Bu daş karxanasında heç kimi saymırlar

7-05-2015, 16:12           
Bu daş karxanasında heç kimi saymırlar
Son zamanlar daş karxanalarındakı vəziyyət qənaətbəxş deyil. Daş karxanalarında işləmək təhlükəlidir. Burada çalışan insanların həyatları daim təhlükə altındadır. Ona görə də daş karxanalarında tez-tez ölüm hadisələri baş verir.

Bizə verilən məlumata görə, Qaradağ rayonunda yerləşən "Sehran" MMC-yə məxsus daş karxanasında əmək qanunvericiliyi pozulur. İşçilərin iş vaxtı Əmək Məcəlləsində göstəriləndən artıqdır. Bu isə işçilərin əmək hüququnun pozulması deməkdir. İşçiylə müəssisə arasında müqavilə bağlanmır. Bu səbədən də müəssisədə bədbəxt hadisə baş verdikdə müəssisə məsuliyyətdən qaçır. Zərərçəkən isə haqqını tələb edə bilmir. Burada şirkətin və ərazidə çalışan işçilərin təhlükəsizlik qaydalarına riayət olunmaması aşkar edilib. Onlarda dəbilqə və əlcəklərin, xüsusi geyimlərin və maskaların yoxluğu gözdən yayınmayıb.

Eyni zamanda yüksək gərginlikli elektirik xətlərinin qəzalı vəziyyəti və bəzi yerlərdə ümumiyyətlə onların üstünün açıq olması, buradakı işçilərin hansı təhlükə ilə üzləşməsindən xəbəb verir. Bundan başqa daşkəsən mişarlar standartlara cavab vermir. Xüsusi qoruyucu qapaqlar yoxdur.

Daş karxanalarında faciəli şəkildə dünyasını dəyişən insanların ailələrinə isə heç bir yardım edilmir. Əldə etdiyimiz məlumata görə, sözügedən daş karxanasında da bu cür dözülməz şərait hökm sürür. Baş verən bədbəxt hadisələrə görə heç bir məsuliyyət hissi keçirmirlər. Bu günə qədər baş verən hadisələrə görə heç bir müəssisə sahibi layiqli cəzasını almayıb. Son günlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyinin əməkdaşları bu sahədə ciddi tədbirlərin görüləcəyini söyləyirlər. Sirr deyil ki, həmin daş karxanalarının sahiblərinin arxasında bəzi məmurlar dayanır. Məgər həmin məmurların insan həyatı ilə oyun oynamağa haqları varmı? Və ya Azərbaycan insanına qarşı bu laqeyd münasibət hansı məntiqdən irəli gəlir? Bu suallara cavabı da məhz həmin şəxslər verməlidirlər.

Etibarlı mənbələrin verdiyi məlumata görə, orada çalışanların çoxu vərəm xəstəliyindən əziyyət çəkir. Bu şəxslərə isə heç bir yardım əli uzadılmır. Bu şəxslərin həyatı heç kəsi maraqlandırmır. Halbuki bu insanlar həmin müəsisədə öz sağlamlıqlarını itiriblər.

Fəhlələrin sağlamlığını düşünən yoxdur. Əmək Məcəlləsində göstəriləndən artıq işlədirlər. Verdikləri pul isə çəkdikləri zəhmətə uyğun deyil. Hətta işçilərin əməkhaqları vaxtlı-vaxtında verilmir. Müəssisə rəhbərlikləri maaşların verilməsində gecikmələr edir. Buna görə də işçilərin çoxu 2-3 ay işləyib işdən çıxırlar. Əmək qanunvericiliyinə görə, vətəndaşlar müəyyən vaxtdan sonra məcburi olaraq işlədilə bilməzlər. Karxanada səhər saat 8-dən gecə 12-yə kimi işləyənlər var. Onlar bu qədər ağır və zəhmətli işin qarşılığında çox az maaş alırlar. Bir sözlə, daş karxanaları insanların hüquqlarını pozmaqla məşğuldur. Bu sahəyə xüsusi diqqət ayrılmalı və orada baş verən qanunsuzluqlar aradan qaldırılmalıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.