"Jasmine" hotelindəki kriminal dəstə təhlükə saçır

6-05-2015, 09:41           
"Jasmine" hotelindəki kriminal dəstə təhlükə saçır
Daxili İşlər Nazirliyinin müvafiq struktur və bölmələrinin əməkdaşları cinayətkar dəstələrin, kriminal aləmlə bağlılığı olan şəbəkələrin zərərsizləşdirilməsi istiqamətində mühüm işlər görür. Məhz bunun nəticəsidir ki, son illər ərzində ölkəmizdə ictimai asayiş ən yüksək səviyyədə təmin edilir. Amma buna baxmayaraq, qeyri-qanuni işlərlə məşğul olan bəzi insanlar cinayət əməli törədirlər. Belə ki, onlar ya əxlaqsızlıq yuvası saxlayır, ya da krminal "razborka"ların həyata keçirilməsinə zəmin yaradırlar.

Paytaxtın Nərimanov rayonunun ərazisində, daha dəqiq desək, Tibb Universitetinin bir neçə addımlığında yerləşən "Jasmine" hotelində də xoşagəlməz hadisələr cərəyan etməkdədir. Xatırlayırsınızsa, bu haqda ötən saylarımızda da məlumat vermişdik. Lakin hansısa səbəblərə görə aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları sözügedən hoteldə reyd keçirmədilər. Cazasızlıq isə öz işini görür. Dünən etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, "Jasmine" hoteli kriminal aləmlə bilavasitə bağlılığı olan bir qrup şəxsin məskəninə çevrilib. Bundan öncə isə bildirmək istəyirik ki, hotelin Təhsil Nazirliyinin sabiq şöbə müdiri Şahrza Əliyevə məxsus olduğu bildirilir. Deyilənə görə, bu obyektə onun biznes ortağı Mərhəmət Bəşirov də şərikdir. Mənbəmiz deyir ki, daha çox əxlaqsızlıq yuvası kimi ad çıxarmış hotel son vaxtlar cinayətkar aləmlə əlaqəsi olan insanlara da "qucaq açıb": "Hotelin zirzəmisində kriminal söhbətlər həyata keçirilir. Üç nəfər şəxs burda günahsız, yazıq insanlara "qruz" qoyurlar, onlardan pul istəyirlər. Bildirirlər ki, əgər pul verməsəniz, sizin başınıza filan oyunları açarıq. Hətta deyilənə görə, qonşu Rusiya və Gürcüstanın bəzi kriminal avtoritetləri də "Jasmine" hotelindəki pul "razborka"larına cəlb olunurlar. Hüquqi dövlətdə yaşasaq da, bu insanlar öz "qanunları ilə hərəkət edirlər. Bu isə vətəndaşlar üçün əlavə problemlər yaradır. Belə insanların ideyası ondan ibarətdir ki, varlıdan alıb kasıba versinlər. Ancaq iş orasındadır ki, hotelin zirzəmisində toplaşanlar məhz kasıb insanları yükləyirlər". Qaynağımızın iddiasına əsasən, "Jasmine"də qadın ticarəti əvvəlki axarında davam edir: "Ətrafda yaşayan insanlar hoteldə hansı işlərin qeydə alındığı yaxşı bilir. Sakinlər dəfələrlə hüquq-mühafizə orqanlarının rəsmilərinə müraciət ünvanlasalar da, cavabsız qalıb. Çünki polis əməkdaşları hotelin Şahrza Əliyevin nəzarətində olmasından xəbərdardır. Elə bu səbəbdən obyektdə baş verən neqativ işlərə göz yummalı olurlar. Nazirliyin keçmiş şöbə müdirinin bir sıra yüksək rütbəli məmurla münasibətinin olması hotelin sərbəst şəkildə fəaliyyət göstərməsinə zəmin yaradır. "Jasmine"in mövcudluğu çox böyük problemlər yarada bilər. Hoteldə azyaşlı qızların cinsi istismara məruz qalması, onların məcburi qaydada fahişəliyə cəlb edilməsi, eləcə də kriminal "razborka"ların aparılması ümumilikdə paytaxtın kriminogen durumuna mənfi təsir göstərir. Bildiyiniz kimi, Birinci Avropa Oyunlarına sayılı günlər qalıb. Ölkəmizə təşrif buyuracaq turistlər yəqin ki, paytaxtdakı hotelləri, istirahət mərkəzlərini, klubları görmək istəyəcəklər. Əgər adıçəkilən hoteldəki kriminal şəbəkə tezliklə zərərsizləşdirilməsə, onlar turistlərə qarşı da quldurluq əməli törədə bilərlər. Yəni vəziyyət bu dərəcədə gərgindir. Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinin məsələyə hələ də seyirçi mövqe bəsləməsi başa düşülən hal deyil. Nazirlik "Jasmine"ə verilən lisenziyanı bir daha nəzərdən keçirməlidir. Çünki, obyekt təyinatı üzrə fəaliyyət göstərmir. Nə qədər ki, gec deyil, həm Mədəniyyət və Turizm Nazirliyinin, həm də əlaqədar hüquq-mühafizə orqanlarının əməkdaşları hoteldə yoxlamalara başlayıb, müvafiq tədbirlər həyata keçirməlidir". Göründüyü kimi, Şahrza Əliyevin biznes şəbəkəsinə daxil olduğu deyilən hoteldə kriminal müzakirələrin aparılmasına dair iddialar var. Axı indi hansı zəmanədə yaşayırıq ki, kimsə başqasından zorla, hədə-qorxu yolu ilə, lap dəqiq desək, "reketlik"lə pul tələb etsin. Şahrza Əliyev və onun iş ortağı Mərhəmət Bəşirov bilməlidir ki, Azərbaycan demokratik, hüquqi dövlətdir. Bu ölkədə heç kim qanundan kənar işlər törədə bilməz. Törətsə də, cəzasını alar. Biz inanırıq ki, Daxili İşlər Nazirliyinin məsul şəxsləri məsələ ilə bağlı dərhal araşdırmalara başlayacaq və hoteldə fəaliyyət göstərən kriminal dəstə tam zərərsizləşdiriləcək. Növbəti saylarımızda nazirliyin sabiq şöbə müdirinin, həmçinin biznes ortağının müxalifət sevgisi barədə yazı dərc edəcəyik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.