Yay "yığımına" başlayan təhsil müəsisələrimiz

8-05-2015, 10:26           
Yay "yığımına" başlayan təhsil müəsisələrimiz
Təhsil naziri Mikayıl Cabbarovun təhsil müəssisələrində Avropa Oyunları adı altında vəsait toplanması barədə yayılan məlumatlara münasibət bildirməsi haqda xəbər vermişdik. Nazir bildirib ki, məktəblərdə, ümumi təhsil müəssisələrində bəhanədən asılı olmayaraq istənilən qeyri-rəsmi pul yığılması hərəkəti qeyri-qanunidir. M.Cabbarovun sözlərinə görə, bəzi hallarda yoxlanmamış informasiyalar sosial şəbəkələrdə tirajlanır:

"Bu cür hallarla bağlı məlumatlar Təhsil Nazirliyində və hüquq-mühafizə orqanlarında ciddi araşdırılır". O qeyri-rəsmi pul yığılması ilə bağlı məlumatları mediadan izlədiyini söyləyib: "Nazirliyin 146 saylı "Qaynar xətt"inə təəssüf ki, heç bir müraciət daxil olmayıb. Amma mediada Xaçmaz rayonunun kəndlərindən birində belə bir halın olması iddia edilirdi. Bu faktla bağlı rayon təhsil şöbəsinin müdiri nazirliyin daxili nəzarət şöbəsinə dəvət olunub və müvafiq araşdırmalar həyata keçirilib. Burada ən böyük məsələ belə halların olmasında vətəndaşlar gizlənməməli və özlərinin üzərinə düşən vətəndaşlıq borcunu yerinə yetirməlidir". Xatırladaq ki, hörmətli nazir ötən il Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransında isə pul yığan direktorlara xəbərdarlıq etmişdi: "Qanun pozuntusuna yol verənlər işdən azad olunmaqla bitməyəcək, həmin şəxslər qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb ediləcək. Məsələn, məktəb həyətlərinin direktorlar tərəfindən mənimsənilməsi hallarına rast gəlinir. Burdan bütün direktorlara tapşırıram ki, işlərini düzgün yerinə yetirsin". İnsafən deməliyik ki, Misir Mərdanov nazir vəzifəsindən kənarlaşdırılandan sonra bu sahədə bir sıra müsbət hadisələr qeydə alınıb. Gənc və perspektivli Mikayıl Cabbarov təhsilimizin modernləşdirilməsi və inkişafı istiqamətində mühüm işlər görür. Təəssüf ki, bəzi kadrlar bu məsələdə ona kömək etmək əvəzinə, qanunsuz işlərə imza atırlar. Nəticədə, təhsil sistemində inkişaf ləng gedir. Bildiyiniz kimi, orta ixtisas təhsili sektoru uzun illərdir ki, bərbad vəziyyətdədir. Yaxın vaxtlara kimi kolleclərdə rüşvət və korrupsiya tüğyan edirdi. Mikayıl Cabbarovun nazir təyin olunması bu kimi halların qarşısını cüzi də olsa aldı. Amma nazir nə qədər çalışsa da, hələlik kolleclərdə durumu normallaşdırmaq mümkün deyil. Köhnə nazirin yadigarı olan bəzi direktorlar aşkar şəkildə korrupsiyaya şərait yaradırlar. Ən qəribəsi isə odur ki, buna görə cəzalandırılmırlar. Cari dərs ili yavaş-yavaş başa çatmaqdadır. Məlum olduğu kimi, Birinci Avropa Oyunları ilə əlaqədar olaraq ali və orta ixtisas təhsili müəssisələrində dərslər, habelə imtahanlar may ayının sonuna kimi başa çatdırılacaq. Buna görə də kolleclərdə imtahan həyəcanına, daha doğrusu pul yığımına indidən start verilib. Biz konkret ad çəkmək istəmirik. Çünki həm Bakıda, həm də regionlarda yerləşən orta ixtisas təhsili ocaqlarının hamısında vəziyyət eynidir. Təhsil Nazirliyinin əməkdaşları kolleclərdə yoxlama aparsalar, bunu müəyyənləşdirə bilərlər. Kolleclərin mütləq əksəriyyətində əvvəlkitək rüşvət ab-havası hökm sürməkdədir. Ayrı-ayrı müəllimlər tərəfindən tələbələrə qarşı edilən açıq və gizli təhdidlərin yeganə məqsədi onları rüşvət verməyə məcbur etməkdir. Bu təhsil müəssisələrinin bir çoxunda analoji vəziyyət hökm sürür. Əldə etdiyimiz məlumatlara görə, direktorlar pul yığımına yaşıl işıq yandırıb. Ötən illərlə müqayisədə builki yay imtahan sessiyasında qiymətlərin nisbətən baha olacağı gözlənilir. Artıq bununla bağlı tələbələrə xəbərdarlıq edilib. Kollec rəhbərləri isə nə qədər gülməli səslənsə də, qiymət artımını manatın devalvasiyası ilə bağlamağa çalışırlar. Yəni onlar əksər sahələrdə bahalaşmanın getdiyini bəhanə gətirərək imtahanların qiymətində düzəliş ediblər. Əlbəttə, bu hal ilk növbədə Təhsil Nazirliyinin rəhbərliyinin, xüsusən də Mikayıl Cabbarovun özünün imicini zərbə altına qoyur. Axı cənab nazir səlahiyyət dairəsinə aid təhsil ocaqlarında yeniliklərin tətbiqi, rüşvətin aradan qaldırılması üçün çalışır və söz verib. Orta ixtisas təhsili ocaqlarında yaşanan rüsvayçılıq isə həyata keçirilən müsbət işləri kölgə altında qoyur. Belə səbəblərə görə təhsilimizin bu sahəsinin mənzərəsi ümumilikdə dəyişməz qalıb. Yenə köhnə ifalar, rüşvət ab-havası öz neqativ təsirini göstərməkdədir. Kolleclərdə fənlər üzrə hər tələbəyə düşən orta ödəniş məbləğinin müəyyənləşdirilməsi prosesinə və yığımına açıq şəkildə başlanıb. Tələbələrin əldə etdiyi biliklərin mənimsənilməsində keyfiyyət göstəriciləri əvvəlki kimi qanunsuz ödənişlərlə müəyyənləşdirilir. Belə addımlar savadlı tələbələri ruhdan salır, nəticədə isə elmə maraq azalır. Onu da qeyd edək ki, istər paytaxtda, istərsə də bölgələrdə fəaliyyət göstərən kolleclərdə əyani və qiyabi şöbələrdə təhsil alan tələbələrin imtahan üçün ödədikləri "rüsum"lar fərqlidir. Qiyabi təhsil alanlar imtahan sessiyası zamanı artıq xərc çəkməli olurlar. Buraxılış kursunda olan tələbələrin işi isə daha ağırdır. Onlar direktorlara 1000 dəfə "təşəkkür" etməklə məzun ola bilsələr, böyük işdir. Yenə deyirik, biz konkret ad çəkmək istəmirik. Bütün kolleclərdə eyni problemlər mövcuddur. Bu mövzuya da ona görə toxunduq ki, Mikayıl Cabbarov təhsil müəssisələrindəki qüsurlar haqda mətbuatdan oxuyur. Və deyir ki, harda nöqsan varsa mənə bildirin. İnanırıq ki, nazir tabeliyində olan şəxsləri kolleclərə səfərbər edəcək və neqativ halların qarşısı alınacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.