Salyanda «dəlilik kağızı» biznesi

6-05-2015, 22:31           
Salyanda «dəlilik kağızı» biznesi
Salyanda yerləşən Rayonlararası Ruhi-Əsəb Dispanseri ilə bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. Mətləbə keçid almamışdan öncə qeyd etmək istəyirik ki, 150 çarpayılıq tibb müəssisəsi 1963-cü ildə yaradılıb. Məlumatlı şəxsin bildirdiyinə görə, əhaliyə psixonevroloji, psixoprofilaktik tibbi xidmət göstərmək, psixi qüsuru olan xəstələrin sosial əmək reabilitasiyasını təşkil etməyə borclu olan səhiyyə ocağının baş həkimi Yaşar Kərimov özbaşına işlərlə məşğuldur: «Xəstəxanada müalicə alan insanlar, həmçinin tibb personalı baş həkimin qanunsuz fəaliyyətindən beziblər. İş o yerə çatıb ki, dispanser rəhbərinin bəzi «şərt»lərinə əməl etdikdən sonra sağlam şəxslər burdan «dəlilik kağızı» ala bilirlər. Təbii ki, «qiymətli kağız»ın qarşılığında. «Dəli» olmaq istəyənlərin əlləri cibində olmalıdır. Saxta yolla əldə edilən «dəlilik kağızı» bəzi məqamlarda həmin vətəndaşların işinə yarayır. Məsələn, hansısa cinayət hadisəsi törətdikdə bu kağızın vasitəsilə məsuliyyətdən kənarda qala bilirlər. Və vəziyyətə uyğun olaraq dəlixanaya salınırlar. Dispanserdə əsəb xəstəliyindən əziyyət çəkən xəstələrə isə dərmanlar ikiqat bahasına satılır. Belə ki, müalicə alan xəstələrə pulsuz verilməli olan dərmanlar Salyan və qonşu rayonların müxtəlif ərazilərində fəaliyyət göstərən apteklərə satılır, elə bu səbəbdən də xəstələr zəruri dərman preparatlarını baha qiymətə həmin apteklərdən almağa məcbur olurlar». Əldə etdiyimiz informasiyaya görə, Salyan Ruhi-Əsəb Dispanserində heç bir xəstənin pulsuz müalicə və müayinə olunmaq şansı yoxdur: «Həkimlər Yaşar müəllimin tapşırığı əsasında müalicənin müddətini uzatmağa çalışırlar. Digər tərəfdən, baş həkimin «xəstələri» arasında bu gün «D» kateqoriyalı sürücülük vəsiqəsi ilə paytaxtda sərnişin daşıyan şəxslər də var. Onlar ciblərində nəyinsə müqabilində aldıqları «dəlilik kağızı»nı gəzdirirlər. Amma özləri minlərlə vətəndaşa xidmət göstərirlər. Əgər onlar ruhi xəstədirlərsə, sürücülük vəsiqəsini necə alıblar? Yox, sağlamdırlarsa, o zaman necə «dəlilik kağızı» əldə ediblər? Xəstəxanada müalicə olunan xəstələr müəssisə rəhbərliyi tərəfindən dözülməz haqsızlıqlara məruz qalır». İddialara əsasən, sözügedən səhiyyə ocağının saxlanılması məqsədilə ildə büdcədən yarım milyon manata yaxın vəsait ayrılır: «Bu vəsaitin əsas hissəsi baş həkimin şəxsi işlərinə, həmçinin maliyyə müfəttişlərinin "yola salınmasına», yerdə qalan cüzi hissəsi isə xəstələrə xərclənir. Dispanserdə müalicə alan xəstələr bəzi hallarda ayrı-ayrı işlərə cəlb olunur. Baş həkim onların əməyindən dispanserin həyatyanı sahəsinin təmizlənməsində və müəyyən tikinti işlərində istifadə edir. Yaşar Kərimovun elə əməlləri var ki, bu, cəmiyyət üçün təhlükə doğurur». Xatırladaq ki, bir neçə ay öncə Salyan Ruhi-Əsəb Dispanserinin həyətindən nəşə kolları tapılıb. Bu barədə yayılan məlumatda deyilir ki, dispanserin həyətindən aşkarlanan marixuana kolları polis tərəfindən məhv edilib. Lakin bu kolların kim tərəfindən əkildiyi, onların dispanserin həyətində necə peyda olunduğu araşdırılmayıb. Salyan Rayon Polis Şöbəsində bununla bağlı heç bir cinayət işinin açılmadığı da deyilir. Deyilənə görə, Ruhi-Əsəb Dispanserinin baş həkimi Yaşar Kərimov polisdə ifadə verərək marixuana kollarının xəstəxananın həyətinə düşdüyündən xəbərsiz olduğunu bildirməklə kifayətlənib. Bu məsələdə bəzi məqamlar açılmamış qalıb. Növbəti sayımızda bu haqda ətraflı məlumat verəcəyik. Sonda səhiyyə naziri Oqtay Şirəliyevdən baş həkimin fəaliyyətini yoxlatdırmasını xahiş edirik.

Qarşı tərəfi də dinləyə bilərik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.