Xətai rayonunda icra başçısı qanunlara məhəl qoymur- Yaşıl "soyqırım" davam edir

6-05-2015, 22:36           
Xətai rayonunda icra başçısı qanunlara məhəl qoymur- Yaşıl "soyqırım" davam edir
Acınacaqlı haldır ki, bu gün paytaxt Bakının müxtəlif yerlərində yaşıl ağacların kəsilərək həmin ərazilərdə biznes obyektlərinin və yaşayış binalarının tikilməsi təhlükəli bir tendensiya halını alıb. Maraqlıdır ki, agac kəsmək Azərbaycanın cinayət qanunverciliyi ilə məsuliyyət yaratsa da reallıqda heç kəs bu əməlinə görə cəza almır. Bu yaxınlarda redaksiyamıza daxil olmuş yeni məlumatda da Bakının Xətai rayonu ərazisində törədilmiş növbəti “yaşıl soyqırım” əməlinə dair açıqlamalar təqdim olunmuşdu. Təqdim olunmuş fotoşəkillərdən də aydın görünür ki, rayonun Məhəmməd Hadi küçəsi 229-243 ünvanında yerləşən ərazidə, “Finca” BOKT-nin bilavasitə yaxınlığında yeni tikili inşa olunmaqdadır. Ərazidə yaşayan sakinlər bildirirlər ki, Murad adlı bir iş adamına məxsus kommersiya obyektinin inşası üçün “ayrılmış” torpaq sahəsində külli-miqdarda ağac kəsintisinə yol verilmişdir. Bu xüsusda təqdim olunan fotoşəkillərdə həmin ərazidə bir müddət əvvəl yaşıllığı ilə göz oxşayan sağlam ağacların, hal-hazırda isə boz torpaq üzərində ucaldılan obyektin monolit beton sütunlarının görüntüləri əks olunub. Qeyd edək ki, məlumatlarda daha bir problemin də yeni tikilən binanın altından metro xəttinin keçməsi ilə bağlı olduğu bildirilir. Hətta mənbələrin iddialarına görə, yeraltı qatarın keçdiyi zaman inşa olunan binanın titrəməsini də hiss etmək olur. Lakin bizi maraqlandıran əsas məsələ əlbəttə ki, ərazidə ağacların kəsilməsinə kimin rəvac verməsini aydınlaşdırmaqdır. Dərc etdiyimiz ötən materialda da biz artıq göstərmişdik ki, məlumatı aldıqdan dərhal sonra məsələyə aydınlıq gətirmək məqsədilə əməkdaşımız Bakı şəhər Yaşıllaşdırma Birliyinin rəhbərliyi ilə telefon əlaqəsi saxladı. Lakin Birliyin direktoru Vaqif Novruzov kəsimə guya ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müvafiq rəy verildiyini bildirərək telefon əlaqəsini kəsmişdi. Halbuki, ərazidə yaşayan sakinlərdən aldığımız məlumatlarda məsələ tam fərqli şəkildə təqdim olunur. Bildirilir ki, həmin ağacların kəsilməsi barədə ETSN-in qaynar xətt xidmətinə məlumat verilmiş və sonradan məlum olmuşdur ki, nazirlik tərəfindən həmin ərazidə yalnız 3 ağacın kəsilməsinə rəy verilib. Yaşıllaşdırma Birliyinin işçiləri isə bu rəylə 20-dən artıq ağacı kəsərək məhv ediblər. Daha sonra aldığımız məlumatlarda mənbəyi Xətai Rayon İcra Hakimiyyətinə gedib çıxan başqa bir xəbər də diqqətimizi cəlb etmişdi. Bu xəbərə görə sözü gedən “yaşıl soyqırım”ın törədilməsində əli olan şəxslərdən biri də maklerlik fəaliyyəti ilə məşğul olan və hələlik adı açıqlanmayan bir nəfərdir. Mənbələr bildirirlər ki, həmin şəxs yalnız bahalı sövdələşmələrdə vasitəçilik edir və eyni zamanda da rayonun istənilən ərazisində torpaq sahələri üçün Rayon İcra Hakimiyyətindən müvafiq sənədlərin alınmasını təmin edir. Başqa sözlə desək, bu şəxsin Xətai RİH-nin başçısı Razim Məmmədovun yanına sərbəst giriş-çıxış imtiyazı vardır. Məlumatda qeyd olunur ki, elə Murad üçün göstərilən ünvandakı torpaq sahəsini də məhz həmin makler alıb. Açıqlamalara görə bu makler müəyyən ödənişlər müqabilində öz müştəriləri üçün istənilən sayda ağacın kəsilməsi üçün icazə də ala bilir. İddia olunur ki, Məhəmməd Hadi küçəsi 229-243 ünvanında yerləşən ərazidə ağacların kəsilməsinə dair Vaqif Novruzovun istinad etdiyi rəyi də Ekologiya və Təbii Sərvətlər Nazirliyi deyil, məhz bu makler vermişdir. Təəssüflər olsun ki, yerli sakinləri son dərəcə narahat edən bu məsələyə dair nə Xətai RİH-nin, nə də ETSN-nin rəhbərliyi tərəfindən hələ də heç bir münasibət bildirilməyib...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.