Bakı İnzibati Məhkəməsi ƏƏSMN tabeliyindəki qurumların tabeliyindədir? - Qarabağ qazisinin Sosial Xidmətlər Agentliyinə müraciət etmək hüququ yoxmuş

7-04-2022, 16:01           
Bakı İnzibati Məhkəməsi ƏƏSMN tabeliyindəki qurumların tabeliyindədir? -
Sosial xidmətdən imtina edən Sosial Xidmətlər Agentliyinə qarşı iddia mümkünsüzdür?
Prezidentin 30.06.2020 tarixli 1077 saylı “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” fərmanı ilə nazirliyin tabeliyində fəaliyyət göstərən publik hüquqi şəxslərin nizamnamələri doğrulanıb. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sosial xidmət göstərilməsi ilə bağlı hüquq və öhdəlikləri , eləcə də tabeliyindəki sosial xidmət müəssisələri bütün əmlakı ilə birlikdə Fərmanın 4-cü bəndində nəzərdə tutulan Sosial Xidmətlər Agentliyinə keçib. Kaş keçməyəydi , belə demək mümkünsə, Sosial Xidmətlər Agentliyi (SXA) dövlətin və nazirliyin başçısının etimadını doğrultmayıb. Fikrimizcə, SXA yenidən DSMF-in tərkibinə qaytarılmalıdır. Fikrimizi DSMF-in sədri Himalay Məmişovun yüksək peşəkarlığı, intellekti, insanlara, özəlliklə qazi və şəhid ailələrinə diqqətlə yanaşmasına qarşı SXA rəhbərliyinin intriqaları, əlillər barəsində ayrı-seçkilik salmaları ilə əsaslandıra bilərik. Təsəvvür edin, işinin adı sosial xidmət göstərmək olan qurum 1-ci dərəcəli Qarabağ qazisi ailəsinə xidmət göstərilməsindən imtina edir! (?) Bu sətirlərin yazarının ağır astmadan Naxçıvan “Duzdağ” fizioterapiya mərkəzində reabilitasiya müalicəsini təşkil etməkdən imtina edən SXA, bu imtinanı NK-nın 12.08.2002 tarixli qərarı ilə izah edir ki, əlilliyə görə pensiya alan hərbi qulluqçulara xidmət etmək ƏƏSMN -in səlahiyyətləri xaricindədir. Gerçəkdə bu izahın özü “Vətəndaşların müraciətləri haqqında” qanunun 7.10 maddəsinə qarşıdır. Sözügedən maddədə müraciətə baxan subyektlərin və ya onların vəzifəli şəxslərinin müraciətdə irəli sürülən məsələlərin həlli onların səlahiyyətinə aid olmadıqda, müraciəti üç iş günündən gec olmayaraq aidiyyatı üzrə göndərmələri və bu barədə müraciət edənə məlumat vermələri doğrulanıb. SXA nəinki müraciəti səlahiyyətli orqana göndərib, heç hansı quruma müraciət edilməli olmasını da göstərməyib . Pensiyaçısı olduğu DİN rəhbərliyinə müraciətə cavab olaraq isə şəxsi heyətlə iş idarəsi (?) səlahiyyətli qurumun ƏƏSMN olduğunu göstərib, amma qanunvericiliyin tələbinə uyğun olaraq aidiyyatı üzrə göndərməyib. Ali dövlət hakimiyyəti orqanlarından, NK-dan ƏƏSMN -ə , oradan SXA-ya göndərilən müraciətlər də sonuc verməyib və Qarabağ qazisi 14.11.2021-ci ildə Bakı İnzibati Məhkəməsinə “sosial xidmətdən imtinaya görə dəyən maddi-mənəvi ziyanın ödənilməsi və təcili Naxçıvan “Duzdağ” fizioterapiya mərkəzində müalicəsinin təşkil edilməsi” tələbi ilə cavabdehlər ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinə və DİN-ə qarşı iddia ərizəsi verib . Qazilərə qarşı qərəzi icra sənədi olmadan düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini apardığı Qarabağ qazisinin pensiyasının yarısını da yerli məmurların aparmasına haqq qazandırması ilə, qanunu tətbiq etməyə daxili inamının yol verməməsi ilə ortaya qoyan hakim Nəriman Abıyev reabilitasiya müalicəsinin təcili təşkil edilməsi haqqında iddia üzrə mümkünlük iclasını 70 gün sonraya -24.01.2022-ci ilə təyin edib. Nə hakimə etiraza, nə müvəqqəti xarakterli müdafiə tədbiri haqqında ərizələrə baxılıb, nə də yataqda ağır xəstə yatan iddiaçı Qarabağ qazisinə vəkil ayrılması haqqında vəsatətlərə və iclasın videokonfrans əlaqə sistemi vasitəsilə keçirilməsi diləyinə. Beləcə Nəriman Abıyev hər aydan bir mümkünlük iclası təyin edərək süründürməçilik etməklə gerçəkdə Bakı İnzibati Məhkəməsinin ƏƏSMN tabeliyindəki Sosial Xidmətlər Agentliyinin tabeliyində “xidmət”ini ortaya qoyub. Belə bəlli olur ki, Bakı İnzibati Məhkəməsinin başlıca işi aylarla, illərlə sürən süründürməçiliklə iddianı mümkün saymamaqdır.
Ötən gün Nəriman Abıyev , axır ki, “şeytanın qıçını sındırıb”, iddiaçının elektron ünvanına İPM-in 13-cü maddəsinə əsasən “formal xətaların aradan qaldırılması , iddianın dəqiqləşdirilməsi” barədə məktub göndərib və cavabdeh SXA-nın 24.01.2022 tarixli iddiaya etirazını da əlavə edib. Belə bəlli olur ki, hakim öncədən iddianın mümkün sayılmamasına hazırlıq görür. Elə bir il qabaq 02.04.2021-ci ildə Rüstəm Kərimli eyni cavabdehə -ƏƏSMN-ə qarşı iddia üzrə ikillik süründürməçilikdən conra iddianı dəqiqləşdirməyə 19.04.2021-ci ilə kimi vaxt verdi və dəqiqləşdirilmiş iddia məhkəməyə təqdim edildi. Rüstəm Kərimli dəqiqləşdirilmiş iddianı bir qırağa tullayıb, Prezidentin 30.06.2020 tarixli 1077 saylı fərmanını saxtalaşdırıb, adsızlaşdırıb iddianı mümkün saymadı ki, ƏƏSMN -in tabeliyindəki qurumlar ƏƏSMN -ə tabe deyil ! (?) SORUŞAN YOXDUR, İDDİANIN DƏQİQLƏŞDİRİLMƏSİ ÜÇÜN YARDIM ETMƏK HARA, DƏQİQLƏŞDİRİLMİŞ İDDİANI ZİBİL QUTUSUNA ATMAQ HARA? !
Nəriman Abıyev işini bir az da “qanuni” görür, cavabdehin etirazını da təqdim edib . Onu da vurğulayaq ki, hakimin iddianı saxtalaşdırması iddia tələbinin guya “sanatoriya-kurort putyovkası ilə təmin olunma” kimi göstərməsində üzə çıxır. Oysa iddia tələbi “sosial xidmət göstərilməsindən imtinaya görə dəyən maddi-mənəvi ziyanın ödənilməsi və təcili Naxçıvan “Duzdağ” fizioterapiya mərkəzində müalicənin təşkil edilməsi” barədədir. Görün, cavabdeh Sosial Xidmətlər Agentliyi etirazını necə izah edir :” İddiaçının cavabdehə hər hansı bir hüquqi münasibətlərdə olması, həmin münasibətlər zəminində cavabdeh tərəfindən iddiaçının publik hüququnun pozulması və bununla da iddiaçının iddia ərizəsində göstərilmiş tələbi irəli sürmək üçün SUBYEKTİV HÜQUQUNUN YARANMASI üçün qanunvericilikdə nəzərdə tutulmuş HÜQUQİ ƏSAS YOXDUR”. Bu “erməni budaq cümləsi ilə” SXA bir daha 1-ci dərəcəli Qarabağ qazisinə qərəzini , ayrı-seçkiliyi , reabilitasiya hüququna qadağanı ortaya qoyur. Heç demə, Qarabağ qazisinin Sosial Xidmətlər Agentliyinə müraciət etmək hüququ yox imiş. İndi söz özünü ƏƏSMN -in tabeliyindəki qurumlardan da aşağıda sayan Bakı İnzibati Məhkəməsindədir : Qarabağ qazisinin etirazına baxıb işi Sumqayıt İnzibati Məhkəməsinə göndərəcək, yoxsa cavabdeh SXA-nın əndrabadi etirazına uyub iddianı mümkün saymayacaq?
Məğrur Bədəlsoy
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.