Sabirabad təhsilində bibaırçı durum: Millətin gələcəyi təhlükə altında
6-05-2015, 11:25
"Təhsil millətin gələcəyidir" - bu müdrik ifadə Ulu Öndərimiz Heydər Əliyevə məxsusdur. Təhsil deyəndə hər kəsin gözü önünə ilk öncə müəllimlər gəlir. Hər bir insan məktəb illərini xatırlayır. Orta nəslin nümayəndələri öz müəllimləri haqda danışanda deyirlər ki, biz elə bilirdik ki, müəllim çörək yemir. Bu düşüncənin mənası budur ki, insanlar müəllimi ilahi varlıq səviyyəsinə qaldırır və müqəddəs hesab edir.
Ümummilli Liderimiz Heydər Əliyev müəllimə belə qiymət vermişdir: "Mən müəllim peşəsindən yüksək, müqəddəs peşə tanımıram". Çox böyük qiymətdir müəllimə. Müəllim cəmiyyətin bir nömrəli ziyalısıdır. Çünki hər kəsi müəllim yetişdirir. Təəssüflə deməliyəm ki, bəzi dırnaqarası müəllimlər öz əməlləri ilə bu müqəddəs ada kölgə salır, ləkələyirlər. Bu da bütövlükdə cəmiyyətdə müəllim imicinə zərbə vurur.
22 aprel tarixli sayımızda belə müəllimlərdən biri haqqında sənədli-sübutlu bir yazı dərc etmişdik. Söhbət Sabirabad rayonu E.Sədiyev adına Qaragüney kənd 2 saylı orta məktəbinin gənclərin fiziki tərbiyəsi müəllimi Əhmədov Vüsal İbrahimxəlil oğlunun Şirvan məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 180-ci maddəsinin birinci bəndi ilə iki il müddətinə islah işləri cəzasına məhkum edilməsindən gedir. Məlumat üçün qeyd edək ki, Cinayət Məcəlləsinin 180-ci maddəsi soyğunçuluqdur.
Gözlədiyimiz kimi üstündən 10 gün keçməsinə baxmayaraq, Təhsil şöbəsindən və məktəb rəhbərliyindən görülmüş tədbir haqqında heç bir məlumat almamışıq. Yəni əsərin qəhrəmanı Vüsal müəllim hələ də məktəbdə işləyir. Cənablar başa düşmürlərmi ki, məktəb islah işləri üçün cəzaçəkmə yeri deyil. Məktəb məbəddir, təlim-tərbiyə, elm müəssisəsidir. Soyğunçuluq və ya hər hansı bir cinayət məhkumluğu pedaqoji etikaya, əxlaqa ziddir.
Etibarlı mənbədən bu məsələ barədə bu gün daha geniş informasiya əldə etmişik və bu informasiyaları ictimailəşdirmək bizim işimiz və vəzifə borcumuzdur. Məlum olub ki, Vüsal Əhmədovun nə istintaqı nə də məhkəməsi zamanı onun iş yerindən arayış və xasiyyətnamə tələb olunmamışdır. Bu isə vacib məsələdir. CPM-nin tələbləri pozulmuşdur. Onun məktəbdə müəllim işləməsi gizlədilmişdir. Soyğunçuluğa məruz qalmış gənc ananın çantasında olan 5 ədəd smartfonu və qızıl-zinət əşyalarını Vüsal müəllimin həyat yoldaşı satıb pula çevirmişdir ki, bu da "istintaqın nəzərindən" qaçmışdır. Çox təəssüf ki, Vüsalın həyat yoldaşı da həmin məktəbdə müəllimə işləyir. Bildirilir ki, oğurluq telefonun biri Vüsalın atası İbrahimxəlil müəllimin istifadəsində olmuşdur. Yeri gəlmişkən, İbrahimxəlil müəllim keçmişdə bir müddət kənd icra nümayəndəsi işləmişdir. İndi onun ailəsi və yaxınları kənddə belə mif yayırlar ki, İbrahimxəlil müəllimin əli çox uzundur, o hər bir problemi həll edə bilər. Bu piar onun rəqiblərini qorxutmaq üçündür. Əslində isə, o, heç öz oğullarına düzgün tərbiyə vermək iqtidarında deyil. Nəticə göz qabağındadır. Əsl müəllimin ailəsi də yaşadığı ərazidə etalon olmalıdır. Sıravi adamlar onlardan nümunə götürməlidir. Burda isə əksinədir. Müəllimin dəyərini qiymətləndirən meyarlar onun bilik-bacarığı, əxlaqı və cəmiyyətə verdiyi fayda ilə ölçülür. İbrahimxəlil "müəllim" icra nümayəndəsi işləyərkən tanıdığı rayon məmurlarına kənddə yaşayan hörmətli, nüfuzlu, dövlətə sədaqətli gənclər və ziyalılar haqqında yalan, saxta məlumatlar ötürməklə onların inkişafına mane olmağa çalışır. Çox təəssüf ki, bəzi hallarda buna nail ola bilir.
Sonuncu bələdiyyə seçkisi zamanı savadsız və saxta diplomla müəllim işləyən kürəkənini bələdiyyə üzvü seçdirə bilib. Yeri gəlmişkən, İbrahimxəlil müəllim bütün ailə üzvlərini məktəbə müəllim və texniki işçi kimi yerləşdirə bilib və kollektivdə ailə podratı yaratmaqla say üstünlüyü yaradıb. Rəqiblərini say çoxluqları ilə hədələyir. Özü şəxsən deyir ki, biz məktəbdə hegemon qüvvəyik, biz nə istəsək o olacaq. Həyat yoldaşı Gülşən xanım metalkəsmə mühəndisi olmağına baxmayaraq, uzun illər kimya fənnini tədris edib. Bu ailənin qəribə siyasi fəaliyyəti haqda da danışmaq yerinə düşər. Ailə üzvləri ölkədə nə qədər müxalifət partiyası var hamısına üzv olublar. Bundan ona, ondan buna keçirlər. Məqsəd isə gülməlidir. Bütün seçkilərdə ailə üzvləri müxalifət partiyasından məntəqə seçki komissiyasına üzv saldırılır ki, burdan da əlavə pul qazansınlar.
Bütün bunlar camaatın gözü qarşısında baş verir. Belə çıxır ki, doğrudan da bu kişinin əli uzundur. Ancaq bu dəfə əliuzunluq onun başına bəla açacaq. Məktəbdə işləyən müəllimə bilik-bacarıq, əxlaq vacibdir, say çoxluğu yox. Qoy aidiyyəti şəxslər cavab versin görək bu əliuzunluğa, bu soyğunçu insanlara kim şərait yaradır və nə vaxta qədər belə olacaq?