik edirlər.
İndi Qarabağdakı erməniləri necə inandıraq, beynəlxalq təşkilatlar qarşısında insan hüquqlarından hansı əsasla danışaq ki, icra başçısı ilə müavini Qarabağ qazisinin küçədə meyvə-tərəvəz satmasına görə məhsularını dağıtdırıblar, o da təngə gələrək özünü yandırıb.
M.Hacıyev deyir ki, meyvə-tərəvəz satdığı yerdə icra hakimiyyəti polisləri əraziyə göndərərək növbəti dəfə təhqir etdiriblər: “Məhsullarımı vəhicəsinə dağıtdıqlarını görəndən sonra dözmədim və özümü yandırdım”.
Bu saata qədər Binəqədi İH susur, açıqlama vermir, özünü yandıran qaziyə belə baş çəkməyiblər, onun xəstəxana xərclərini qarşılamaq üçün icra başçısı tükünü də tərpətməyib. Bu nə düşmən münasibətidir?
Sanki qazi əsirlikdə, girovluqdadır. Bu, Azərbaycan dövlətinə, onun siyasi rəhbərliyinə qarşı açıq şəkildə provokasiya, düşmən dəyirmanına su tökməkdir. Prezident dəfələrlə qeyd edib ki, icra başçıları xalqa xidmət etməlidir.
Hətta deyək ki, Qarabağ əlili qanunu pozub, bunun cəzası onu işsiz-gücsüz, çörəksiz qoymaq, sonda da boğaza yığıb özünü yandırmaq dərəcəsinə çatdırmaq olmalı deyil.
Üstəlik, bütün İH-lərdə qazilər, məcburi köçkünlərlə işləyən şöbələr yaradılıb. İ.Süleymanov başda olmaqla onların vəzifə borcudur ki, bu insanların problemləri ilə maraqlansınlar.
Anaxeber.info yazır ki, ümumiyyətlə, Xaləddin İsgəndərovun Binəqədinin icra başçısı postundan gedişindən sonra rayonun ağ günə çıxacağı, çiçəklənəcəyi gözlənilirdi. Zaman əksini göstərdi, heç kəsin tanımadığı Elxan Allahverdiyevin Binəqədiyə icra başçısı təyin olunması ilə rayon “reanimasiya” şəraitindən çıxmadı. Əksinə, komaya salıb.
2018-ci ilin 6 iyununda bu vəzifəyə təyin edilən E.Allahverdiyev təxminən üç ilə yaxın müddətdə Binəqədi rayonunda hər hansı abadlıq-quruculuq işləri ilə diqqət çəkməyib. Əksinə, məlum olur ki, E.Allahverdiyev də özünə babat biznes imkanları qurub.
Daha doğrusu, oğlu Orxan Allahverdiyev üç şirkətin təsisçisidir. Ölkədə orta sahibkar özünə bir dükan aça bilmir, başçının fərasətli oğlu isə 3 şirkətin başındadır.
Bəli, icra başçısının oğlu şirkətlər aça bilər, ama qazi pomidor-xiyar sata bilməz. Qeyd edək ki, O.Allahverdiyevin həmtəsisçisi olduğu “İNVEST-2011” MMC 2011-ci ilin dekabrında qeydiyyatdan keçib.
O, 2008-ci iliin sentyabrında qeydiyyatdan Fətəlixan Xoyski pr, ev 113, m. 48 ünvanında hüquqi qeydiyyatda olan “O.Ş-İNŞAAT” MMC-nin də təsisçisidir.
Binəqədi şefinin övladının sahibi olduğu 3-cü şirkət isə “AMİRAS” MMC-dir. 2007-ci ilin martında qeydiyyata alınıb, Həsənbəy Zərdabi pr. ev 84, mənzil 111-də hüquqi qeydiyyatdadır. Bundan əlavə, X.İsgəndərovdan sonra Binəqədi İH-də də köklü dəyişikliklər olmayıb.
Yenə də icra başçısının I müavini İlqar Süleymanov burada “sağ əl” sayılır. Onun adı müxtəlif qaranlıq işlərdə, qalmaqallarda keçib.
E.Allahverdiyevin onun “təcrübəsi”ndən istifadə etməklə, özünü çox da irəli verməməyə çalışır. İ.Süleymanov, həm də rayon ərazisindəki ən gözəgəlimli torpaq sahələrinin mənimsənilməsi və satışı işinə baxan şəxs kimi ad çıxarıb.
Təsadüfi deyil ki, bəzi mətbuat orqanlarında onun Binəqədidəki məşhur “Zeytunluq” ərazisində xeyli miqdarda torpaq sahəsini ələ keçirməsi ilə bağlı məlumatlar yer alıb. İ.Süleymanov əsasən Binəqədi və Xocasən bələdiyyələrinin əsas himayədarı kimi tanınır.
İ.Süleymanovun “xeyirxah” cəhətlərindən biri də onun torpaq sahibi olmaq istəyən heç kimin təklifinə “yox” deməməsidir. Bəli, nə qədər inanılmaz olsa da, başçı müavini imkan daxilində hər kəsi mülkiyyət shaibi etməyə çalışır.
Bu səbəblə də bütün “münasib” şəxslərin xahiş və istəyini nəzərə alan İ.Süleymanov, onların hər birinə rayon ərazisindəki torpaq sahələrindən səxavətlə pay verir.
Lakin sənəd üzərində və ya şifahi razılıq əsasında reallaşdırılan bu “xeyirxah iş” qısa müddətdən sonra öz yerini böyük məyusluqla əvəzləyir.
Bir müddətdən sonra bəlli olur ki, başçı müavini bir neçə ailənin səadətini eyni torpaq sahəsinə sığışdırmağa çalışıb. Başqa sözlə desək, bir torpağın bir çox sahibi mövcuddur. İndi bu əməllərin sahibləri qaziyə meyəv-tərəvəz satmağı da çox görürlər...
Anaxeber.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.