"İkibaşlı əjdaha" və ya başsız qalan səhiyyə - NƏ ETMƏLİ?

29-11-2021, 13:18           
"İkibaşlı əjdaha" və ya başsız qalan səhiyyə - NƏ ETMƏLİ?
Nənəmin demək olar ki, hər gün etdiyi dualardan biri “Allah heç kimi nə polis, nə də həkim qapısına salmasın” idi. Balaca idim. Nənəmin bunu nə mənada dediyini, bu cümləni niyə hər dəfə təkrarladığını anlaya bilmirdim. Bəzən acığım da tuturdu ki, “bəsdi də, nə qədər eyni şeyi dua edəcəksən?”
Vaxt, zaman gəldi və mən böyüdüm, valideyn oldum. Övladlarım hər xəstələnəndə, hər xəstəxanaya yolum düşəndə nənəmin sözləri qulağımda cingildəməyə başladı. Anladım ki, dünyanın ən gözəl duasını edibmiş bizim üçün.

Bunu indi qələmə almağımın isə başqa bir səbəbi var. Bir neçə gün əvvəl gecə saatlarında 1 yaşlı körpəmin birdən-birə temperaturu qalxmağa başladı. İstiliyi 39-u keçirdi. Həyəcandan əlimiz-ayağımız bir-birinə dolaşmışdı. Bilmirdik nə edək, temperaturu necə salaq? Düşündük, öz ağlımızla iş görsək, vəziyyəti daha da qəlizləşdirərik. Bu səbəbdən də həyəcan içərisində, əsən barmaqlarımla Abşeron rayon Təcili Tibbi Yardımın əlaqə nömrələrinə yığdım. Telefonun dəstəyini götürən olmadı. Bir az da həyəcanım artdı. Bir gözüm uşaqda, bir gözüm isə telefonda 103 xidmətinə yığdım. Dəstəyin götürüldüyün eşidib sevindim. Kimsə səsimizə səs vermişdi. Titrəyən səsimlə ünvanı söyləməyə başladım. Dəstəyin o başındakı xanım ünvanı eşidən kimi sözümü kəsməyə başladı və bildirdi ki, Abşeron rayonuna onlar baxmırlar. Xanıma vəziyyətin nə qədər ciddi olduğunu, Abşeron rayon Təcili Tibbi Yardım mərkəzinin dəstəyi götürməməsini izah etməyə, az qala yalvarmağa başladım. Mənin telefonla danışmağa, dərdimi izah etməyə sərf etdiyim vaxt isə körpəmin əleyhinə işləyirdi. İstiliyi daha da artır, halı hər an daha da pisləşirdi. Çarəsiz halda dəstəyi yerə qoydum və anladım ki, nə mən, nə də mənim körpəmin gələcəyi heç kimə maraqlı deyil.

Məyusluq hissi, beynimdə qaranlıq qalan suallarla özüm ilkin tibbi yardım göstərməyə çalışdım. Uşağı ölümün əlindən son andaca aldıq. Uşağın nisbətən özünə gəldiyini görüb yenə də telefonu əlimə aldım. Sanki qəbullanmaq istəmirdim ki, insanların səhhəti həqiqətən taleyin ümidinə buraxılıb.

Zənglərimə gec də olsa, cavab verən tapıldı. Təcili Tibbi Yardımda çalışan tibb işçiləri gəldilər. Lakin onlar özləri də etiraf etdilər ki, onların etməli olduqları hər şeyi artıq biz etmişik və əlavə heç nəyə ehtiyac yoxdur.

Sizə də məsləhətim budur ki, internet resurlarında olan məlumatlardan faydalanın və öz həkiminiz özünüz olmağa çalışın.Amma bir şərtlə ki, etibarlı mənbə olsun. Məsələn, Türkiyənin və ya Rusiyanın hansısa rəsmi səhiyyə qurumunun rəsmi saytında yer alan tövsiyələrə göz gəzdirin. Təəssüf ki, etibarlı tibbi tövsiyələri Azərbaycan saytlarında tapa bilməyəcəksiniz.

Azərbaycan səhiyyəsi "Titanik" gəmisi kimi batıb. Yenisini inşa etmək isə hələ uzun illər tələb edəcək. Səhiyyə Nazirliyi və TƏBİB adlı iki qurumun bölüşüb qurtara bilmədiyi səhiyyə sitemindən bundan yaxşısını gözləməyə dəyməz.
Bizimyol.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.