Beyləqanda yola buraxılan pulları talayırlar

7-05-2015, 21:46           
Beyləqanda yola buraxılan pulları talayırlar
Son illər Azərbaycanda yol infrastrukturunun yenilənməsinə milyardlarla manat vəsait sərf edilib. Qeyd edək ki, yollara təkcə dövlət büdcəsindən pul ayrılmır. Ölkənin xarici borcunun əhəmiyyətli hissəsini yollara verilən pullar təşkil edir. Belə ki, xarici bank və qurumların verdiyi kreditlərlə birgə son illər ölkənin yollarına ayrılan vəsaitlər 6 milyard manatı keçib. Aparılan hesablamalardan sonra ölkəmizdə beynəlxalq standartlara cavab verən yolların 1 kilometrinin maya dəyərinin 25-30 milyon manat civarında olduğu üzə çıxıb.

Xarici ölkələrdə isə bu sahədə vəziyyət bizdən xeyli yaxşıdır. Yəni dünyanın inkişaf etmiş dövlətlərində 1 kilometr yolu daha az vəsaitlə çəkmək mümkündür. Təəssüf ki, dövlət büdcəsindən yol infrastrukturunun yenidən qurulması üçün ayrılan vəsaitlərin böyük hissəsi təyinatı üzrə sərf edilmir və bu da bir sıra fəsadlara gətirib çıxarır. "Azəryolservis" ASC-nin tabeliyində olan bəzi idarələrdə qanunsuzluq dizə çıxıb. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, Beyləqan rayonunda fəaliyyət göstərən 37 saylı Yol İstismar İdarəsində də vəziyyət ürəkaçan səviyyədə deyil. Məlumatda bildirilir ki, idarənin rəisi Füzuli Quliyev ona həvalə olunan tapşırıqların öhdəsindən layiqincə gələ bilmir: "Onun rəhbərliyi altında fəaliyyət göstərən idarədə müxtəlif özbaşınalıqlar qeydə alınmaqdadır. Rəis burda çalışan işçilərin adına hər ay naryad yazaraq ayrılan vəsaitləri şəxsi büdcəsinə istiqamətləndirir. İdarənin büdcəsinə ay ərzində yüklü miqdarda vəsait daxil olur, lakin adıçəkilən məmur bu pulları nəzərdə tutulan layihələrin icrasına sərf etmir. 37 saylı Yol İstismar İdarəsinin balansında olan yollarda vəziyyət bərbaddır. Yolların təmir və tikintisi üçün "Azəryolservis" ASC-nin xətti ilə adıçəkilən idarəyə ayrılan pullar amansızcasına mənimsənilir. Buna görə də Beyləqan rayonunun əksər yolları istifadəyə yararsız vəziyyətdədir". Mənbəmiz deyir ki, rayonda bəzi yollar var ki, həmin ərazidə avtomobillərin hərəkəti ölümə bərabərdir: "Bura yolu düşən hər kəsə bəlli olur ki, Beyləqanın yollarında abadlaşmadan söhbət belə gedə bilməz. Dövlətin yolların təmirinə və salınmasına ayırdığı milyonlar isə havaya sovrulur. Bizi daha çox narahat edən isə Beyləqan-Daşburun yolunun dağılaraq sıradan çıxmasıdır. Yol idarəsinin rəisi Füzuli Quliyev aradabir yollara yamaq vurdusa problem daha da ağırlaşır. Çünki yamaq vurulan hissələr də növbə ilə sıradan çıxır. Sözügedən yolun bir hissəsi isə artıq sürüşüb, yolda avtomobillərin hərəkəti çətinləşib. Yol İdarəsinin rəhbərliyi isə buna heç bir əhəmiyyət vermir". Bizə çatan məlumatlara əsasən, idarə rəhbəri rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayevin ən yaxın adamlarından biri hesab edilir: "Onun rayon rəhbəri ilə münasibətləri yaxşıdır. Əksər hallarda yolların təmiri və çəkilməsi məqsədilə ayrılan vəsaitləri bir yerdə yönləndirirlər. 37 saylı Yol İstismar İdarəsində dəhşətli qanun pozuntuları mövcuddur. Burda çalışan fəhlələrin əmək hüquqları kobud şəkildə pozulur. Məsələn, fəhlələr hələ də əməkhaqqı cədvəlinə qol çəkib maaşlarını ala bilmirlər. İdarə rəhbəri hər ay müxtəlif bəhanələr gətirməklə işçilərin maaşından tutur. Məhz bu yollara baş vuran məmur özünə geniş imkanlar yaradıb. Eşitdiyimə görə, onun rayonun ərazisində bir neçə obyekti, Bakıda mənzilləri və bahalı maşınları var. 37 saylı Yol İstismar İdarəsində yaxşı vəzifələrdə işləyənlərin çoxu rəisin qohumlarıdır. Məsələn, idarənin baş mühasibi Yalçın Məmmədov Füzuli Quliyevin baldızı oğludur. Bundan başqa, o bir neçə qohumunun adını idarədə işə yazıb. Həmin adamların işə çıxmamalarına baxmayaraq, onlar üçün yüksək maaş yazılır. Qardaşı idarədə mühəndis işləyir. Halbuki, həmin şəxs heç bir ali məktəbi bitirməyib. Məmur müəssisənin texnikalarını sürücülərin özlərinə təmir etdirir. Əgər traktorun, ya da yük maşınının təkəri sıradan çıxıbsa, ya da hər hansı bir hissəsində təmirə ehtiyac varsa, onu sürücülər özü yoluna qoymalıdır. Texnikaların təmirinə ayrılan vəsaitlərin hara getməsi isə məlum məsələdir". Araşdırmalar nəticəsində öyrəndik ki, F.Quliyevin başqa bir qardaşı da hüquq-mühafizə orqanlarında vəzifə tutur. Deyilənə görə, idarə rəhbəri məhz həmin qardaşına və başçıya arxayın olduğu üçün heç kəsi saya salmır, ürəyi istədiyi kimi hərəkət edir. Bunun ağrı-acısını isə beyləqanlılar yaşayır. Odur ki, "Azəryolservis" ASC-nin rəhbərliyi idarə rəisinin fəaliyyətini nəzarətə götürməli və onun barəsində zəruri tədbirlər həyata keçirməlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.