“Bayraqdar”ın yığım kapitalı...
6-05-2015, 10:54
“Məmur olmağa can atanların 95 faizi tullantılardır. Bunu tam səmimi söyləyirəm. Onlar hətta normal oxumağı da bacarmırlar” (Haruki Murakami, “Norveç meşəsi”).
Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi Rəşad Məmmədov işindən çıxarıldı. Elə həmin gün də məhkəmə “Azeri İmport” şirkətinin vəkil Ramiz Zeynalova əlindən alınmış mülkiyyətinə görə 481 min manat təzminat ödəməsinə dair qərar çıxardı.
Bu iki faktı birləşdirən cəhət Rəşad Məmmədovun “Azeri İmport” şirkətinin faktik sahibi olmasından ibarətdir. Yəni qarşımızda bürokratik-oliqarxik kapitalizmin əyani misallarından biri dayanır - məmur həm də iri sahibkar, hətta oliqarxdır.
Ömrü boyu yaşadığı cəmiyyətə qarşı qiyam etmiş yazıçı və musiqiçi Boris Vian özünün “Günün köpüyü”ndə yazırdı: “Gərəkdir ki, heç kəs vergi ödəməsin və məmurlar acından ölsünlər. Bax, onda bütün dünyada sülh bərqərar olacaq”.
Sadəlövh qiyamçı ağlına da gətirməmişdi ki, indiki məmurlar vergilərlə dolanmırlar - onlar paralel olaraq sahibkar və dəllaldırlar. Rəşad Məmmədovun misalı buna təsdiqdir...
O ki qaldı onun vaxtilə qohumu Azər Əsgərovla birlikdə yaratdığı, 2011-ci ildə Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinə rəis təyin olunanda isə dərhal qohumuna “satdığı” şirkətə, “Azeri İmport”un fəaliyyəti əsasında Azərbaycandakı kapitalizmin tarixi, oliqarxların təşəkkülü və yığım kapitalının mənşəyinə dair dərslik yazmaq olar. Yəqin ki, nə vaxtsa yazılacaq da...
Yazının əvvəlində zərərçəkmiş Ramiz Zeynalovun ədalətə axır ki, nail ola bildiyini vurğulamaqda isə məqsəd odur ki, bizdə istənilən məmurun vəzifədən kənarlaşdırılan kimi dərhal onun cəzasız qalmış əməllərinin öz hüquqi qiymətini verməyə başladığını qabardaq. Yəni məğlubiyyətlə cəza sinxron anlayışlara çevrilib.
Səhər sən sahibkarlıqla məşğul olan məmursan, günorta məmurluqdan çıxarılırsan, axşam isə artıq cavab verməyin vaxtıdır.
Əlbəttə, bunun özü də anormaldır, çünki məntiqi sual yaradır: bəs bu illər boyu eks-məmurun əməllərinə niyə göz yumulurdu?
Axı bəllidir ki, iyerarxik nərdivanda hər bir məmurun öz “dam”ı var. Üstəlik, məmur o vaxt cəzalandırılır ki, boyundan yuxarı tullanmaqla daha üst pilləyə iddia edir.
...“Azeri İmport”un əməllərindən virtualaz.org saytı dəfələrlə yazıb, xülasəni təkrarlamaq belə çox böyük həcm tələb edir. Söhbət minlərlə ailəni evsiz-eşiksiz qoyan, kompensasiya ödəməyən, bütün bu əməlləri hətta Bakı meriyasının da xəbəri olmadan (hər halda meriya özünü xəbərsiz göstərməyə çalışır), qanunsuz şəkildə edən şirkətdən gedir.
Çoxmərtəbəli bina inşaatından başlayıb sonra paytaxt küçələrinin və parkların işıqlandırılması və illüminasiya işlərinin təşkili və bunun üçün zəruri avadanlıqların quraşdırılması işinə keçən, Bakıdakı bütün binaların üzlənməsi və divarlarının ağardılması işini də tenderlə “udan” şirkət sonunda Bayıl yamacındakı ev və ofislər, aeroport-Bilgəh yolunun hər iki tərəfində yerləşən və əhalinin sıx məskunlaşdığı massivlərə əl qoydu.
Bayıl, Bilgəh və Buzovnada insanların torpaqları, mülkləri, obyektləri əlindən alındı. Onların yerində mağazalar, ofislər, yaşayış binaları tikilməyə başladı. Məsələn, təkcə Buzovnada şirkət özəl mülk olan 6 qaraj, 26 mağaza, bələdiyyənin ağsaqqalların istirahət etməsi üçün tikdiyi bina, yaşayış massivini istiliklə təchiz edən qazanxananı ələ keçirib bu obyektlərin yerində 3 min kvadratmetr sahəsi olan qeyri-yaşayış binası tikib.
İndi siz necə fikirləşirsiniz: öləri azərinin iki daşı icazəsiz üst-üstə qoya bilmədiyi məmləkətdə bu qədər həngamələri xeyir-duasız etmək hansısa bir şirkətə müyəssər ola bilərdimi? Sual ritorikdir.
***
Vaxtilə Vladimir Lenin Rusiya kapitalizmi barədə yazırdı: “Bu kapitalizm sıx şəkildə kapitalizmə qədərki münasibətlər toru ilə sarılıb”.
Yəni onun xüsusiyyətlərindən biri özündə feodalizmdən qalma cəhətləri ehtiva etməsidir. Feodal-vassal münasibətləri, yaxud yaxınlıq prinsipi (fərqi yoxdur, məkanca, yoxsa qan yaxınlığı) qərarların qəbulunda əhəmiyyətli rol oynayır (indi onu “lobbiçilik” də adlandırırlar).
Eyni kəlmələri Azərbaycandakı kapitalizm barədə də söyləmək olar. Bizdəki bürokrat-burjuaziya üçün həmin yaxınlıq prinsipləri çox əhəmiyyətlidir. Elə bu kapitalizmə qədərki münasibətlər də sosial liftlə yuxarı qalxmaqda, kadr seçimində müstəsna funksiyasını saxlamaqdadır.
Bu nöqteyi-nəzərdən eks-“bayraqdar” Rəşad Məmmədovun bir işbaz və bir məmur kimi yüksəlişi də, enişi də söylənən əlaqələrə tabedir. Deməli, kələfin ucunu tapmaq çətin məsələ deyil.
Ancaq ən böyük problem başqadır - minlərlə zərərçəkmişin, öz evindən, torpağından olanın bu məmurun çöküşü ilə ədalət tapacağı mifdir. Çünki dəyişdirilən - məmurdur, sosial-iqtisadi münasibətlər deyil...
Virtualaz.org