İcra başçısını gədəbəylilərin ahı tutub - Obyekti uçdu...
5-05-2015, 16:53
Deyəsən Ramiz Yediyarovun zülmünə məruz qalmış gədəbəylilərin ahı nəhayət ki, zalımı tutmağa başlayıb. Ən azından Gədəbəydən aldığımız son məlumatlar bunu düşünməyə əsas verir. Artıq uzun müddətdir ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun yerli sakinlərə, xüsusən də bu rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına nə göz, nə də işıq vermədiyi barədə şikayət dolu məlumatlar ən müxtəlif instansiyalara ünvanlanmaqdadır. Təbii ki, qəzetimizin səhifələrində də bu xüsusda çoxsaylı materiallar dərc olunub. Həmin materiallardan bir qismi də Ramiz Yediyarovun Gədəbəy şəhərində tikdirdiyi Ticarət Mərkəzi ətrafında yaşanan qalmaqallar barədə idi.Bu xüsusda rayondan aldığımız açıqlamalarda bildirilir ki, başçı özünün Ticarət Mərkəzini işə salmaq məqsədilə digər sahibkarların irili-xırdalı ticarət obyektlərini uçurub viran qoyur. Həmin sahibkarları isə bu vasitə ilə yeni Ticarət Mərkəzinə köçməyə məcbur edir. O cümlədən qəzetimizin səhifələrində Ramiz Yediyarov tərəfindən əmlakı dağıdılaraq külli-miqdarda maddi ziyana məruz qoyulmuş sahibkarlardan biri, Əliyev Oktay Qara oğlu tərəfindən təqdim olunan məlumatlar əsasında da bir neçə material dərc olunmuşdu. Həmin materialların dərcindən sonra isə redaksiyamıza daxil olmuş digər bir məktubda təqdim olunan faktlar Ramiz Yediyarovun qeyri-qanuni əməllərini ifşa edən daha bir sübut kimi də çıxış etmiş oldu. Redaksiyamıza müraciət etmiş Gədəbəy şəhər sakini Əliyeva Aybəniz Ramazan qızı öz məktubunda Oktay Qara oğlunun və onun kimi Gədəbəy şəhərindəki yeni açılmış Ticarət Mərkəzinə zorla yerləşdirilən digər sahibkarların da üzləşdikləri problemin kökündə, ilk növbədə onun həyat yoldaşı Vaqif Səfərova qarşı törədilmiş hüquq pozuntusunun durduğunu bildirmişdi. Aybəniz Əliyevanın təqdim etdiyi sənədlərdən məlum olur ki, başçının tikdirdiyi Ticarət Mərkəzinin inşa olunduğu torpaq sahəsi də əslində Gədəbəy Rayon İcra Hakimiyyətinin Başçısının 16 iyun 1998-ci il 143 №-li sərəncamı ilə Səfərov Vaqif Qara oğluna verilmişdir. Bundan sonra Aybəniz xanım Oktay Qara oğlunun həmin ticarət mərkəzinə köçməkdən imtina etməsini təqdir edərək, digər sahibkarlara da bu cür qərar verməyi tövsiyyə edir. Təbii ki, ən azından başqasına məxsus torpaq üzərində halallıq verilmədən inşa olunmuş ticarət mərkəzində olunacaq alış-verişin heç bir xeyir-bərəkəti də olmaz. Torpağın digərinə məxsus olması və halallıq verilmədən zəbt edilməsi isə qətiyyən şübhə doğurmayan bir faktdır. Diqqətəlayiq haldır ki, Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyası da bu Ticarət Mərkəzinin fəaliyyətinə icazə verməmişdi. Əlbəttə ki, Ramiz Yediyarov üçün bu kimi “xırda problemlər” maneə ola bilməz. Amma necə deyərlər, sən saydığını say, gör fələk nə sayır.Gədəbəydən son aldığımız məlumatda bildirilir ki, dünən FHN-nin komissiyası yenidən Ramiz Yediyarova məxsus Ticarət Mərkəzində olub. Həm də iki dəfə. Açıqlamalara görə, ilk gəlişlərində komissiya üzvləri əvvəllər qeyd olunmuş nöqsanların aradan aqldırılıb-qaldırılmaması xüsusunda obyektə baxış keçiriblər. Mövcud vəziyyətdən yenə də narazı qalan komissiya tezliklə TM-ni tərk edib. Əsil mərəkə isə bundan sonra başlayıb. Özü də sözün əsil mənasında. Belə ki, komissiyanın gedişindən az müddət sonra güclü külək əsməyə başlayıb. Mənbələrin deməyinə görə, getdikcə şiddətlənən külək əvvəlcə TM-nin binasını sanki xəbərdarlıq olaraq, titrətməyə başlayıb. Bundan sonra isə binanın müəyyən bir hissəsi uçub. Beləcə ana təbiət də Gədəbəydə baş alıb gedən məmur özbaşınalıqlarına öz etirazını bildirib. FHN-nin komissiyasının TM-nə ikinci gəlişi də məhz baş vermiş dağıntıların aktlaşdırılması xüsusunda olub...
Kərbəlayi İsmayılın sözü olmasın, Ramiz Yediyarovu gədəbəylilərin ahı tutub.