Lənkəran təhsili korrupsiya girdabında - FAKTLAR
6-05-2015, 09:39
Lənkəran rayon Təhsil Şöbəsinin müdiri ilə bağlı şok məlumatlar daxil olub. Tia.az-a verilən xəbərə görə, RTŞ müdiri Şahanə Əhmədova dövlət vəsaitini müxtəlif yollarla amansızcasına talayır.
Mənbənin verdiyi məlumata görə, şöbə müdiri ötən il 700 min manat dövlət pulunu müxtəlif adlar altında öz şəxsi məqsədlərinə sərf edib. Sənədləşdirmələr zamanı şişirtmələrin aydın göründüyü məlum olur.
Təqdim olunan materiallarda Şahanə Əhmədova tərəfindən vəsaitlərin mənimsənilməsi faktları yer alıb. Qeyd olunur ki, dəftərxana ləvazimatlarının satın alınmasına 15 min manat sərf olunduğu açıqlanıb.
Digər maşın və avadanlıqların satın alınmasına 39 min 90 manat xərclənib. İdarənin digər xərcləri maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması- 11573, yumşaq inventarların satın alınması - 29740, avadanlıqların satın alınması - 40065 manat sərf olunub. Bu rəqəmlərin şişirdilmiş və reallığa söykənməyən olduğu deyilir.
Mənbə bildirir ki, şöbə müdiri fantastik rəqəmlər göstərməklə real vəziyyətdən ictimaiyyətin diqqətini yayındırmaq, çaşqınlıq yaratmaq məqsədi güdüb. Ş.Əhmədovanın bu maxinasiyalarda təkbaşına iştirak etmədiyi, RTŞ-də müavinlərinin də müstəsna əməyi olduğu qeyd edilir.
Materiallarda qeyd edilir ki, digər alışlar və xidmətlərin satın alınması- 26700, cari təmir işlərinin satın alınması - 17500, digər maşın və avadanlıqların satın alınması - 26089,8, ərzaq məhsullarının satın alınması 68480, kənd təsərrüfatı məhsullarının satın alınması – 114986, məktəbli paltarlarının satın alınması -78300, ət və süd məhsullarının satın alınması -115500, bərk inventarların satın alınmasına - 96500 manat istifadə olunub.
Məlumatlarda deyilir ki, Şahanə Əhmədova bu pulların bir qismini direktorların əli ilə silməyə nail olub. Onların möhürlərini əllərindən alaraq, hazırladığı sənədlərə imza atıb, möhürləməklə “təmizləyib”.
O da qeyd olunur ki, şöbə müdiri Bala-Şürük, Avrora, Mağanojba, Girdəni, Liman 2, Ürgə, Boladi, Darquba, 8 saylı, Qurumba, Şovu, Lənkəran şəhər 1, 2, 3, 4,5, 6, 7, 9,10 saylı, Sütəmurdov, Velədi orta məktəblərinin direktorlarını çağıraraq kənd məktəblərinin direktorlarından əlavə pul yığıb. Lənkəranda 90-a qədər ümumtəhsil məktəbi fəaliyyət göstərir.