Masallının deputatıyla bağlı ilginc iddia
6-05-2015, 12:03
Nəriman Əliyevin Rostov Dövlət Universitetində oxumadığı və diplomunun da saxta olduğu deyilir
Ötən günlərdə bir Masallı rayonundan olan bir qrup ziyalı mətbuat vasitəsi ilə Prezident İlham Əliyevə müraciət edərək, 70 saylı Seçki Dairəsindən seçilmiş deputat Nəriman Əliyevdən şikayətçi düşmüşdülər. JAM.AZ xəbər verir ki, həmin müraciətdə ziyalılar millət vəkilinin parlamentdə 5 il ərzində danışmaması, rayonun problemləri ilə maraqlanmaması və digər səbəblər əsas gətirilərək, növbəti seçkilərdə YAP-dan başqa bir namizədin irəli sürülməsini istəmişdilər.
Onu da bildirək ki, Masallı Ziyalılar Birliyi adlı təşkilat da bunun ardından Nəriman Əliyevi müdafiə edən bəyanat yayıb. Və bildirilib ki, deputatla bağlı səsləndirilmiş fikirlər «separatçılıq»dır və buna yol vermək olmaz. Həminin birlik rəsmisi Masallı ziyalılarını müxtəlif məsələlərdə ittiham etmişdi.
Bu gün isə Nəriman Əliyevlə bağlı daha bir ilginc iddia ortaya atılıb. JAM.AZ-ın elektron ünvanına daxil olan məlumatda iddia edilir ki, Masallıdan olan deputat Nəriman Əliyevin guya, diplomu saxtadır. Qeyd edək ki, sözügedən millət vəkili 1985-ci ildə Bakı Tixarət Texnikumuna daxil olub və 1988-ci ildə hərbi xidmətdən təxsis olduqdan sonra təhsilini davam etdirərək, adıçəkilən təhsil qurumunun məzunu olub. Tərcümeyi-halında yazıldığına görə, Nəriman Əliyev 1998-2003-cü illərdə Rostov Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb və oranı bitirib. Həmçinin o da məlum olub ki, millət vəkili 1999-cu ildə «Nur-M» MMC adlı şirkəti təsis edib.
2010-cu ildən Milli Məclisin deputatı olan Nəriman Əliyev YAP-ın üzvüdür və hazırda parlamentdə hüquq komissiyasında təmsil olunur.
JAM.AZ-a iddiada bulunan mənbənin sözlərinə görə, Nəriman Əliyev Rostov Dövlət Universitetində oxumayıb və aldığı diplom da guya, saxtadır. Hətta bu iddianı irəli sürən şəxs onu da israrla bildirir ki, deputat ümumiyyətlə, rus dilində bilmir.
Qeyd edək ki, bu olduqca ağır bir iddiadır və JAM.AZ olaraq həmin fikirləri paylaşmırıq. Amma hesab edirik ki, cənab deputat bununla bağlı açıqlama verərək, məsələyə tam aydınlıq gətirə bilər. Və ümid edirik ki, Nəriman Əliyev bu addımı atacaq.