ƏSABİL QASIMOV YENƏ HƏDƏFDƏ: DEPUTATDAN «TƏXRİBATÇI HƏRƏKƏTLƏR»
15-03-2016, 23:59
Millət vəkilinin şirkəti unun qiymətini qaldırmaq üçün daha bir addım atmağa başlayıb
Son devalivasiyadan sonra ölkədə unun kəskin bahalaşması daha çox diqqəti çəkməyə başlamışdı. Hətta yanvar ayında rayonlarda baş qaldırmış etirazların arxasından da un amilinin çıxdığı diqqəti çəkmişdi. Məlum olmuşdu ki, insanlar un və çörəyin bahalaşmasından ciddi şəkildə əndişəlidir və bu səbəbdən də hökumətdən təcili tədbirlər görməsini tələb edir. Həmin dönəmlərdə qiymətləri qaldıranlar arasında «Karmen» şirkətinin adı daha çox çəkilirdi. Hətta bununla bağlı Baş Prokurorluq araşdırma apararaq, süni bahalaşmaya yol vermiş «Karmen» şirkətinin məsul şəxslərindən birini həbs etmişdi. O vaxtdan bəri bu şirkətlə bağlı məlumatlar səngisə də, ara-sıra yenidən adı gündəmə gəlirdi. Ancaq «Karmen» yenidən meydana qayıdırmış kimi görünməyə başlayıb. Dolların manat qarşısında dəyər qazanması və 11 qəpikdən artıq bahalaşması artıq bu şirkəti də hərəkətə gətirib.Verilən məlumata görə, deputat Əsabil Qasımovun nəzarətində olan «Karmen» yaxın günlər üçün unun qiymətində yenidən dəyişiklik etmək qərarına gəlib. Buna səbəb kimi isə xaricdən alınan buğdanın bir qədər bahalaşması göstərilir. Üstəlik, dolların da bahalaşması əsas amillərdən biri kimi ortaya qoyulur. Qiymət artımının nə qədər olacağı hələlik məlum deyil. Belə bir təxmin var ki, Əsabil Qasımovun şirkəti hər kisədə 1 manatlıq bir artıma getmək fikrindədirlər. Amma şirkətin gətirdiyi arqumentlərdən birinin doğru olmadığı, daha çox bəhanəyə bənzədiyi diqqəti çəkməkdədir. Belə ki, əsasən Rusiyadan buğda alan «Karmen»in orada qiymət artımının baş vermədiyini gizlətməyə cəhd göstərdiyi məlum olub. Məlumatlara görə, hazırda Rusiyada taxılın qiyməti bir ton üçün 215 dollardan baha deyil. Yaxın vaxtlarda isə artımın olacağı da gözlənilmir. Eləcə Qazaxıstanda da durum dəyişməyib, qiymətlər sabit olaraq qalıb. Əsabil Qasımovun yenidən qiymət artımına getmək arzusunun hansı səbəbdən yarandığı isə məlum deyil. Bəzilərinin düşüncəsinə görə, deputatın hərəkətləri daha çox təxribata bənzəyir. Ona görə ki, indiki həssas məqamda unun qiymətinin artırılması əhalinin qəzəblənməsinə səbəb olacağı şübhəsizdir. Ən azından yanvar ayında belə addımların ciddi etirazlara səbəb olduğu artıq dəqiqdir. Görünür, deputat bəzi mətləbləri hesablaya bilməyib, daha çox qazancı haqqında düşünür. Əks təqdirdə, ölkəni qarışdıracaq belə bir addım atmağı ağlının ucundan belə keçirməzdi.(politika.az)